Bakıda qaçqın və məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunan hər iki şəxs Abşeron qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilən binalardan bir neçə vətəndaşa ev satacaqlarını vəd edərək onlara qarşı dələduzluq ediblər. Belə ki, hər iki şəxs həm qaçın və məcburi köçkün olan şəxslərdən, həm də bu statusda olmayan şəxslərdən külli miqdarda pul alıblar.
İttihama görə, onlar Zülfiyyə Hüseynovanın etibarından sui-istifadə edərək 5400 manat, Etibar Əliyevin 4000 manat, Tehran Məmmədovun 6000 manat, Bəxtiyar Əzizovun 4000 manat, Nazilə Ağayevanın 2000 manat, Səyyarə Çələbiyevanın 6000 manat, Sevil Emilovanın 7000 manat, Səməd Əbilovun 3500 manat, Kəmalə Quliyevanın 16000 manat, Ləman Əliyevanın 15000 manat, Şahin Abdullayevin 8030 manat, Rafiq Cəfərovun 13600 manat, Cabir Məmmədovun 8000 manat və Ceyhun Qurbanovun isə 45000 manatını ələ keçiriblər.
Məhkəmədə hər iki şəxs özünü təqsirli bilib. Amma bəzi epizodlar üzrə rəqəmlərin düzgün olmadığını, zərərçəkmişlərdən ittihamda göstərilən qədər pul almadıqlarını söyləyiblər.
Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxslər pullarını ələ keçirdikləri şəxsləri Abşeron qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş binalara apararaq mənzilləri göstəriblər. Zərərçəkmişlər deyiblər ki, onların əlində mənzillərin açarları da olub və birlikdə evlərə baxıblar. Zərərçəkmişlər söyləyiblər ki, R.Rəhimov və Ş.İsmayılov onlara satacaqları evlərlə bağlı sənədləri də imzalatdırıblar.
Qeyd edək ki, təqsirləndirilən hər iki şəxsin özü də qaçqındır.
İ.Muradov,
Musavat.com






