İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın sahibkarların pul dərdi: Fond 50 qadının biznes-layihəsinə dəstək verəcək

1554 04.07.2019 18:36 Proje A A

 

Bakıda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə “Qadınların borclanma və lizinq məhsulları ilə təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilib. 

Musavat.com xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının, bankların nümayəndələri, beynəlxalq və yerli təşkilatların ekspertləri iştirak edib. 

Fondun prezidenti Sabit Bağırovun dediyinə görə, tədbir Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Kiçik sahibkarlığın inkişafı” layihəsi çərçivəsində keçirilir. 

O, bildirib ki, hazırda layihə ikinci mərhələsindədir və bu mərhələdə əsasən qadın sahibkarlığının inkişafı ilə bağlı işlər görülür: “400 qadın üçün sahibkarlığın əsasları ilə bağlı təlimlər keçirilib, 3 sahə - arıçılıq, dərzilik, quru meyvələrin istehsalı - üzrə peşə təlimləri keçirilməkdədir. Bu yaxınlarda 20 qadın arıçılıq üzrə Qaxda peşə təlimi keçdi, onlar bu sahədə yaxın zamanda fəaliyyətə başlayacaqlar. Dərzilik üzrə təlim isə Qubada keçirilməkdədir və 16 qadın bu təlimlərə cəlb olunub. Quru meyvə istehsalı üzrə isə təlimlər bu ay başlayacaq”. 

Onun sözlərinə görə, lahiyə çərçivəsində ən azı 50 qadın təşəbbüsünə dəstək olunacaq: “Hazırda biznes planlar nəzərdən keçirilir. Bunu üçün xüsusi komissiya yaradılıb. İndiyə kimi 265 biznes plan təqdim olunub ki, ilkin mərhələdə onlardan 105-i seçilib. Növbəti mərhələdə bunlardan azı 50-si seçiləcək və həmin biznes planların müəllifləri olan xanımlara müvafiq biznesin yaradılmasında yardım olunacaq. Hər bir yardım ediləcək qadına mentor təyin olunacaq. İstəyimiz odur ki, yardım edəcəklərimizin azı 75 faizi dayanıqlı biznes qursunlar”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib ki, rəsmi statistik məlumatlarda, o cümlədən Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq, rüblük və illik statistik bülletenlərində kredit resurslarına əlçatanlığın gender təhlili verilmir: “Bu hesabatlar kredit resurslarının sahələr üzrə və valyuta tərkibi əsasında bölüşdürülməsinə dair ümumi məlumatlarla məhdudlaşır. Ümumi kredit qoyuluşunda qadınların, o cümlədən qadın sahibkarların payı barədə müfəssəl məlumat əldə etmək mümkün deyil. Sahibkarların kredit resurslarına əlçatanlılığının aşağı olması deməyə əsas verir ki, qadın sahibkarlarda da analoji vəziyyətdir və hətta daha çətindir”.

Ekspertin sözlərinə görə, yalnız dövlət xətti ilə ayrılan güzəştli kreditlərin gender bölgüsünü ümumi də olsa əldə edib qiymətləndirmək mümkündür: “Dövlət vəsaitləri hesabına sahibkarlara güzəştli kredit verən Sahibkarlığın İnkişafı Fondunun xətti ilə hər il qadın sahibkarlara maliyyə dəstəyi verilir. 2012-2017-ci illərdə Fond vasitəsilə ölkə sahibkarlarına ümumilikdə 1371,9 milyon manat ayrılıb ki, bunun da 61,3 milyon manatı və ya 4,5 faizi qadın sahibkarların payına düşüb. Fond qadın sahibkarlara 2012-ci ildə 3,6 milyon manat, 2013-cü ildə 9,3 milyon manat, 2014-cü ildə 9,3 milyon manat, 2015-ci ildə 22,1 milyon manat, 2016-cı ildə 10,4 milyon manat, 2017-ci ildə isə 6,6 milyon manat məbləğində kredit verib”.

S.Əliyevin müəllifi olduğu tədqiqatda isə qeyd olunur ki, son 6 ildə güzəştli kreditləşmədə qadın sahibkarların kreditləşməsinin payı 9 faizdən çox olmayıb: “Qadın sahibkarların ümumi kreditləşmədəki payı 2012-ci ildəki 1,7 faizdən 2015-ci ildə 8,9 faiz yüksəlsə də sonrakı illərdə azalaraq 2016-cı ildə 5,5 faizə, 2017-cı ildə isə 4,5 faizə düşüb”. 

Tədqiqata görə, kreditlərdən fərqli olaraq güzəştli vəsaitdən yararlanan qadın sahibkarların sayı nisbətən çox olub. Sözügedən tədqiqatda qeyd olunur ki, ümumilikdə Fond tərəfindən indiyədək 4200-dək qadın sahibkara 104 milyon manatadək güzəştli kredit verilib.

Qadın sahibkarların kredit resurslarına və lizinq xidmətlərinə əlçatanlığını qiymətləndirmək üçün 2018-ci ildə “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinin “Qadın sahibkarlığı” komponenti çərçivəsində Azərbaycan ərazisində 500 qadın kiçik sahibkarlıq subyekti arasında üzbəüz rəy sorğusu anketinə xüsusi suallar salınıb. Sorğu Bakı şəhəri və ölkənin 7 iqtisadi rayonunu əhatə edib. Sorğuda iştirak edən qadınlar sahibkarlıq fəaliyyətinə başladıqları zamanı hansı problemlə üzləşdikləri ilə bağlı suala cavabında ikinci əsas problem kimi maliyyə çatışmazlığını qeyd ediblər. 

Sorğu nəticələrindən məlum olur ki, respondentlərin 84,6 faizi biznesi üçün maliyyə vəsaiti tələb olunanda bir qayda olaraq banklara üz tuturlar. Rəyi soruşulanların 13,8 faizi maliyyə üçün dost-tanışa müraciət etdikləri halda, cəmi 1,6 faizi öz imkanları hesabına həll etməyə üstünlük verirlər. 

Qadın sahibkarların kredit resurslarına əlçatanlığını qiymətləndirmək üçün Sorğuya bankların şərtlərinin onları nə dərəcədə qane etmələri barədə də sual daxil edilib. Cavab variantlarından aydın olur ki, respondentləri qane etməyən əsas şərt kreditlərin illik faiz dərəcələrinin yüksək olmasıdır (71,2 faiz). 

Sorğudan aydın olur ki, respondentlərin cəmisi 1,2 faizi Sahibkarlığın İnkişafı Fonduna müraciət edib. SİF-ə müraciət edənlər üzləşdikləri çətinliklər qismində sənədləşmənin çətinliyi (83,3 faiz) və tələb olunan qədər vəsait ala bilmədiklərini (16,7 faiz) göstəriblər. 

İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva öz çıxışında bildirib ki, qadınların sahibkarlıqla məşğul olmasına heç bir məhdudiyyət yoxdur: “Son məlumatlara əsasən Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 186 minə yaxındır ki, onlardam 32 faizə yaxını Bakıda, 17 faizə yaxını Aranda, 16 faizi Gəncə-Qazax, 10 faizə yaxını isə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərirlər. Qalanları isə digər regionlarda fəaliyyət göstərirlər.”

Ulduz Babayeva əlavə edib ki, sahibkarlıqla bağlı qaydalar liberallaşdırılıb. O vurğulayıb ki, qadın sahibkarlığı ilə bağlı kreditləşmədə mexanizmlər elə formalaşdırımalıdr ki, sui-istifadəyə yol verilməsin. 

“Rabitəbank”ın nümayəndəsi Elvin Tahirov isə deyir ki, təmsil etdiyi qurumda qadınlara xüsusi proqram yaradılıb ki, onlar ucuz maliyyə ilə işlərini qursunlar: “Bankımızın nümayəndələri Azərbaycanın qərb bölgəsində Gəncə, Şəmkir, Tovuz və Ağstafada görüşlər keçirdilər. Belə nəticəyə gəldik ki, əsas problemlərdən biri maliyyə savadlılığı ilə bağlıdır. Artıq qərar verilib, qadınlara yönəlik proqramımız uzunmüddətli olacaq”. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nigar Əhmədova isə deyib ki, bu ilin ilk 6 ayı ərzində aqrar sektorda çalışan 9 qadına 393.5 min manat güzəştli kreditlər verilib: “Eyni zamanda 10 nəfər qadına 45.8 min manat kənd təsərrüfatı texnikasının alınmasına və 28.6 min manat məbləğində subsidiya verilib”. 

O, eyni zamanda bildirib ki, Azərbaycan hökumətinin Dünya Bankı ilə həyata keçirdiyi layihə çərçivəsində 2018-ci ildən indiyədək 361 qadını özündə birləşdirən, 10-20 qadından ibarət 30 Qadın İnkişaf Qrupu yaradılıb, onlara 39 min manat maliyyə dəstəyi göstərilməsi nəticəsində isə 100 yeni və daimi iş yeri yaradılıb. 

Azərbaycan Mikromaliyyə Asossisiyasının direktoru Jalə Hacıyeva qeyd edib ki, problemlərdən biri banklarda kredir mütəxəssislərinin əsasən kişi işçilər olmasıdır: “Qadınlar kişi mütəxəssisləri ilə söhbətdə özlərini rahat hiss etmirlər. Biz 15 il bundan öncə layihə həyata keçirdik və təklif etdik kredit mütəxəssisləri həm də qadınlardan olsun. ”

Tədbir ekspert və dövlət qurmlarının müzakirəsi ilə davam edib. 

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR