Qalmaqallı kərpic zavodunun rəhbəri: “Deyilənlər düz olsaydı, xərçəngdən birinci biz ölərdik”
Suraxanı rayonu ərazisində Xətai və Suraxanı sakinlərinin sağlamlığına ağır zərbə vuran kərpic zavodu ilə bağlı rəsmi qurumlardan reaksiya gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETNS) mətbuat xidmətindən “Yeni Müsavat”a daxil olan məktubda bildirilir ki, Suraxanı rayonu Günəşli qəsəbəsi ərazisində yerləşən “Bakı Tikinti Materialları” ASC-yə məxsus kərpic zavodunun atmosfer havasının çirkləndirməsi ilə bağlı şikayət araşdırılıb.
Araşdırma zamanı kərpic zavodunun qaz-toz tutucu qurğuların istismar qaydalarının ciddi surətdə pozulması səbəbindən atmosfer havasının normadan artıq çirklənməsinə yol verdiyi, tikinti tullantılarının düzgün idarə olunmadığı müəyyən edilib. “Şikayət məktubunda zavodun ətraf ərazilərində tikinti materiallarının satılması, ərazinin qum və daş bazarına çevrilməsi kimi göstərilən məlumatlar da araşdırılıb. Araşdırma zamanı ASC-yə məxsus ərazinin ayrı-ayrı fiziki şəxslərlə bağlanmış müqavilə əsasında tikinti materiallarının pərakəndə satışı üçün icarəyə verildiyi, qum və çınqılın geniş ərazidə səpələnmiş halda açıq havada yerləşdirildiyi, nəticədə küləkli hava şəraitində tozun göyə sovrularaq ətraf ərazilərə yayıldığı qeydə alınıb. Qeyd olunan faktlarla bağlı ASC-nin İdarə Heyətinin sədri Ramiz Həsənovun üzərinə protokol tərtib edilib, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 2500 manat məbləğində cərimə olunub”.
Eyni zamanda qeyd olunur ki, müəssisəyə məxsus ərazinin bir hissəsinin şəhərin müxtəlif yerlərindən gətirilən istehsalat, təmir-tikinti və qismən də məişət tullantıları ilə doldurularaq qeyri qanuni tullantılar poliqonuna çevrildiyi də təsdiqlənib,
təcili tədbirlərin görülməsi üçün Suraxanı və Xətai rayonlarının İcra Hakimiyyətlərinə məktubla müraciət olunub. Zavodun İdarə Heyətinin sədri Ramiz Həsənovla danışıb onun da fikirlərini öyrəndik. Zavod rəhbəri yoxlama və cərimə faktını təsdiqlədi:
- Nazirliyin ekologiya şöbəsindən yenə bizə zəng etmişdilər. Kimsə burda gəzir, şəkil-zad çəkir ki, zavod fəaliyyət göstərir. Zavod bağlanmayıb ki... Əlbəttə ki, fəaliyyət göstərəcək. Mən 32 ildir burda çalışıram. Zavod isə 1952-ci ildən işləyir. 2000-ci ildə isə özəlləşdirilib.
- Zavodun ətraf aləmə və insanların sağlamlığına zərbə vurması ilə bağlı yazılanlara münasibətiniz necədir?
- Zavod 1952-ci ildən fəaliyyət göstəribsə, o, necə standartlardan kənar ola bilər?
- Hər halda avadanlıq köhnəlib və yenilənməli idi. Üstəlik də sakinlər ciddi şikayətçidir.
- Ekologiya Nazirliyindən gəlib yoxlama apardılar. Eyni zamanda özləri ilə laboratoriya gətirmişdilər. Bizim sanitar zonamıza getdilər, ölçdülər, gördülər ki, heç bir problem yoxdur. Bu, kərpic zavoddur, məhsul torpaqdan istehsal olunur. Burada insana zərərli nə ola bilər ki?
- Elə isə Nazirlik sizi niyə cərimələyib?
- Bizim sahə böyük olduğuna görə hər yerdən zibili gətirib bu əraziyə tökürlər. Bu sahələr çox zibillidir deyə, bu məsələ ortaya çıxıb. Bizi də buna görə cərimələyiblər.
- Amma zavodun tüstü borularından çıxan zəhərli tullantını əks etdirən videokadrlar da yayılıb. Bu isə birbaşa zavodun fəaliyyətinə aiddir...
- Bizim texnologiyamız elə deyil axı. Bizdə fırlanan soba var. O işləyən zaman o elə də böyük toz əmələ gətirmir, heç beş addım kənara da tökülmür. Burda əhəng, ya asfalt zavodu kimi vəziyyət yoxdur. Bizim ərazidə qum-çınqıl, daş bazarı var idi, nazirlikdən gələndən sonra onu ordan ləğv etdik. Əsas toz-torpaq da həmin ərazidən qalxırdı. Ayın 1-dən ora tamamilə bağlanıb, çünki tozun mənbəyi oradır. Ora bizim boş ərazimiz idi. Mən torpağıma görə vergi verirəmsə, oranı boş saxlamamalıyam, kiməsə icarəyə verməliyəm. Ancaq o ərazidəki fəaliyyəti dayandırdıq.
- Deməli, zavod işləyəcək?
- Təbii ki, işləməlidir.
- Hər halda 61 il əvvəl bu zavod tikiləndə o ərazidə yaşayış olmayıb. Amma bu gün siz on minlərlə sakinin başına toz-torpaq ələyirsiniz...
- Bəli, o vaxt burda heç bir tikinti yox idi. Amma biz heç kimin başına torpaq ələmirik. Mətbuat təbii ki, gördüyünü yazmalıdır. Zavodla bağlı da müəyyən tədbirlər görüləcək. Hər halda biz də fəaliyyət göstərməliyik. Burda azı 500-600 nəfər işləyir.
- Amma on minlərlə adamın sağlamlığı məsələsi də var. Dünyada təsdiqlənib ki, xərçəng xəstəliyinin mənbəyi toz-torpaqlı havadır...
- Vallah bu sözü mən çox eşidirəm. Ona qalsa, indi hər yer tozdur. AXC hakimiyyəti zamanı buranın icra başçısı Darvin idi, gəlib dedi ki, bura xəstəlik mənbəyidir. Onda da mən cavan idim. İndi də o sözü siz deyirsiniz. Mən azı günün 10 saatını burda oluram, gərək mən də, işçilərim də hamısı xərçəng olaydı. Amma burda hələ xərçəngdən ölən olmayıb. Deyilənlər düz olsaydı, elə birinci biz ölərdik...
ELŞAD






