İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazda sülh və sabitliyin olmaması hansı güclərin marağındadır - ilginc açıqlama

968 05.10.2021 10:40 Ölkə A A

 

 

 

 

 

Ermənistanın xülyalardan, sarsaq iddialardan əl götürüb Azərbaycanla sülh sazişi bağlaması öncə ona, sonra bölgəyə gözəl perspektiv vəd edir. Lakin bu işin alınması üçün dönən çarxa hər dövlət bir çomaq soxur.

 

Bölgədə daimi sülhün olmasında Türkiyənin marağı və rolu çoxdur. Rusiya da ənənəvi qızışdırıcı mövqedən imtina edib. Putinin tutduğu xətt budur ki, Azərbaycan öz torpaqlarını qaytarsın, bunu Rusiya prezidenti 44 günlük müharibə zamanı açıq söyləmişdi. O, bu xəttə hələ də sadiqdir. Pakistan, İsrail də Azərbaycanın işğaldakı torpaqlarını azad etməsinə artıqlamasıyla və gözlədiyimizdən çox dəstək verdi, hazırda da bu dəstəyi verməkdədir. Nə qədər qəribə səslənsə də, bölgədə sülhün olmasını istəməyən bir sıra Avropa ölkələri və İrandır. Hər halda, Fransanın, İranın, bəzi Avropa Birliyi ölkələrinin bəyanatları, davranışları, işğalçı Ermənistana yanaşmaları bunu deməyə əsas verir.

Bəs bu siyasətin arxasındakı maraq nədir? Türk-müsəlman dövləti olan Azərbaycanın böyüməsini, inkişafını istəmirlər? Bölgənin açar dövləti olan Azərbaycan Qarabağ məsələsini birdəfəlik həll etdikdən sonra sürətlə böyüyəcək - həm iqtisadi-siyasi, həm də ərazi baxımdan. Qarabağ bir düyün idi, o düyün çözüldükdən sonra başqa ərazilərimizin də geri qaytarılması bizim üçün prioritet olacaq. Bu da əksər güclərin marağında deyil...

Elxan Şahinoğlu: “Paşinyanın Sərkisyandan elə bir fərqi yoxdur”

Elxan Şahinoğlu: “İki qüvvə var, biri...”

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə sualımıza ümumi şəkildə belə cavab verdi: “Bir sıra ölkələr öz gücünü görmək üçün zəif tərəf müqabili görmək istəyirlər. Zəifi idarə etmək çox asandır. Böyük imperiyaların parçalamaq siyasəti bu gün də dayanmır. Yeganə alternativ yol əməkdaşlıq sistemidir. Bu əməkdaşlıq da hamının maraqlarını əhatə etməlidir. Azərbaycan çalışır ki, əməkdaşlıq nəticəsində nələrsə əldə etsin. Müsbət nəticələrin qazanılmasına çalışırıq. Artıq köhnə imperiya təfəkkürünün zamanı bitib. Eyni hüquqla yaşamaq zamanıdır. Dünya bu istiqamətdə inkişaf edəcəkdir. Böyük güclərin savaşı heç kəsə, hətta onların özlərinə belə xeyir verməyib. Onun üçün əməkdaşlıq dünyası, hüququn aliliyi hər yerdə aparıcı bir sistemə çevrilməlidir. İnsanların gələcəyi bunun üzərində qurulmalıdır. Müsbət nəticələr də bu yollarla əldə olunacaq. Müharibələrdən keçən yollar sonunda məhvə gətirib çıxarır. Çalışmalıyıq ki, bizim bölgə tamam fərqli bölgəyə çevrilsin”.

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə: “Köhnə imperiya təfəkkürünün zamanı bitib”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məsələyə belə mövqe sərgilədi: “Azərbaycan bölgədə sülhə, sabitliyə və əməkdaşlığa çalışır. Bizim heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur. Qarabağ problemi var idi, torpaqlarımız işğal altında idi, Ermənistan işğaldan vaz keçmirdi. Biz də sonda məcbur qalıb müharibə etdik. Onlara da anlatdıq ki, müharibə bitib, Azərbaycanın ərazi bütövlüyünü tanıyın. Əslində qarışıqlı sülh Ermənistanın da maraqlarına cavab verir. Türkiyə, Gürcüstan kimi ölkələr bölgədə sülh və sabitlikdə, əməkdaşlıqda maraqlıdırlar. Amma sizin də doğru qeyd etdiyiniz kimi, barışda maraqlı olmayan, Azərbaycanın böyüməsinin əleyhinə olan dövlətlər də var. Rusiya, İran və Fransa kimi ölkələrdə belə siyasi mərkəzlərin olduğunu qeyd edə bilərik. Fransa ona görə maraqlı deyil ki, Türkiyənin Cənubi Qafqazda gücü artır, Türkiyə-Azərbaycan ittifaqı güclənir. Buna Fransa təsir edə bilməz. Təəssüflər olsun ki, İranda da belə qüvvələr var. Düşünürlər ki, Azərbaycanın güclənməsi İrana zərər verə bilər. Halbuki Azərbaycanın İrana qarşı heç bir iddiası yoxdur. Çox təəssüf ki, bəzən bizim daxili işimizə qarışırlar. Niyə İsraillə əməkdaşlıq edirsiz? Pakistanla birgə təlimlər keçirirsiz? Bunlar bizim daxili işlərimizdir. Biz İranın daxili işlərinə qarışmadığımız kimi onlar da gərək bizim daxili işlərimizə qarışmasınlar. Biz görürük ki, İran Qarabağa yüklər daşıyır, sərhəddə təlimlər keçirir, bizə hədə-qorxu gəlməyə çalışır. Bu da qonşuluq münasibətlərimizə uyğun deyil. Amerikada güclü erməni lobbisi var. İki qüvvə var, bir qüvvə sülhdə, sabitlikdə, Ermənistanın Azərbaycanla barışmasında maraqlıdır, digər qütb  isə tam əksini istəyir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR