Koronavirus pandemiyasının dünyanı təhdid etdiyi bu gərgin günlərdə 29 ildir tarixin arxivinə atılmış SSRİ-nin bərpası anonsu ortaya atıldı. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin “Rossiya1” telekanalına verdiyi müsahibədə bildirib. Rusiya liderinin “SSRİ-nin yenidən bərpası qorxusu postsovet məkanında tədricən aradan qaldırılır” deməsi qeyri-ixtiyari olaraq 100 il əvvəl müstəqil respublikaların bolşevik Rusiyasına “könüllü” şəkildə birləşdirilməsini yada saldı.
Putinin sözlərinə görə, SSRİ-nin bərpası ilə bağlı fobiyanın aradan qalxması, MDB liderlərinin güclərin, səylərin birləşdirilməsinin hamının xeyrinə olduğunu anladıqlarını sübut edir. Avrasiya İqtisadi İttifaqının perspektivlərindən danışan Kreml başçısı qeyd edib ki, postsovet məkanındakı inteqrasiya prosesinin bütün iştirakçıları bu üstünlüyü hiss edirlər: “Hər yerdə ölkələr güclərini birləşdirərək rəqabət qabiliyyətlərini artırmağa çalışırlar”.
Maraqlıdır ki, cəmi yarım il əvvəl Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov V.Putinin 2024-cü ilə qədər Sovet İttifaqını bərpa etməyə dair planının olmasına dair xəbərləri qəti şəkildə təkzib etmişdi. Peskov eyni zamanda demişdi ki, Rusiya və Gürcüstan Tiflisin neytral statusunun saxlanılması, həmçinin onun NATO-ya üzv olmamasına dair danışıqlar aparmır. Peskov bu fikirləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin fikirlərini təkzib edərkən söyləmişdi. Saakaşvili bəyan etmişdi ki, Gürcüstan və Rusiya vahid ölkə ola bilərlər. Onun fikrincə, Rusiya rəhbərliyinin 2024-cü ilə qədər SSRİ-ni bərpa etmək planı var. Həmçinin demişdi ki, Gürcüstan rəhbərliyi Moskvanın təzyiqi ilə bağlı NATO-ya daxil olma kursundan imtina edə bilər.
Bəs nə baş verdi ki, V.Putin yenə SSRİ nostaljisinə yer ayırdı?

Yeri gəlmişkən, V.Putin ötən il İrəvanda, Avrasiya İqtisadi İttifaqının genişləndirilmiş iclasında da demişdi ki, 2025-ci ilə qədər birlik daxilində vahid energetik bazar yaradılmalıdır. Daha sonra elan olundu ki, rus dili daşıyıcılarına bundan sonra Rusiya vətəndaşlığı sadələşdirilmiş qaydada veriləcək. Belə ki, bununla bağlı müvafiq qanun bazar ertəsi Putin tərəfindən imzalanıb. Yeni qanuna görə, Rusiya pasportuna Rusiya, Rusiya İmperiyası və ya SSRİ ərazisində özü və ya yaxın qohumları və əcdadları yaşayan və ya yaşamış şəxslər iddia edə bilər. Bütün bunlar SSRİ-nin bərpası barədə informasiyaların dövriyyəyə buraxılması fonunda diqqət çəkir.
Qeyd edək ki, bir neçə gündən sonra, aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğal olunmasının 100-cü ildönümü tamam olacaq. Azərbaycan ikinci dəfə müstəqilliyini elan edən ərəfədə də imperiyadan az zülm-zillət çəkməyib. Ərazilərimizin işğalı, “Qara Yanvar”, Xocalı soyqırımı, digər müsibətlərdə də Xəlil Rza Ulutürk demişkən, “nallı çəkməli” sovet əsgərlərinin “müstəsna xidmətləri” olub. Bu mənada müstəqilliyimizə hər hansı təhdidin yaranması narahatlıq doğurmaya bilməz.
Düzdür, indi Azərbaycan müstəqil dövlət olaraq Rusiya ilə normal qonşuluq əlaqələrinə malikdir və dövlət başçıları səviyyəsində yüksək səviyyədə münasibətlər var. Ancaq Gürcüstan və Ukrayna ilə münasibətlərdə baş verənlər, ərazilərin nümayişkaranə şəkildə işğalı şimal təhlükəsini hər zaman nəzərə almağı zəruri edir. Onu da qeyd edək ki, Belarus prezidenti Lukaşenko da bugünlərdə pandemiyaya qarşı mübarizədə postsovet ölkələrinə birləşməyi təklif edib. Üstəlik, Kremlin danışan dili V.Jirinovski vaxtaşırı keçmiş SSRİ respublikalarının yenidən bir çətir altında birləşməli olduğuna dair iddialar səsləndirir. Bütün bunların ardınca Putinin anonsu həyəcan doğurmaya bilməz.
Deputat Fazil Mustafa Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın müstəqilliyi üçün həmişə təhdid var: “Elə Ermənistanın Azərbaycan torpaqlarını işğalı da böyük güclərin müstəqilliyimizə doğru yönələn addımlarından biridir. Bizim kimi dövlətlərin cəmiyyətləri bir an da arxayınlaşmamalıdır, yalnız müstəqilliyin möhkəmlənməsi üçün deyil, həm də insanlarımızda onun qorunmasına müqavimət impulslarını diri saxlamalıyıq. Xatırlayırsınızsa, mən Milli Məclisdə təklif etdim ki, bu ərəfədə aprel işğalının 100 illiyinə dair ayrıca iclas keçirərək. Bu tarixi qeyd etməmiz və müstəqilliyimiz üçün hər cür fədakarlığa hazır olmamızı qeyd etməmiz olduqca vacibdir”.
F.Mustafa bildirdi ki, Putinin bu açqlaması daha çox daxili ictimai rəyə yönəlib: “Narazılıqların sosial-iqtisadi məzmununu ənənəvi velikorus şovinizminə yönləndirməyə çalışır. Lakin bu gün Rusiyanın iç problemlərini çözməkdə çətinlik çəkən bir hakimiyyətin hansısa birləşmə modeli ilə problemlərini sakitləşdirmək arzusu çox çətin ki, gerçəkləşə. Çünki müstəqilliyin dadını duymuş dövlətlərin xalqları 100 il öncəsindən daha böyük dirənişlə bunun qarşısına çıxacaqlar. Hər bir halda bizim müqavimət duyğularımızı canlı tutmamız olduqca vacibdir. Azərbaycanın müstəqilliyini kimlərinsə iştahasına qurban verəcək addımların atılması mümkünsüzdür”.
BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli də kifayət qədər nikbindir. Ekspertimiz bu mövzudan bəhs edərkən maraqlı bir məqama diqqət çəkdi: “Bu yaxınlarda qələmə aldığım yazılarımdan birində, “bəlkə də qaytardılar” ümidi ilə yaşayan bir qrup şəxsə xitabən “SSRİ “ölüb”! İndi hər şey azad iqtisadiyyatın tələblərinə cavab verməlidir” yazmışdım. Təbii ki, fikrimi dəyişməmişəm. Nəinki SSRİ-ni bərpa etmək, heç vaxtilə “qırmızı şər imperiyası”nın tərkibində olan 5 respublikanı bir araya gətirmək mümkün deyil. Digər tərəfdən, nə indiki Rusiya, nə də digər postsovet dövlətləri əvvəlki respublikalar deyillər. Rusiya SSRİ-nin süquta uğradığı gündən azad bazar iqtisadiyyatı münasibətlərinə keçib. İndi şimal qonşumuzdakı iqtisadi-siyasi münasibətlər sistemini ən müxtəlif “epitetlər”lə adlandırırlar: “Vəhşi kapitalizm”, “oliqarxiya” və s. Amma bir kimsə Rusiya Federasiyasının iqtisadi-siyasi sistemini “sosializm” adlandırmır. Bu, mümkün də deyil. Yəni Rusiya RSFSR deyil və bundan sonra da olmayacaq. Hətta Rusiyadakı kommunistlərin özü belə, SSRİ-nin bərpasına inanmırlar. Hazırda Rusiya-Belarus ittifaqının özünü belə “ittifaq dövləti” adlandırmaq olmur”.
E.Mirzəbəyliyə görə, məsələ burasındadır ki, Rusiya ötən müddət ərzində keçmiş müttəfiq respublikalar üçün cəzbedici ola biləcək heç bir birlik modeli yarada bilmədi: “MDB məşvərət şurasını xatırladır. KTMT Rusiyadan başqa bütün üzvlərinin bu təşkilatdan çıxmaq üçün əlverişli məqam gözlədiyi, heç bir perspektivi olmayan, Kremlin informasiya savaşında istifadə edə biləcəyi görüntüdən başqa bir işə yaramayan “zorən ittifaqdır”. Çox güman ki, “SSRİ-nin bərpası” haqqında danışanlar postsovet məkanında konfederativ əsaslarla vahid dövlətin yaranması xülyasını nəzərdə tuturlar. Amma bunun necə baş verə biləcəyindən bir kimsə danışmır. Sirr deyil ki, heç bir ölkə müstəqilliyindən könüllü surətdə imtina edib Rusiyanın dominant rol oynadığı federativ, yaxud konfederativ dövlətdə yer almaz. Bunun üçün heç bir əsas yoxdur. Çünki bu illər ərzində şimal qonşumuz ortalığa güclü iqtisadi-siyasi və hüquqi sistemi olan dövlət modeli qoya bilməyib. Postsovet respublikalarının bir hissəsində, o cümlədən Azərbaycanda dövlət idarəçiliyi və iqtisadi-siyasi münasibətlər sistemi Rusiyada olduğundan daha təkmil, daha modern və daha çevikdir. Yəni Rusiyanın yaratdığı birlik və ittifaqlar cazibədar olmadığı kimi, bu ölkənin federal idarəçiliyi, iqtisadi və siyasi münasibətlər sistemi də cazibədar deyil”.
Sual olunur: Rusiya ilə vahid bir dövlət modelində təmsil olunmaq keçmiş sovet respublikalarına nə verə bilər?
E.Mirzəbəyli: “Cavabı çox sadədir: istismardan, məxməri assimilyasiyadan, basqı və təzyiqdən başqa heç nə! Çünki ötən 30 il ərzində Rusiya keçmiş müttəfiqlərində etimad yaratmayıb. Yalnız təzyiq dili ilə danışmağa çalışıb. Bu açıq-aşkar olmasa da, müxtəlif siyasi gedişlərlə edilib və siyasi proseslərin içərisində yer alan istənilən şəxs bunu yaxşı bilir. Bununla yanaşı, Rusiyanın bu illər ərzində postsovet məkanında oynadığı heç də pozitiv olmayan rolu, separatizmə, işğala sözdə bir, əməldə isə başqa cür münasibətini, bir çox hallarda təzyiq xarakteri daşıyan ədalətsiz davranışlarını da nəzərə almaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan, Qazaxıstan və digər dövlətlər və onların xalqları üçün müstəqillik çox böyük nemətdir və bu xalqlar haqq etdikləri müstəqilliyin hətta müəyyən qədər məhdudlaşdırılmasını da qəbul etməyəcəklər”.
Siyasi təhlilçi bütün bunları ümumiləşdirərək qeyd etdi ki, könüllü surətdə postsovet məkanında “vahid dövlət” ideyasının heç bir perspektivi yoxdur: “Bu prosesin zorən baş tutması da mümkün deyil. Çünki Rusiyanın özü üçün arzuolunmayan nəticələrə gətirə bilər. Nə Moskvanın belə bir cəhddə bulunacağını, nə də bunun üçün hər hansı bir şəraitin yaranacağını düşünürəm. O zaman “SSRİ-nin bərpası” ilə bağlı fikirlərin yenidən gündəmə gətirilməsini yalnız daxili siyasətə hesablanmış manevr kimi qiymətləndirmək olar. Görünür, koronavirus pandemiyasının yaratdığı problemlər fonunda Rusiya cəmiyyətinin belə ideyalarla “yemlənməsinə” ehtiyac yaranıb”.
Hər halda, bütün bunlar Rusiya rəhbərliyi tərəfindən təsadüfən dövriyyəyə buraxılmayıb. Ən azı burada “nəbz yoxlanışı” niyyəti var...
E.Paşasoy,
Musavat.com






