İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazın ən böyük kolbasa şirkətində bir gün - FOTO/VİDEO

Əməkdaşlarımız "Səhliyalı" müəssisəsində kəsim prosesindən tutmuş, məhsulların hazırlanmasına, saxlanmasına qədər bütün prosesləri izlədilər; şəffaf və sağlam qida...

Sosial şəbəkələrdə ara-sıra kolbasaların tərkibinə karton vurulması, içərisindən digər bu kimi maddələrin çıxması barəsində statuslar yazılır. Çox zaman bu statusları bəzi saytlar dəqiqləşdirmədən xəbərə çevirirlər və nəticədə bir nəfərin iddiası geniş auditoriyaya yayılır. Qafqazın ən böyük kolbasa-sosis istehsalçısı olan “Səhliyalı” müəssisəsində bəzi saytlar tərəfindən adı tez-tez hallanan şirkətlər sırasındadır. Bəs əslində şirkətdə vəziyyət necədir? “Səhliyalı” müəssisəsi haqqında indiyə qədər yazılanlar nə qədər həqiqətə uyğundur?

Bütün bu kimi suallara cavab tapmaq üçün “Yeni Müsavat”ın reportyorları olaraq, “Səhliyalı” müəssisəsinə yollandıq. Şirkətdə məhsulun hazırlanma prosesi, ət kəsimi, ətlərin saxlanma qaydası, kolbasa və sosislərin istehsalı, bir sözlə, bütün işlə yaxından tanış olduq.

“Səhliyalı” müəssisəsinin istehsal gücü və istehsala nəzarət

“Səhliyalı” firması “1000 bərəkət, halal nemət” ticarət nişanı altında 2009-cu ildən bəri fəaliyyətdədir. Şirkət gün ərzində tələbata uyğun olaraq orta hesabla 5 tona qədər kolbasa istehsal edir və bu məhsullar şəhərin bütün marketlərinə, həmçinin bölgələrə də paylanılır. Məhsulların mağazalara paylanma işi isə ekspeditorların üzərinə düşür. “Səhliyalı” şirkətinə gəlincə isə şirkət 1996-cı ildən fəaliyyət göstərir. Həmin ildən etibarən kolbasa istehsalına başlayıb və uğurla da davam edir. Müəssisənin öz yardımçı təsərrüfatı da var. 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkənin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Orada saxlanılan heyvanların həm südündən istifadə edilir, həm də şirkət ət tədarükünü bu heyvanlar vasitəsilə təmin edir. Həmçinin digər bölgələrdən, qonşu ölkələrdən belə diri heyvanlar gətirilir.

Şirkətdə olduğumuz zaman öyrəndik ki, Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra istifadə edilən ətin keyfiyyətinə nəzarət ikiqat artıb. Belə ki,  canlı heyvanı ilk olaraq Qida Təhlükəsizliyi Agentliyinin şirkətdə çalışan baytar həkimi qəbul edərək, sağlamlığına baxış keçirir. Bu mərhələdən keçən heyvanın kəsildikdən sonra əti təkrarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır. Yalnız bundan sonra şirkətin öz laboratoriyasına aparılır.

Biz də şirkətlə tanışlığımıza 3 saylı Qida təhlükəsizliyinə nəzarət məntəqəsinin baytar həkimi Murad Nuriyevlə birlikdə inəklərin saxlandığı yerdən başladıq. Baytar həkim məlumat verdi ki, kəsilmə vaxtını gözləyən heyvanlar burada daimi nəzarətdə saxlanılır:

“Diri heyvanların qəbulu giriş qapısından başlayır. Platformada iribuynuzlu heyvanları qəbul edirik. Gətirilən heyvanlar ilk növbədə kliniki baxışdan keçirilir, termometriya olunur. Yəni gətirilən heyvan stresdən azad olmalıdır. Əgər xarici kliniki baxışda heyvanın qüsuru varsa, bu qüsurlar aradan qaldırılır. Bundan sonra onlar kəsimə hazırlanır. Kəsimə gələn heyvanlar 24 saat ac saxlanılır. Tam stresdən azad olduqdan sonra seçilərək, kəsimə göndərilir. Stresdən azad olan heyvanda qansızlaşma asan olur. Onu da deyim ki, qəbul etdiyimiz heyvanlar qəbul kitabında qeyd edilir. Onlar kəsildikdən sonra isə laborator müayinələrdən keçirilir və istehsala buraxılır. Gələn heyvanlar haqqında peyvəndlənmə məlumatları da qeyd olunur. Hər bir gələn heyvanın daxili orqanlarından nümunələr götürüb, qeydiyyatını apararaq saxlayırıq. Əgər sonradan vətəndaş və ya kimsə hansısa şikayət edərsə, sübut üçün bu nümunələrdən istifadə etmək olar”.

İçəri keçmək istəyən əllərini dezinfeksiya etməsə, turniket açılmır...

Daha sonra şirkətin kəsim sexinə yollandıq. Kəsim sexinə xüsusi geyim, baş örtüyü, əlcək, baxıl geyinmədən kimsə buraxılmır. Eyni zamanda qapıda xüsusi turniket quraşdırılıb ki, bu turniket birbaşa dezinfeksiya aparatı ilə əlaqəlidir. İçəri keçmək istəyən əllərini dezinfeksiya etməsə, turniket açılmır.  Biz də bu prosesi keçdikdən sonra içəri daxil olduq. Ümumiyyətlə, öncədən onu da qeyd edək ki, “Səhliyalı” şirkətində olduğumuz bir neçə saat müddətində təmizliyə çox ciddi nəzarət və əməl olunduğuna şahidlik etdik. Kəsim sexi haqqında bizə məlumat verən müəssisənin direktor müavini Rəfael Məmmədov bildirdi ki, burada döşəmə Avropa istehsalı olan xüsusi materialdan hazırlanıb: “Gördüyünüz bu döşəmə antibakteriolojidir. Divarlar və tavan xüsusi materialdandır. Bu ona görə belədir ki, heç bir mikrob, bakteriya hansısa küncdə, dəlikdə ilişib qalmasın. Biz bu zavodu başdan-ayağa tam müasir standartlara uyğun gələn Almaniya texnologiyası ilə qurmuşuq”.

Baytar həkimlər məlumat verdilər ki, kəsim sexində heyvanın ətindən bağırsağına kimi hər şey istifadə olunur.  Şirkətin baytar həkimi Aydın Hüseynov bildirdi ki, heyvanlar kəsildikdən sonra içalatları da laboratoriya şəraitdə analiz edilir, sonra satılır:

“Ümumiyyətlə, burada heyvanlar həm kəsimdən əvvəl, həm də sonra olmaqla iki dəfə müayinə edilir. Burada bütün aktiv sahələr hər gün dezinfeksiya olunur. Digər sahələr isə plan əsasında dezinfeksiya edilir.   Kəsim  sexində heyvanlar üzü qibləyə, islam qaydalarına uyğun formada kəsilir, soyulur, baytar həkimlər tərəfindən yoxlanılması ilə bağlı möhürlənir, hissələrə ayrılır və istehsala verilir. Eyni zamanda ət nömrələnir ki, sona qədər prosesi izləmək mümkün olsun. Belə deyək ki, heyvanın qəbul olunmasından, kolbasa halında mağazalara çıxarılmasına qədər hər bir şey nəzarətimiz altındadır”.

Kolbasa nə üçün ət qiymətinə və ya daha ucuzdur?

İnsanlar arasında belə bir fikir var ki, ət 9 manat olduğu halda kolbasa necə 8-9 manata satılır. Şirkətin istehsalat direktoru Rəhim Sultanov bu məsələyə aşağıdakı kimi aydınlıq gətirdi:

“Əvvəla, burada kəsilən inəkdir, dana deyil. İnək ətinin qiyməti isə 5 manatdır. Doğrudur, istehsalımızda dana ətindən də istifadə olunur. Ancaq həmin kolbasaların üzərinə ”dana əti" ifadəsi yazılır. Təbii ki, onların qiymətləri inək əti ilə hazırlanan kolbasadan bahadır. Biz hər zaman potensial alıcılarımıza izah edirik ki, hansı səbəbdən kolbasanın qiyməti bazarda satılan dana ətinin qiymətindən ucuzdur. Eləcə də təbii ki, kolbasaya digər qatqılar da əlavə olunur. Qatqı dedikdə bura yumurta, kərə yağı, ədviyyatlar, süd, kraxmal aiddir. Dünyada da kolbasa istehsalında əsasən inək ətindən istifadə olunur. Kolbasanın çeşidinə görə tərkibinin təxminən 70-90 faizi ətdir".

Kəsim sexində olan zaman onu da öyrəndik ki, Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə fevralın 1-dən martın sonuna qədər əhalinin heyvanları üçün təmənnasız kəsim həyata keçiriləcək. Novruz bayramı münasibətilə təşkil edilən bu prosesdə hər kəs iştirak edib, tam təmiz, təmənnasız, yuxarıda qeyd etdiyimiz proseduralardan keçərək, heyvanını kəsdirə bilər.

“Səhliyalı” müəssisəsinin laboratoriyası

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ətləri yoxladıqdan sonra, şirkət ətləri öz laboratoriyasında təkrarən müayinə edir. Şirkətin laboratoriyası bütün müasir avadanlıqlarla təchiz edilib. Laboratoriya müdiri İlahə Süleymanova bildirdi ki, ətlər kəsiləndən sonra  onların limfa düyünlərindən nümunə götürülür:

“Bundan sonra da 4-cü, 5-ci fəqərədən ət parçaları götürüb, yoxlayırıq. Ətlər üzərində bakterioloji müayinə də aparırıq. Bütün göstəricilər bizim normalara uyğun olduqdan sonra istifadəyə icazə veririk. Əgər hansısa xəstəlik aşkar olunursa, həmin ət sobada bişirilir, sonra basdırılır. Yəni biz təbiətə heç bir bakteriyalı məhsul atmırı”.

“Bura gəmiricilərin daxil olması mümkün deyil”

Daha sonra Rəfael Məmmədovla istehsal prosesinə baxdıq. Onu da qeyd edək ki, R. Məmmədov şirkətin həm də istehsalat rəisidir. Öyrəndik ki, istehsal sahəsində çalışanlar hər gün səhər yoxlanılır. Onlar içəriyə telefon və ya digər əşyalar keçirə bilmirlər. Həmçinin içəriyə daxil olan və içəridən çıxan hər bir kəsin əlləri, ayaqları dezinfeksiya olunur. Bu prosesdən keçməsən, turniket açılmır və içəridəsənsə çölə çıxa, çöldəsənsə içəriyə daxil ola bilmirsən. R. Məmmədov bildirdi ki, “Səhliyalı” müəssisəsi artıq holdinq kimi fəaliyyət göstərir:

“Yəni burada 4 müxtəlif sex fəaliyyətdədir. Bunlardan biri kəsim və yarımfabrikatlar sexidir. Burada iri və xırda buynuzlu mal-qaraların kəsimi baş verir. Eyni zamanda çiy və bişmiş dönər istehsal edilir. Müəssisəmizdə iki kolbasa sexi var. Onların  istehsal yerlərindən tutmuş sexləri, cihazları, qablaşdırması, hətta giriş-çıxış qapısı belə ayrıdır. Bu müəssisələrin birində istehsal qaydalara uyğun, halal məhsul dediyimiz kolbasalar, digərində isə köhnə standartlara uyğun donuz əti ilə qarışığı olan kolbasalar istehsal edilir. 4-cü zavodda isə süd məhsulları istehsal edilir. Ona görə də biz artıq holdinq kimi fəaliyyət göstəririk. Həmçinin bizim bir çox köməkçi sahələrimiz də var ki, orada etiket, qablaşma məmulatları istehsal olunur. Bir məsələyə də toxunum. Kimlərsə bizim haqqımızda bilmədən, düşünmədən nə gəldi danışır, yazır. Zavodda bütün dezinfeksiya prosesləri yüksək səviyyədə həyata keçirilir. Bununla bağlı 6 ildən çoxdur ki, müvafiq standart da almışıq. Eyni zamanda zavodda dezinseksiya prosesi də aparılır. Yəni uçan, yeriyən həşəratların zavod ərazisinə daxil olmasına imkan verilmir. Bununla bağlı bizim müvafiq idarələrlə xüsusi müqavilələrimiz var ki, onlar gəlib işlərini görürlər. Perimetr boyu 18 ədəd xüsusi yerlərə zəhərlər qoymuşuq. Bu da gəmiricilərin qarşısını almaq üçündür. Həmçinin kanalizasiya sistemlərindən, borulardan keçmək istəyən gəmiricilərin qarşısını almaq üçün də xüsusi torlardan istifadə edirik. Ona görə də kimsə bilmədiyini danışmasın”.

R.Məmmədov bildirdi ki, bişmiş və hisə verilmiş kolbasaların hər biri ayrı-ayrılıqda 72 dərəcə temperaturda bişirilir:

“72 dərəcədə artıq bütün bakteriyalar məhv olur. Ona görə də insanlar bizim kolbasaları asanlıqla isitmədən, bişirmədən yeyə bilərlər. Eyni zamanda bu, sosislərimiz üçün də keçərlidir. Onu da deyim ki, biz ”Banuçiçək" brendi altında uşaq kolbasa və sosisləri istehsal edirik. Bu məhsulların tərkibində duz və digər maddələr 50 faiz az olur".

“Səhliyalı” müəssisəsində olduğumuz zaman İran vətəndaşlarının gəlib zavoddan ət almaq istədiklərini gördük. Bildirildi ki, İslam qaydalarına uyğun, halal nemət istehsal olunduğu üçün İranda şirkətin məhsullarının xeyli alıcısı var.

İstehsal sahəsində deyilənləri gözlərimizlə gördük. Müşahidə etdik ki, ət məhsullarına vurulan ədviyyatlar, kərə yağları xüsusi yerdə saxlanılır. İstehsal prosesində istifadə olunan bütün avadanlıqlar xüsusi aparatlarda dezinfeksiya edilərək yuyulur.

Rəfael Məmmədov bizi əvvəldən axıra qədər olan istehsal prosesi ilə tanış etdikdən sonra zavodun ərazisindəki bir neçə texniki qurğu haqda da danışdı. O, zavod ərazisindəki çirkli suları filtirizasiya etmək üçün tikilən qurğunu göstərib bildirdi ki, tullantı suları buradan keçdikdən sonra ümumi kanalizasiya xəttinə axıdılır. Qurğunun tikintisinə 150 min dollar xərclədiklərini söylədi.

Sonda onu da qeyd edək ki, şirkətdə 600-dən çox  əməkdaş çalışır və onların rahat işləməsi, istirahəti, qidalanması üçün hər bir şərait yaradılıb. Müəssisə daxilində bir neçə yeməkxana mövcuddur. Burada eyni anda 100-ə yaxın işçi yemək yeyə bilir.

Əli RAİS,
Musavat.com
Foto, Video: Elçin ƏKBƏROV

 

Şərh yoxdur