İnsanlara hürriyət, millətlərə istiqlal!

Qabil Hüseynli: “Müxalifətdə kiminsə iqtidara ciddi rəqib olacağından danışmaq mümkün deyil”

896 06.01.2018 08:15 Siyasət A A

 

Azərbaycan seçki ilinə daxil olub. 2018-ci ilin oktyabrında prezident seçkisi keçirilməlidir. Prezident seçkisində iştirakla bağlı artıq bəzi partiyalar namizədlərini elan ediblər. Prezidentliyə namizədini ilk irəli sürən Müsavat Partiyasıdır. Müsavat Partiyası 2014-cü ilin 27 sentyabrında keçirdiyi qurultayda lideri İsa Qəmbərin 2018-ci il prezident seçkisinə namizədliyini irəli sürmək qərarı verib. Qərar hələ qüvvədədir və böyük ehtimalla fors-major nə isə baş verməsə, Müsavat seçkiyə İsa Qəmbərin namizədi ilə qatılacaq.

Namizədini irəli sürən ikinci partiya Vətəndaş və İnkişaf Partiyasıdır. Bu partiya 2017-ci il mayın 28-də keçirdiyi qurultayında sədri Əli Əliyevin növbəti prezident seçkisində namizədliyini irəli sürəcəyini rəsmiləşdirib.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bir müddət əvvəl bildirib ki, prezident seçkisində namizədliyini irəli sürəcək. Partiyanın hələ ki, rəsmi qərarı olmasa da Tural Abbaslı mövqeyində qəti olduğunu deyib. 

Digər partiyaların isə hələ ki, namizəd irəli sürməklə bağlı qərarları yoxdur. Ümid Partiyası, KXCP, AXCP, AMİP, ADP kimi tanınmış partiyalar yekun qərarlarını verməyiblər. Onların bir neçəsi bu il qurultay keçirməyi planlaşdırırlar və seçki ilə bağlı qərarı da qurultayda verəcəklərini bəyan ediblər.

Partiyalılığı olmayan, xaricdə yaşayan bir neçə şəxs (Rəsul Quliyev, Hüseyn Abdullayev) də seçkidə iştirak edəcəklərini açıqlayıblar.

Bəs indiyə qədər namizədliyi elan olunan və iddiasını irəli sürən şəxslərdən hansı hakimiyyət üçün əsas rəqib ola bilər?

Politoloq Qabil Hüseynli bildirdi ki, seçki ili yenicə başlanıb  və Azərbaycanın seçkiqabağı atmosferi hələ ki susqun xarakterə malikdir, bəlli bir dinamizm qazana bilmir. Bu nöqteyi-nəzərdən də hakimiyyətə rəqib düşərgədə bütün şəxslərin imkanları az qala bərabər görünür. Onlardan kimisə ciddi şəkildə fərqləndirmək üçün ciddi əsaslar hazırda yoxdur. Lakin namizədlərin hər biri çox iddialı çıxış edir: “Xüsusilə Rəsul Quliyevlə Əli Əliyev iddialıdırlar. Əli Əliyev hətta özünü favorit hesab edir. Rəsul Quliyev çox iddialı olsa da, ölkəyə dönməsi, seçkilərdə qeydə alınması kimi bir sıra problemli məsələlər onun önünü kəsməkdədir. Eləcə də bu sözləri Hüseyn Abdullayev haqqında da demək olar”.

Həmsöhbətimiz düşünmür ki, müxalifət düşərgəsində namizədlikləri elan edilən şəxslər həm seçki qabağı təbliğat-təşviqat məsələlərində, həm də ümumiyyətlə əhalinin bəlli hədəflərə yönəldilməsi istiqamətində kifayət qədər potensiala malikdirlər: “Potensiallardan heç də nahaq yerə danışmıram. Çünki seçki resursları bir çox qollara ayrılır. Bunların içərisində maliyyə də var, namizədin xarizması məsələsi, cəmiyyətdə tanınması məsələsi də var. Digər kriteriyalar da mövcuddur. Hər halda bu meyarların olması çox vacibdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda adları çəkilən müxalif düşərgənin nümayəndələri və xaricdə yaşayan iddiaçıların içərisində bu kriteriyaların hamısına dolğun cavab verən şəxsə rast gəlmək çox çətindir. Onların sırasında bir neçəsi cəmiyyətdə kifayət qədər tanınır, lakin maliyyə resursu yoxdur. Digər tərəfdən də hər dəfə prezident seçkisinin mürəkkəbliyi artır, iştirak edən şəxslərdən həm daha ciddi hazırlıq səviyyəsi, həm də yuxarıda dediyimiz resurslara malik olmaq şərti ciddi surətdə tələb olunur. Elə seçkiqabağı təbliğatın qurulması kifayət qədər maliyyə resurslarının cəlb edilməsini tələb edir ki, bu resurs ənənəvi müxalifət düşərgəsindən olan namizədlərin heç birində yoxdur”.

Politoloq hesab edir ki, namizədin xarizması məsələsi də vacib amildir. Hələ ki əhali arasında kifayət qədər yüksək xarizmaya malik və demək olar cəmiyyətin bütün kateqoriyalarını özünə cəlb edə bilmək imkanlarına malik olan namizədlər yox dərəcəsindədir: “Düzdür, bəlli qrupların, bəlli regionların hüsnü-rəğbətini cəlb edən iddiaçılar yox deyil. Amma Azərbaycan siyasətində demokratik siyasi xəttin tarixi 25 ildir və bu müddət ərzində siyasi həyata olan şəxslərin bir qismi gah nüfuzunun zirvəsinə qalxıb, gah zirvədən aşağı enib. Bu gün ictimai-siyasi həyatda ciddi sakitlik və ictimai-siyasi proseslərə münasibətdə qeyri-aktivlik hiss edildiyindən bu saat kiminsə xarizmatik bir lider kimi xalqın içərisində nüfuz qazana biləcəyi və iqtidar üçün çox ciddi rəqib olacağından danışmaq bu gün o qədər asan deyil. Bunu həm partiyalara, həm də qeyri-partiyalı iddiaçılara aid edirəm”.

Q.Hüseynli iddiaçıların öz gücünü tam şəkildə ortaya qoymasını əngəlləyən səbəblərin də olduğunu dedi: “Ölkədə seçki mühitinin özünün ab-havası da çox şeyi müəyyən edir. Seçki mühitinin demokratikliyi, seçkidə KİV-dən, televiziyadan istifadə etmək üçün bərabər imkanların yaradılması məsələsini də buraya əlavə etsək, belə demək mümkündür ki, məsələ kifayət qədər qəlizləşir. Yəni bu məsələlərdə də müəyyən problemlərin olacağı ehtimalının yüksəkliyi iddiaçıların zərərindədir. Bu amil də onların sırasından kiminsə iqtidara əsas rəqib kimi çıxmaq imkanını aşağı salır. Lakin proseslərin, seçki kampaniyasının gedişində fərqli vəziyyətlər də heç zaman istisna deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR