İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmağa yeri olmadığı üçün öz ayağı ilə polisə gedən Axundovun işi - 11-ci məhkuluğudur

1810 27.06.2018 22:50 Kriminal A A

Daha əvvəllər də 10 dəfə həbsxana görmüş şəxs 11-ci dəfə könüllü şəkildə polisə gedib. O, qalmağa yeri olmadığı üçün həbs edilmək istəyib. Bu məqsədlə də polis bölməsinə gedib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cianyətlər Məhkəməsində narkotik vasitənin istifadəsində və satışında təqsirləndirilən Ağakərim Axundovun cinayət işi üzrə məhkəmə iclası keçirilir.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs və hal şahidi ifadə verib.

60 yaşlı Ağakərim Axundov bundan öncə 10 dəfə məhkumluq həyatı yaşayıb, bu da 11-ci dustaqlığıdır. Etiraf edir ki, narkotik istifadəçisidir. Amma onu narkotik satışında suçlayaraq həbs ediblər. İddia olunur ki, cibindən bir neçə bükümdə narkotik çıxıb.

“Qalmağa yerim, yeməyə çörəyim yox idi. Tüfeyli kimi küçələrdə qalırdım. Həmin vaxt da qış idi, donurdum. Ona görə öz ayağımla polis bölməsinə getdim ki, məni tutun, gedim, yaşamağa bir yer olsun...”- deyə narkotik ittihamıyla məhkəmə önünə çıxarılan Ağakərim Axundovun söyləyir.

Ağakərim Axundov narkotik satışıyla məşğul olması barədə ittihamı qəbul etmir.

Deyir ki, özü Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə özü gedib.

Onun sözlərinə görə, polis bölməsinə gedəndə də üzərində narkotik vasitə olmayıb: “Qış idi. Havalar soyuq, qalmağa da yer yox... Gördüm başqa əlacım yoxdur, gedib dedim ki, narkotik istifadəçisiyəm, buna görə tutun məni. Dedilər ki, gözlə. Mən də oturub gözlədim. Bir az keçəndən sonra gətirib narkotiki qoydular, bəzi sənədlərə qol çəkdirdilər. Sonradan bilmişəm ki, 234-ün 4.3-ü ilə veriblər. Yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə. Mən özümü bununla təqsirli bilmirəm”.

Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədiylə narkotik vasitə əldə etmə, saxlama, daşıma) maddəsində 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məhkəmə şahid qismində Nadir Heydərov ifadə verib.

Ancaq hal şahidi kimi dindirilən Nadir Heydərov təqsirləndirilən şəxsin dedikırinin əksini deyir.

N.Heydərov deyir ki, A.Axundovun şalvarının cibindən üç kiçik bükümdə narkotik çıxdığını görüb: “Mən gündəlik fəhləliklə məşğul oluram. Səhər saat 6-da evdən çıxıram, nə iş olur olsun, görüb, çörəkpulu qazanıram. Həmin gün iş yox idi. Bibimgilə gedirdim, səhər saat 10-da bölmənin qarşısından keçəndə polislər məni çağırdılar, hal şahidliyi etməyi təklif elədilər. Mən də razılaşdım. Bölmədə üstünə baxış keçiriləndə arxa cibindən 3 büküm narkotik çıxdı. Protokollaşdırdılar, mən də çıxıb getdim”.

Hal şahidinin dediyinə görə, A.Axundov həmin vaxt narkotik maddənin təsiri altında olan adam kimi davranırdı.

Hakim hal şahidindən daha əvvəl narkotik istifadə edən şəxs görüb-görmədiyini soruşub: “Mənim özüm heç vaxt narkotikdən istifadə etməmişəm. Edən adam da görməmişəm. Sadəcə onun danışığından elə hiss edirdim”.

Təqsirləndirilən həmin gün narkotik qəbul etdiyini təsdiqləsə də, cibindən bükümlər çıxması haqda deyilənlərlə razılaşmayıb.

A.Axundov iddia edib ki, bu adam polislərdən pul alıb şahidlik edir: “Mənim yanımda rəis buna da, o biri hal şahidinə də pul paylayırdı. Səhv eləmirəmsə, hərəsinə 20 manat verdi. Elə mənə də pul verdi”.

Hakim hal şahidi Heydər Nadirovdan bu işə qədər nə vaxtsa hal şahidi olub-olmadığını da soruşub. H.Nadirov ilk dəfədir hal şahidliyi etdiyini söyləyib.

Məhkəmədəki dindirmələr zamanı ortaya çıxıb ki, elə təqsirləndirilən şəxs Ağakərim Axundovun özü də başqa işlərdə hal şahidliyi edibmiş.

Məhkəmə prosesi davam edir.

Qeyd edək ki, Ağakərim Axundova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham irəli sürülüb. Amma A.Axundov özünü 234.1-ci (istifadə məqsədi ilə narkotik vasitə əldə etmə) maddəsi ilə təqsirli bilir.

İlkin Muradov,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR