İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yanacaq müşkülü: Deyəsən, Ukrayna Rusiyanın dizel və benzinini tükədir

1705 02.05.2024 15:20 Dünya A A

Ukrayna Rusiyanın neft emalı müəssisələrini sıradan çıxararaq orada yanacaq qıtlığı törədir və qiymətləri bahalaşdırır.

Rusiyanın içərilərində və sərhəddən çox uzaqda olan neft emalı müəssisələrinə Ukraynanın silsilə dron hücumları Kremli Ukraynada apardığı müharibədən başqa, öz ərazisini qorumaq haqqında da düşünməyə zorlayır. "Politico" yazır ki, bu hücumlar həm də gözlənilməyən sonuclar doğurub – dünyanın ən iri neft dövlətində neft qıtlığı yaranıb.

Rusiya istehlakçıları üçün dizel qiymətləri kəskin artıb. Hökumət rəqəmlərinə görə, təkcə ötən həftə dizel yanacağının qiymətləri 10 faizə yaxın bahalaşıb. Təchizatın azaldığından və getdikcə daha çox müəssisə işini dayandırdığından benzin qiymətləri ilin əvvəlindən bəri 20 faizdən çox artaraq son yarımilin ən yüksək həddinə çatıb.

"Qarşıdakı onilliklər ərzində…"

Ötən həftənin çərşənbə günü Ukrayna sərhədindən təxminən 500 kilometr uzaqda Rusiyanın enerji nəhəngi "Rosneft"ə aid iki yanacaq anbarı dronlarla vurularaq ciddi dağıntıya məruz qalıb. Yanacaq məhv edilib. Rusiyanın doqquz regionunda 12-dən çox neft emalı müəssisəsi il başlayandan bəri buna bənzər hücumlara hədəf olub. Kiyev rəsmiləri neft sənayesinin legitim hərbi hədəf sayıldığını deyirlər.

"O, ağcaqanad kimidir – nə tapa bilir, nə öldürə bilirsən, özü də hər gecə yenə gəlir, yorulub əldən düşürsən. Bu, ön cəbhə üzərindəki basqıyı götürmək üçün çox yaxşı yoldur", - Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti Filip İnqrem belə deyir. Onun sözlərinə görə, bu strategiya qarşıdakı onilliklər ərzində zabitlərə təlim keçən akademiyalarda öyrəniləcək.

Nəticədə Moskva yanacaq ixracatını, az qala, tarixi minimum səviyyəsinə endirib.

Bu, Moskva üçün həm siyasi, həm də hərbi problemdir. Ucuz yanacaq Rusiyanın savaş aparmasından ötrü vacib olmaqla yanaşı, prezident Vladimir Putinin xalqa təqdim etdiyi əsas bəhanələrdən biridir, artmayan maaşları və zəif rublu tarazlayır.

Bu trendin hələ bir müddət davam edəcəyi görünür
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun təhlilçisi İqor Yuşkov bu həftə yerli mediaya müsahibəsində qiymətlərin tezliklə aşağı düşməyəcəyini və hətta ölkənin qonşu Belarusun anbarlarında saxlanan benzini idxal etməli ola biləcəyini deyib.

Ötən il Moskva daxili bazarda yaranan qıtlıq üzündən benzin və dizel ixracını yasaqlamışdı. Rusiya sürücülərin işini asanlaşdırmaq və kənd təsərrüfatı sektorunu, görüntü üçün də olsa, gücləndirməkdən ötrü elə tarixən daxili yanacaq bazarını tənzimləyib, qiymətləri aşağı səviyyədə saxlayır.

Di gəl, dünyada yanacaq bahalandığından neft alış-verişi ilə məşğul dəllallar Rusiyanın daxili bazarı üçün nəzərdə tutulan ucuz benzini xaricə satmaqla gəlir götürürdülər. Noyabrda bu qadağanı yüngülləşdirən Moskva martda Ukraynanın hücumlarına görə onu yenidən tətbiq etməli olub.

Qərb ölkələrinin çoxu Rusiyadan benzin və dizel kimi neft məhsulları almağı dayandırsa da, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Amerika və Şimali Afrikanın bir neçə dövləti ucuz qiymətlərdən yararlanmaq və ya yenidən ixrac məqsədilə yenə həmin məhsulları alır.

"Kiyev Moskvanın texnoloji zəif damarını tapıb"

Bu, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya iqtisadiyyatı üzrə eksperti Mariya Şaqinanın sözləridir. "Kiyev Moskvanın texnoloji zəif damarını tapıb və Ukraynanın Rusiya neftayırma zavodlarına dron zərbələri Qərb sanksiyalarının təsirini sürətləndirir. Bu zavodlar artıq Qərb avadanlığı, ehtiyat hissələri və proqram təminatını yeniləməkdə çətinlik çəkirlər", - yenə Şaqinanın məsələyə baxışıdır.

Ancaq Ukraynanın Kremlin qanlı müharibəsini qidalandıran yanacaq və pul axınının qarşısını almaq cəhdləri ABŞ-ın xəbərdarlığına tuş gəlib. Müdafiə naziri Lloyd Ostin kimi yüksəkvəzifəli rəsmilər bu hücumlarla bağlı açıq xəbərdarlıq səsləndiriblər. ABŞ rəsmilərini dünya enerji bazarları təlaşlandırır. Moskva da bütün müharibə ərzində fəal şəkildə Ukrayna infrastrukturunu hədəf alaraq ölkənin elektrik şəbəkəsini sıradan çıxarıb və milyonlarla insanı elektriksiz qoyub./Azadlıq Radiosu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR