İnsanlara hürriyət, millətlərə istiqlal!

Qabil Hüseynli: “Azərbaycana həm Qərbdən, həm də Rusiyadan təzyiqlər gəlir”

1359 03.04.2018 08:35 Siyasət A A

“Seçkilərdə təhdid daha çox Qərbdən müşahidə olunur”

Təcrübə göstərir ki, prezident seçkiləri Azərbaycana xaricdən təzyiq elementləri üçün fürsət rolunu oynayır. Hər dəfə seçkidən bir müddət öncədən anti-Azərbaycan mövqeyində olan qüvvələr hərəkətə gəlir. Bu il də eyni vəziyyət müşahidə edilməkdədir. Azərbaycan hakimiyyətinin də təmsilçiləri son günlər açıq şəkildə bəyan edirlər ki, ölkəmizə qarşı təhdidlər var.

Bəs təhdidlər Qərbdən, yoxsa şimaldan gəlir?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycana təhdid bir istiqamətdə yox, müxtəlif istiqamətlərdədir. Azərbaycana təhdid həmişə cənubdan, qərbdən, şimaldan gəlir. Çox təəssüflər olsun ki, bu təhdidlərin daha çoxu şimaldan olur: “Keçmiş təcrübə də bunu təsdiq edir. Ölkəmizi təsir altında saxlamaq istəyənlərin böyük hissəsi məhz şimalda toplanıb. Məsələn, 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycana təsir göstərmək üçün ”Milyarderlər ittifaqı" məhz şimalda yaradılmışdı. Həmin ittifaqa hətta sonradan Dağıstanın prezidenti olmuş Ramazan Abdulatipov kimi adamlar da qoşulmuşdu və Rusiyanın müəyyən hakimiyyət dairələri bu ittifaqa mane olmurdu. Bu ittifaq Azərbaycanda seçkiqabağı mühiti bir xeyli gərginləşdirə bilmişdi və Azərbaycan hakimiyyətinin əsəbləri ilə oynaya bildi. Sonradan onlar Azərbaycan prezidentinin iradəsi qarşısında geri çəkilməyə məcbur oldular. 2008-ci il prezident seçkiləri zamanı da müəyyən təhdidlər var idi. O təhdidlərin bir qisminin başında erməni lobbisi, ona ciddi dəstək olan yunan lobbisi dayanırdı. Onlar da Azərbaycanda vətəndaş qarşıdurması yaratmağa çalışıblar.

İndi də Azərbaycana həm şimaldan, həm də Qərbdən təhdidlər var. Azərbaycana qarşı olan, Azərbaycanı qarışdırmaq istəyində olanlara Qərb ölkələrində sığınacaqlar veriblər. Onlara hətta müəyyən texniki vasitələr verərək Azərbaycana qarşı təbliğat aparmağa imkan yaradırlar, Azərbaycan dövlətçiliyinə qarşı çevrilmiş hərəkətlərin əsas ideoloji-siyasi istiqamətlərini verirlər. Ölkəmizin əleyhinə olan qüvvələr təbliğatın səmərəli olması üçün hər vasitədən, hətta satın alınmış Azərbaycan türklərindən də istifadə etməkdən çəkinmirlər".

Politoloq vurğuladı ki, seçkilər ərəfəsində fəallaşan, seçkiləri pozub Azərbaycan dövlətçiliyinə inamsızlıq yaratmağa çalışan insanlar bu dəfə daha çox Qərb ölkələrindən istiqamətləndirilirlər. Bu dəfə Qərb dövlətləri önə çıxır: “Onların da planlarından biri Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına qoşmaq, Rusiya ilə münasibətləri korlamaqdır. Ona görə də bu seçkilərdə təhdid daha çox Qərbdən müşahidə olunur. Amma bu o demək deyil ki, şimaldan bu dəfə heç bir təhdid yoxdur. Yaxşı ki, Azərbaycan prezidenti müdriklik göstərdi və prezident seçkilərini önə çəkdi. Bununla da nəzərdə tutulmuş və yenicə start götürən Azərbaycan dövlətçiliyinə qarşı təhdidlər, projelər həyata keçirilməmiş vəziyyətdə qaldı”.

Q.Hüseynlinin fikrincə, seçki payızda keçirilsəydi, böyük ehtimalla həmin projelər həyata keçiriləcəkdi.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR