Bahalı avtomobillə törədilən qəzada 2 nəfər ölüb, 2 nəfər yaralanıb; məsələyə BDYPİ rəisi münasibət bildirdi
Bakının Heydər Əliyev prospektində Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Galendewagen” markalı, Az 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə dəhşətli qəza törədilib. Qəza zamanı Mehdi Ramil oğlu Əliyev və piyada Vaqif Əsədov həlak olublar. Hadisə baş verən zaman yol kənarında dayanan daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb.
Yaralılardan birinin ayağı qopub. Belə məlumatlar var ki, N.Allahverdiyev hadisədən əvvəl qırmızı rəngli bir avtomobilin sürücüsü ilə “Maga” adlı kafedə olublar. Sonra isə nazir müavininin nəvəsinə məxsus “Mercedes Galendewagen”lə tanışına məxsus maşınla yarışa çıxıblar. Şəhərin içindəki yarışma gözlənilən nəticə ilə sonuclanıb, ötüşmə zamanı dəhşətli qəza baş verib “Gelandewagen” yolda dayanan piyadaları vurub, sonra isə yaxınlıqdakı binaya çırpılıb.
Qəza zamanı dünyasını dəyişən Mehdi Əliyev nazir müavinin nəvəsinin maşınında olub. Onun sükan arxasında olması xəbəri də var. Qeyd olunur ki, M.Əliyev N.Allahverdiyevin sürücüsü olub. Dəhşətli qəzadan sonra nazirin nəvəsi zorla maşından düşərək canını qurtarıb. Onun sonrakı taleyi haqda məlumatlar gizlədilir. Hətta onun maşında olması da təkzib edilir. Sahibi olduğu elit-barın işçiləri isə mediaya deyiblər ki, Əli Həsənovun nəvəsinin durumu yaxşıdır, ailəsinin yanındadır.
Yayılan məlumatlara görə, 1995-ci il təvəllüdlü Nail Allahverdiyev yaşının azlığına baxmayaraq artıq böyük kapitala sahib biridir. O, məşhur “Soho” klubuna sahiblik edir. Onun ötən ayın 19-da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızı ilə toy mərasimi olub. Olayla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov baş verən dəhşətli avtomobil qəzası haqda danışıb.
O, ölkə.az-a açıqlamasında deyib:
“Baş verən hadisə ilə əlaqədar da geniş məlumatım yoxdur. Çünki tədbirdə olmuşam. Hadisənin başvermə səbəbləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır. Şübhəsiz ki, araşdırıldıqdan sonra məsələyə obyektiv qiymət veriləcək”.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüb. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Polisdən həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Olaydan sonra hüquq-mühafizə orqanları açıqlama verməyə tələsmirlər. Bunun əsas səbəbi kimi qəzanı Əli Həsənovun nəvəsinin törətdiyi göstərilir. Xatırladaq ki, Ə.Həsənov 2014-cü ilin martında məmur övladlarının özbaşınalığına, “avtoşluğuna” münasibət bildirərkən demişdi ki, məmurlar övladlarına nəzarət etməlidir.
Sitat: “Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”.
Bu dəhşətli qəza baş nazir müavininin ödladlarının övladını cəmiyyətə tanıtdırdı. Belə tanıtıma isə cəmiyyətin heç ehtiyacı yox idi.
Daha əvvəl isə Əli Həsənovun nəvəsinin yarıçılpaq qızlarla əyləndiyini əks etdirən fotolar da mediada və sosial şəbəkələrdə yayılmışdı.
E.HÜSEYNOV
Musavat.com






