Rusiya prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı hərbi parad keçirməkdə israrlıdır. 9 mayda koronavirus səbəbindən baş tutmayan paradın 24 iyunda Moskvada keçirilməsi gözlənilir. Tədbirə 12 ölkənin, əsasən də, MDB-nin dövlət başçıları qatılacaq.
Hamıya məlumdur ki, hazırda dünyada bütün kütləvi tədbirlər, o cümlədən, futbol çempionatları, Tokio Olimpiadası təxirə salınıb. Belə bir şəraitdə Kreml sahibinin bütün riskləri göz altına alması suallar yaradır.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında dedi ki, faşist Almaniyası üzərində qələbə vaxtilə SSRİ, indi isə Rusiya üçün həmişə həssas mövzu olub: “Bu müharibədə qələbəni özününküləşdirmək, onun əsas müəllifi obrazını yaratmaq 75 ildir dəyişməz qalıb. Bəşəriyyətin ən qanlı savaşlarından biri olan 1939-1945-ci illər zaman kəsiyini hamı İkinci Dünya Müharibəsi adlandırdığı halda, Rusiya 1941-1945-ci illəri Böyük Vətən Müharibəsi kimi ilk öncə öz xalqına, sonra da bütün dünyaya təbliğ etməyə çalışıb . Bu da təsadüfü deyil. 1939-cu ildə SSRİ və faşist Almaniyasının xarici işlər nazirləri-Molotov və Ribbentrop arasında bir-birinə hücum etməmək haqqında pakt bağlanılır. Bundan sonra Almaniya Avropada hərbi əməliyyatlara başlayır, bir-birinin ardınca ölkələr işğal olunur, həmin ərazilərdə konsentrasiya düşərgələri yaradılır, yüz minlərlə yəhudi orada məhv edilir. Yəni 1939-1941-ci illər ərzində Britaniya xaric, bütün Avropa faşist Almaniyasının çəkmələri altında olduğu vaxt SSRİ (varisi Rusiyadır) faşistlərlə çox yaxşı münasibətdə olub. Bu vəziyyət 1941-ci ildə Hitlerin iki ölkə arasında olan paktı pozmasından sonra dəyişib. Sosial şəbəkələrin mövcud olduğu, insanların informasiya mübadilələrinin geniş yayıldığı dövrümüzdə dünya əhalisi bu həqiqətləri rahatlıqla öyrənməyə başladı. Bundan Sonra SSRİ-nin faşist Almaniyası ilə müharibədə əsas qarşı tərəf olduğu təbliğatı fiaskoya uğradı. İnsanlar qələbənin dönüş nöqtəsinin ABŞ və Böyük Britaniyanın açdığı ikinci cəbhə olması ilə bağlı faktları öyrəndilər, ikinci cəbhə açılana qədər həmin dövlətlərin SSRİ-yə göstərdikləri müxtəlif yardımlar haqda geniş informasiyalar hamıya məlum oldu və s. Bunlardan sonra sovet dövrünün yeganə hərbi uğuru kimi təbliğ etdiyi faşizm üzərində qələbənin əsas müəllifinin tək SSRİ olmadığı hamıya məlum oldu. Bu il Moskvada keçirilməsi nəzərdə tutulmuş qələbənin 75 illik yubileyinin təxirə salınması Rusiyanın təbliğat nöqteyi-nəzərdən bir çox planlarını pozdu.

Elşən Mustafayev: “Parad zamanı hərbi texnika və güclər də nümayiş etdiriləcəksə...”
Çünki gələn il 76 il olacaq. Amma 75 yubiley ili olduğu üçün öncədən həmin tədbirə dünyanın hər yerindən hökumət və dövlət başçılarını, tanınmış insanları dəvət etmişdilər. Tədbir faşizm üzərində qələbəyə həsr olunmuş, yubiley ili olduğundan bir çox siyasilər ora qatılacaqdı. Amma pandemiyaya görə may ayında olacaq tədbir təxirə salındı. Yeri gəlmişkən, koronavirus bir çox dünya siyasətçilərinin Moskvaya gəlməməsi üçün həm də bəhanə oldu. Lakin Rusiya koronavirus təhlükəsini göz önünə alaraq 24 iyunda parad keçirtməklə bağlı qərar verib və dəvətlər edib . Hesab edirəm ki, Rusiya özünün əsas təbliğat vasitəsi kimi istifadə etdiyi, Böyük Vətən Müharibəsi adlandırdığı müharibədə qələbəsini heç olmasa daxildə və dəvəti qəbul edəcək ölkələrdə təbliğ etmək məqsədilə bu paradı keçirməyə qərar verib. Parad zamanı hərbi texnika və güclər də nümayiş etdiriləcksə, bu eyni zamanda dünyaya bir daha hərbi əzələ nümayişi olacaq. Pandemiya zamanı bu riskin alınmasının əsas səbəblərini belə görürəm”.

Elçin Mirzəbəyli: “Bu amil Rusiya üçün MDB məkanında da əsas birləşdirici faktor rolunu oynayır”
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, faşizm üzərində qələbə Rusiyanın ideoloji təbliğat sisteminin ana xəttini təşkil edir: “Bu amil Rusiya üçün MDB məkanında da əsas birləşdirici faktor rolunu oynayır. Çünki faşizm üzərindəki qələbənin kölgəsində istər çar, istərsə də qırmızı sovet imperiyası dövründə müstəmləkə həyatı yaşayan xalqlara qarşı həyata keçirilən amansız repressiya, deportasiya və assimilyasiya siyasəti unutdurulur, diqqət daha çox çar Rusiyasından, SSRİ-dən daha qəddar, daha amansız olan faşizm üzərində cəmləşdirilir. Moskvanın bu məsələdə israrlı olması da əsasən bu amillərlə bağlıdır. Digər mühüm faktor isə, pandemiya ilə bağlı ölkə həyatının bütün sahələrində yaşanan böhranın, məhdudiyyətlərin gətirdiyi aqressiya və qəzəbi mümkün qədər yumşaltmaqdır. Bu tarixin bütün dönəmlərində siyasi hakimiyyətlər tərəfindən istifadə olunan metoddur. İnsanlara çörək verə bilməyəndə onu ideologiya ilə yemləyirsən, vətəndaşın rifahı üçün heç bir əhəmiyyət kəsb etməyən məsələlərdə böyük şoular düzəldir, insanlara uzun müddət təəssüratından ayılmayacaqları adrenalin yaşadırsan. Rusiya kimi cəmiyyətlərdə bu metod daha çox keçərlidir. Başqa bir amil isə güc nümayişi xarakteri daşıyır. Pandemiya dünyanın əksər ölkələrinin iqtisadiyyatlarına ciddi zərbə vurub. İqtisadiyyatları azad olmayan ölkələr isə daha çox zərər görüblər. Mövcud vəziyyət şübhəsiz ki, dünyanın formalaşmaqda yeni düzəninə də öz ciddi təsirini göstərəcək.
Bu baxımdan faşizm üzərindəki qələbənin 75 illiyinin qeyd olunmasında həm daxilə, həm də xaricə ünvanlanmış nüfuz dairəsi arealının xatırladılması mesajını da daşıya bilər. Bu məsələdə Belarusda keçirilən parad və bu ölkənin prezidenti Aleksandr Lukaşenkonun açıqlamaları da qıcıqlandırıcı rol oynaya bilər. Ancaq bu qıcıqlandırıcı, yaxud stimullaşdırıcı addımların arxasında razılaşdırılmış məqsədyönlü bir siyasətin dayanması da mümkündür. Bütün bunlarla yanaşı, mən yalnız öz dövlətimizin maraqları baxımından belə bir tədbirin keçirilməsinə müsbət yanaşıram. Azərbaycan faşizmə qarşı mübarizədə müstəsna xidmətlər göstərən bir ölkədir. Ölkəmiz bu gün də faşizm ideyalarının təbliğinə və yayılmasına qarşı barışmaz mövqe nümayiş etdirir. Tədbirə qatılan dövlət və hökumət başçılarının təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi üçün bütün addımların atılacağını gözləyirəm. Bunun üçün Rusiyanın bütün imkanları var".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






