İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qadının həbsdən çıxan ərinə deyəcəyik…”- qızıl alverçisini görüşdüyü qadınla şantaj ediblər

2455 08.05.2017 20:40 Kriminal A A

MTN generalı olmuş Elçin Quliyev və onun müavinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, müavini polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qızıl alverçisi Maqsud Mahmudov ifadə verib.

Zərərçəkmiş ifadəsində bildirib ki, 2015-ci ilin iyununda MTN zabiti Azər Mehdiyev ona zəng vuraraq nazirliyə çağırıb:

“Nazirlikdə məni Azər Mehdiyev qəbul etdi. Məni terrorçu adlandırdı. 10 gündür telefon zənglərimi və mesajlarımı izlədiklərini dedi. Dedi ki, mütəmadi olaraq Ukraynaya getmişəm. Orada bir qadın və Bakı şəhərində də zərgər işləyən qızla görüşmüşəm. Həmin qızın ərinin həbsdən yeni çıxdığını dedi. 250 min dollar tələb etdilər. Dedilər ki, tələb olunan pulu verməsəm qadınla görüşdüyümü həm mənim həyat yoldaşıma, həm də həmin qadının həbsdən çıxan ərinə deyəcəklər. Bu məbləği onlara vermək imkanım yox idi. Pulu hissə-hissə düzəldərək Azər Mehdiyevə verdim”.

Bu zaman general Elçin Quliyevlə zərərçəkmiş arasında mübahisə düşüb.

Elçin Quliyev zərərçəkmişə deyib ki, onu qadınla danışdığına görə yox, casusluq əlaqələrinə görə MTN-ə çağırıblar: “Maqsud Mahmudov Ukraynada Maydan hadisələri zamanı Azərbaycan bayrağını qaldırıb. Bu da bizim diqqətimizi cəlb etmişdi. Zərərçəkmişin ondan pul almağımızla bağlı dedikləri həqiqət deyil".

Bu zaman zərərçəkmiş özü ilə mhəkəməyə gətirdiyi Quran kitabını çıxararaq generalın and içməsini istəyib: “Elçin Quliyev burada deyir ki, yalan danışıram. And içsin ki, yalan danışıram. Əgər and içsə, mən məhkəmə zalını tərk edəcəm”.

General zərərçəkmişin bu təklifini rədd edib.

“Maqsud Mahmudovun MTN-ə çağırılmasından nazir Eldar Mahmudovun da xəbəri olub və göstəriş verib. Mən burada yuxarı vəzifəli şəxs olmuşam, mənə çıxmaq üçün aşağı vəzifəli şəxslər də olub. Onların da bura gəlməsini, ifadə verməsini istəyirəm”- deyə general bildirib.

Prosesin davamında zərərçəkmiş Maqsud Mahmudov intihar edən Antititerror mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin istintaqa verdiyi ifadəsindən danışıb və bildirib: “Rəhmətlik İlqar Əliyev deyib ki, məndən alınan pulun 70 min manatı Eldar Mahmudova çatdırılıb. Elçin Quliyev bu gün burada bunu dolayısı yolla təsdiqləyir. Mənim 120 min manatdan əlavə 1 milyon 200 min manatımı da alıblar”.

Elçin Quliyev isə bütün bu işləri prokurorluğun quraması adlandırıb. Bildirib ki, zərərçəkmişlər öyrədilmiş şəxslərdir.

Maqsud Mahmudov isə generalın yalan danışdığını deyib və prosesdə gərginlik yaranıb: “Deyir ki, guya biz burada yalan danışırıq. Burada 22 nəfər zərərçəkmiş var. İndi bu qədər insan yalan danışır, sən düz?”.

Elçin Quliyev əsəbləşərək Maqsud Mahmudovu şantajçı adlandırıb və onun yalan danışdığını söyləyib.

Zərərçəkmiş M.Mahmudov isə generalı eyni ittihamlarla suçlayıb: “Burada özünü müdafiə edir. Amma illərlə kimlərisə videoları ilə şantaj etməklə məşğul olub. Bizim çox yaxşı generallarımız var. Elçin Quliyev isə bu ada ləkə olub”.

Məhkəmə prosesində zərərçəkmiş Sahib Qurbanov isə bildirib ki, ondan da hədə-qorxu yolu ilə pul tələb olunub. Amma Elçin Quliyev zərərçəkmiş Qurbanovun da yalan danışdığını deyib.

Zərərəkmiş Qurbanov onu da deyib ki, MTN-in ona qarşı qanunsuz əməllərində nazirlik əməkdaşları Heydər İslamov və Ayaz Gərayzadə də iştirak edib.

Növbəti məhkəmə iclası mayın 18-də keçiriləcək.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR