Tural Abbaslı: “Gənclik yaşı 15-35 sayılırsa, həmin yaşda niyə də gənclərə səsvermə hüququ verilməsin?”; Elşən Mustafayev: “14-18 yaşlı gənclərin seçki kampaniyalarında müxtəlif statuslarda iştirakına icazə verilə bilər, amma...”
Rusiya prezidenti Vladimir Putin yeniyetmələrin seçki prosesinə cəlb edilməsini məqsədəuyğun saydığını bəyan edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, 14-18 yaş arasında olan yeniyetmələrə seçki hüququnun verilməsini və onların seçki kampaniyalarında iştirakını yaxşı ideya adlandırıb. “Bəzi regionlarda bunu test rejimdə həyata keçiririk. İdeya çox yaxşıdır. Bu, gənc insanların real siyasi həyata cəlb edilməsinə kömək edə bilərdi”, - deyə Rusiya prezidenti vurğulayıb.
14 yaşdan yuxarı yeniyetmələrin seçki prosesinə cəlb edilməsi ideyası Rusiyada siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmır. Bəs bu nə dərəcədə uğurlu ideyadır? Reallaşmsı yeniyetmələrin siyasi aktivliyinə müsbət təsir edərmi? Putin bununla nəyi hədəfləyib? Azərbaycanda da belə bir dəyişiklik mümkünmü və ehtiyac varmı?
Azərbaycanın ən gənc siyasi partiyası olan AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, bu ideyanın ortaya çıxması son zamanlar Rusiyada aparılan sorğuların nəticəsidir. Belə ki, bu sorğularda məlum olub ki, prezident Putinin populyarlığı azalan xətt üzrə inkişaf edir. Çox böyük ehtimal ki, peşəkar siyasətçi kimi Putin bu sorğuların seçkilərə mümkün təsirlərini hesablayaraq belə bir addım atır: “Çünki 14-18 yaş arası gənclik daha emosional kəsimdir və bu yaş kəsimindəki insanları populist çıxışlara daha həssas olurlar. Putin böyük ehtimal ki, bu xarakteri nəzərə alaraq özünün sosial bazasını möhkəmləndirmək istəyir. Onun rakursundan və gəncliyin siyasi həyatda aktivləşməsi nöqteyi-nəzərindən baxsaq, bəlkə də bunu doğru addım hesab etmək olar”.
Azərbaycana gəlincə, T.Abbaslı Azərbaycanda da belə bir addım atılmasının əleyhinə deyil, bunun müsbət tərəflərinin ola biləcəyini düşünür: “Çünki o yaşda gənclərin siyasi proseslərə qoşulmasını müsbət hesab edirəm. Bu kəsim siyasətə qoşularsa, siyasətə canlılıq gələr və rəng qatılar. Bu gün Azərbaycan siyasətində çatışmayan hiss, həyəcan, emosiya və hərəkətlilik gələr. Zatən qanunvericilikdə gənclik yaşı 15-35 sayılırsa, həmin yaşda niyə də gənclərə səsvermə hüququ verilməsin. Həmçinin nəzərə alsaq ki, Azərbaycan əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir, o zaman belə bir addım çox faydalı olar. Mən gənclərin siyasətdə çoxluq təşkil etməsinin tərəfdarıyam. Bu ideya uyğun formada həyata keçirilsə, Azərbaycanın gələcəyi üçün çox uğurlu olacağını düşünürəm. Həmçinin gənclərin siyasətə kütləvi şəkildə qoşulması siyasi səhnənin də yenilənməsinə və yeni paradiqmaların yaranmasına da səbəbiyyət verə bilər”.
![]()
AMİP katibi Elşən Mustafayev isə bildirdi ki, dünyanın bütün normal dövlətlərində seçki hüququ 18 yaşdan başlayır və norma olaraq qəbul olunur. Aydındır ki, bu rəqəmi havadan götürməyiblər. Hesab olunur ki, ümumilikdə 18 yaş insanın sərbəst və doğru qərar verməsi üçün optimal yaşdır: “Eyni zamanda çox dövlətlərin qanunvericiliyində insanların iş hüququ istisnalarla 17, normal olaraq 18-dən başlayır. Yəni cəmiyyətə tam inteqrasiya olunmayan, valideyn himayəsində yaşayan 17 yaşa qədər olan uşaqlara veriləcək seçki hüququ ilə həmin cəmiyyətin idarəetmə sisteminin formalaşmasına təsir edilməsi yaxşı nəticələrə gətirib çıxartmaz. Rusiyada 14-18 yaş arası gənclərə seçki hüququnun verilə bilməsi ilə bağlı söylənilənlərin tam ciddiliyinə inanmıram. O başqa məsələdir ki, məsələn, 14-18 yaşlı gənclərin seçki kampaniyalarında müxtəlif statuslarda iştirakına icazə verilsin və bununla da seçki hüququ alana qədər siyasi və ictimai prosesləri görsün, təcrübə toplasın və s. Bunu haradasa anlamaq olar. Amma səs hüququnun verilməsi isə hesab edirəm yanlışdır. Ona görə mən istəməzdim ki, Azərbaycanda seçki yaşı 18-dən aşağıya salınsın. Buna ehtiyac da görülmür”.

E.Mustafayevin fikrincə, Rusiyada bu istiqamətdə polemikaların getməsi və prezidentin də buna müsbət reaksiyası ilk növbədə ki, tamam başqa mətləblərlə bağlıdır: “Rusiya çox millətli federasiya subyektlərindən ibarətdir və onların içində Rusiya patriotluğu çox aşağı səviyyədədir. Müxtəlif respublikalarda etirazçı insanların sayı durmadan artır. Görünür, təklif olunan üsulla erkən vaxtlarında yeniyetmələri siyasi proseslərə aktiv qoşmaqla beyninə Rusiya dövlətçiliyi təəssübkeşliyini yeridib siyasi baxışlarını bəlli istiqamətə yönəltmək istəyirlər. Amma hesab edirəm özləri də buna tam əmin olmadıqları üçün dedikləri kimi, bu prosesi bəzi regionlarda test rejimində həyata keçirmək istəyirlər ki, effekti olacağı halda tətbiq olunacaq əraziləri sonradan genişləndirsinlər. Əks halda, dayandırsınlar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






