İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazda dəngələri Azərbaycan qurur – ABŞ və Fransanın səhvi...

2669 29.02.2024 18:13 Siyasət A A

Ermənilər tarix boyunca Qafqaz üçün bir bəla olublar. Bu coğrafiyada bütün gərginliklər, çaxnaşmalar onların iştirakı və vasitəçiliyi ilə həyata keçirilib. 19-cu əsrdə də belə olub, 20-ci əsrdə də, nəhayət 21-ci əsrdə də murdar milli ənənələrini davam etdirirlər...

Vətən müharibəsindən sonra onlara müəyyən güzəşt tanıdıq, Qarabağda yaşayacaq ermənilərə vətəndaşlıq təklif etdik, humanizm göstərdik. Ancaq separatçı rejim azca özünə gələn kimi şərtlərlə danışmağa başladı, təxribatlar dayanmadı, Azərbaycan qanunları altında yaşamağı qəbul etmək istəmədilər. Bunlar onunla nəticələndi ki, 2023-cü ilin sentyabrında Azərbaycan lokal antiterror tədbirləri ilə separatizmə son qoydu, ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi.
Ermənistan bundan sonra da reallıqları dərk etmək istəmir, özünü ora-bura vurur və hesab edirlər ki, anormal davranışlarla nələrəsə nail ola biləcəklər.
Anormal davranışlar nədən ibarətdir: Sirr deyil ki, tarix boyunca erməni toplumu, mövcud olduğu dönəmdə isə Ermənistan dövləti Rusiyanın forpostu olub. O da sirr deyil ki, SSRİ dağılan ərəfədə Qarabağda ermənilərin əli ilə separatizm ocağını kim yaradıb.

Qarabağ işğalda olduğu vaxtlarda Ermənistana Rusiyadan hansı hərbi və maddi yardımlar gəldiyi də bütün dünyaya bəllidir.
Əlbəttə, bütün bu şərtlər daxilində Azərbaycanın Qarabağı işğaldan azad etməsi dövlətimizin rəhbərinin apardığı uğurlu xarici siyasət, qüdrətli ordu quruculuğunun nəticəsidir. Biz ədaləti özümüz bərpa etmişik və bu işdə qardaş Türkiyə də daim arxamızda olub.

Qarabağı azadlığından, suverenliyimizin bərpasından sonra nəinki Cənubi Qafqazda, bütövlükdə Qafqazda, regionda yeni reallıqlar yaranıb.
Şübhəsiz, bu reallıqlar çərçivəsində diplomatik masada savaş davam edir və edəcək, sonunda qalib yenə Azərbaycan olacaq.
Bəllidir, Azərbaycan post-müharibə dövründə var gücü ilə çalışıb ki, Ermənistanla sülh müqaviləsi imzalansın, bütün diqqət regionun inkişafına yönəlsin. Ancaq fakt bundan ibarətdir ki, Ermənistan “ermənizm xəstəliyi”ndən qurtula bilmir və milli mənfur ənənələrinə sadiqliyini nümayiş etdirir.

4-cü ildir ki, Ermənistan sülh sazişindən yayınır, bunun üçün hər vasitəyə əl atır. Ermənilərə belə gəlir, yaxud onları Qərbdə, Avropada kimsə inandırıb ki, Qarabağın işğaldan azad edilməsinə, ədalətin bərpasına imkan verdiyinə görə Rusiyadan tamam üz döndərməlidirlər. Ermənistan KTMT-dən getsə, rus sərhədçiləri Ermənistandan qovsalar nə olacaq? Rusiyaya kəllə atsa nə əldə edəcək? Guya belə olanda Fransa, Qərb Ermənistan vasitəsilə bölgəyə gələcək, Rusiya regiondan tam sıxışdırılıb çıxarılmış olacaq, beləliklə Azərbaycanı qarşıdakı mərhələdə çətinliyə salmış olacaqlar. Bu məqsəd üçün də sülh imzalanmasına imkan vermirlər, əksinə, Ermənistanı inandırmaq üçün onu silahlandırırlar da...

Gözdən pərdə asmaq üçün sülh müzakirələrinə formal olaraq qatılırlar, ancaq heç bir halda onlar saziş imzalamayaq fikrində deyillər. Çünki hazırda başqa havadadırlar.
Qısaca desək, ABŞ və Fransa Ermənistan vasitəsilə Cənubi Qafqaza nüfuz edib, ermənilər vasitəsilə burada öz istədikləri konfiqurasiyanı qurmaq işinə girişiblər. Düzdür, bununla müəyyən gərginliklər, çətinliklər yarada bilərlər, ancaq heç bir halda dövlətçiliyi laxlamış, hər hansı bir nüfuzu, imkanları olan Ermənistan üzərindən Cənubi Qafqazı şəkilləndirmək mümkün deyil. Cəmi iki səbəbdən:

Birincisi, Azərbaycan artıq 30, 50, 100, 200 il öncəki Azərbaycan deyil. Bu gün nəinki Cənubi Qafqazda, bütövlükdə Qafqazda dəngələri Qalib Azərbaycan qurur, formalaşdırır. Onun iştirakı, İMZAsı olmadan hansısa bir konfiqurasiya qurmaq mümkün deyil. Və qaliblər sorğulanmır, bu aksiomdur! Bunu ağlı olan hər kəs dərk edir. Əlbəttə, Fransa və ABŞ-da da ağıllı adamlar var. Bu ölkələr heç də sadəlövh deyil. Sadəcə, Rusiya ilə Cənubi Qafqazda yeni bir cəbhə açmaq, Azərbaycanı bu prosesə qatmaq, Ermənistanı gücləndirmək cəhdləri edirlər. Bununla həm də Azərbaycanın dözümünü, iradəsini yoxlayırlar.
Bu baxımdan Prezident İlham Əliyevin 28 fevralda alman iş adamlarını qəbul edərkən verdiyi mesaj və bəyanatlar ABŞ və Fransaya mənasız cəhdləri dayandırmaq üçün ciddi siqnal kimi başa düşülməlidir.

1636103023_1419015-1.jpg (114 KB)

“Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir” – deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır: “Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük...”
Azərbaycana qarşı kampaniyalara toxunan Prezident bəyan edib: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük... Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik... 30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.

Kifayət qədər səmimi açıqlama, aydın çağırış, bəyanat və açıq siyasətdir. Bəli, Rusiya artıq reallıqları qəbul edir və Azərbaycanla hesablaşır. ABŞ və Fransa isə regionda bərabər hüquqlarla, imkanlarla yalnız Azərbaycanı lider, prioritet ölkə seçərək ola bilərlər. Ermənistan üzərindən hansısa oyunbazlıqlara Azərbaycan təbii ki, boyun əyən deyil. Bunu son 4 ilin siyasəti sübut edib.

İkinci səbəb: Rusiya Qərbin sanksiyaları altında olsa da, ondan hər nə qədər xoşumuz gəlməsə də, hələ “ölməyib”, dağılmayıb ki, Ermənistan asanlıqla onun boyunduruğundan çıxsın, Qərbin qucağında oturub, RF-a qarşı Cənubi Qafqazda ikinci cəbhə açsın. Rusiya hələlik Ermənistana yazığı gəldiyi, forpostu kimi yanaşdığı üçün konkret və sərt addımlar atmır. Həm də Rusiya da bilir ki, Qafqazda dəngələri Azərbaycan müəyyən edir, Ermənistanın hoqqaları nəticəsiz olacaq. Ancaq hansısa bir məqamda Paşinyan, Ermənistan qırmızı xətləri keçsə, Rusiya dərhal onun başını əzəcək.

Göründüyü kimi, bütün hallarda Ermənistanın hazırda küyə düşüb həyata keçirdiyi siyasət onun məhvi ilə nəticələnəcək. ABŞ, Fransa bunu istəyirsə, erməni toplumunun daha bədbəxtliyini arzulayırsa, davam etsin. Ancaq bu halda onlar özləri də arzusuna çata bilməyəcək.

Bəli, yeganə yol regionun lider dövləti Azərbaycanla məhz onun yaratdığı reallıqlar üzərindən əməkdaşlıq etməkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR