İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dostunun dostu ABŞ-ın 3-cü şəxsi oldu – Ukraynaya yardım sual altına düşdü?

1462 30.10.2023 20:56 Gündəm A A

Xəbər verildiyi kimi, Luiziana ştatından olan 51 yaşlı respublikaçı konqresmen, keçmiş prezident Donald Trampın tərəfdarı Mayk Conson ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni sədri seçilib.

O, ABŞ Konstitusiyasına görə, ölkənin üçüncü şəxsi sayılır (Prezident və vitse-prezidentdən sonra).

Yeni sədr sadiq mühafizəkar, konstitusiya hüququ üzrə mütəxəssisdir. Seçildikdən sonra o, ilk çıxışında İsrailə sarsılmaz dəstəyini, ABŞ-ın cənub sərhədinin təhlükəsizliyini təmin etmək və Amerikanın milli borcunu azaltmaq zərurətini bəyan edib. Bildirilir ki, Consonun səsverməyə çıxaracağı ilk qanun layihəsi də məhz İsrailə yardımla bağlı olacaq. Onun növbəti bir neçə həftəlik gündəmində Ukraynaya yardım paketindən bəhs edilmir.
Yeni spiker əvvəllər Ukraynaya yardımın göstərilməsinə qarşı çıxıb. Xüsusilə 2022-ci ilin mayında o, Kiyevə 40 milyard dollarlıq yardım paketinin ayrılmasının əleyhinə səs verib. O, Trampın tərəfdarı kimi Nümayəndələr Palatasının 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdində əsas fiqurlardan olub. 

mike-johnson.jpg (452 KB)

Bu arada ABŞ-da bir qrup respublikaçı senator ayrıca layihə hazırlayıb. Layihəyə əsasən milyardlarla dollar yardım Ukraynaya deyil, İsrailə göndərilməlidir. Bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr vurğulayır ki, Konqresdə Bayden administrasiyasının həm İsrailə, həm də Ukraynaya yardım üçün 106 milyard dollarlıq paketi ilə bağlı gərginlik artmaqdadır. Təşəbbüs müəllifləri izah edirlər ki, yardımın bölüşdürülməsi bu məsələnin Nümayəndələr Palatasında həllində gecikmələrin qarşısını alacaq, burada respublikaçıların sayı getdikcə Kiyev üçün hərbi maliyyənin davam etdirilməsinə qarşı çıxır. Xüsusilə, Ceyms Vens, Miayk Li və Ted Kruz paketlərin bölünməsinin lehinə danışıb.

Kanzas ştatından olan respublikaçı senator Rocer Marşall isə bu məsələni şərh edərkən deyb: “İsrailə hər hansı yardım edilməsi Ukraynaya on milyardlarla dollar göndərmək üçün rıçaq kimi istifadə edilməməlidir”.

ABŞ üçün Ukraynanın müdafiəsi arxa planamı keçir? Bu, Rusiyanın əl-qolunu aça bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, ABŞ və Avropa ölkələrində Ukraynaya maliyyə dəstəyini azaltmaq və ya ümumiyyətlə kəsmək tendensiyası yaranıb: “Ukrayna Rusiya ilə müharibədə obyektiv səbəblərə görə uğur qazana, torpaqlarını işğaldan azad edə bilmədi. Bu isə Qərbdə Ukraynaya yardım göndərilməsini şübhə altına alan müzakirələrə səbəb oldu. Bu müzakirələrdə əsas fikir bundan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi uzun illər davam edə bilər və bu illər ərzində Ukraynaya yardım verilməsi nə dərəcədə doğrudur? Hər il Ukraynaya milyardlar verilməliyik kimi suallar yaranıb. Amerika konqresində də eyni əhval-ruhiyyə hökm sürür. Konqresdəki sədr seçkisindən əvvəl də Ukraynaya maliyyə ayrılması ilə bağlı hər hansı bir maddə olmadı. Bundan sonra prezident Co Bayden özü söz verdi ki, maliyyə ayıracaq. Gedişat onu göstərir ki, ABŞ və bəzi Avropa ölkələri Ukraynaya maliyyə dəstəyini azaltmaq niyyətindədirlər”.
Politoloq deyir ki, baş verənlər iqtisadiyyatı iflas etmiş Ukrayna üçün ciddi bir siqnaldır: “Ukraynanın yardıma, maliyyəyə hər gün, hər həftə, hər ay ehtiyacı var. Hazırda iqtisadiyyatı çökmüş vəziyyətdə olan Ukraynanın müharibə aparmaq imkanları xaricindədir. Zavodlar, fabriklər dayanıb, istehsal yoxdur. Maliyyə kəsilsə, Ukrayna iqtisadiyyatı çökəcək”. 

elxan-sahinoglu.jpg (74 KB)

Elxan Şahinoğlu

Politoloq bildirib ki, yaranmış durum Rusiyanın əl-qolunu açacaq: “Rusiya ABŞ və Qərbdəki Ukraynaya münasibətdə yaşanan tendensiyanı görüb özü müharibəni uzadacaq. Müharibə uzandıqca ABŞ və Qərbin yorulması ehtimalı da artır. Rusiyanın uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər resursu var. Neftdən satır və daxildə əhalinin necə yaşamasına əhəmiyyət vermədən müharibəni illərlə davam etdirmək imkanındadır. Ukraynanın isə belə bir imkanı yoxdur. Kənardan yardımlar kəsilsə, Ukraynanın durumu daha da ağırlaşacaq”.
“Ukrayna əbəs yerə ABŞ və Avropaya arxayın olub Rusiya ilə müharibəyə girdi” sualına politoloq belə cavab verdi: “Ukrayna işğal olunmuş torpaqları uğrunda savaşa başladı. Savaşı başladan isə Rusiyadır. Fevralın 24-də Rusiya ordusunu Ukraynaya daxil etdi. Ukrayna da öz təbii hüququndan istifadə edib. Bu gün Ukrayna çox ağır vəziyyətdədir. Müharibə nəticəsində iqtisadiyyat dağılıb, ölkəni milyonlarla insan tərk edib, işçi qüvvəsi çatışmır. Belə bir vəziyyətdə Ukrayna üçün çətin olacaq. Amma Ukrayna ərazi bütövlüyünü təmin etməyə çalışır. ABŞ və Avropa dəstəyini kəsərsə, Ukrayna üçün fəlakətli durum yaranacaq”.

Politoloq deyir ki, ABŞ Ukraynaya yardımı kəsərsə, Avropa ölkələri də bunun ardınca maliyyə və silah-texnika dəstəyini kəsərsə, Ukraynanın Rusiyanın şərtlərini qəbul etməklə danışıqlara getməkdən başqa yolu qalmır: “Bu isə Donbasın böyük hissəsinin itirilməsinə səbəb olacaq”.

Bu xüsusda İsrail-Fələstin müharibəsinin uzanması perspektivinə toxunan Elxan Şahinoğlu deyib ki, HƏMAS və Hizbullahı İran maliyyələşdirir və bu maliyyələşmə kəsilməyincə müharibə davam edəcək: “İran bu iki təşkilatı maliyyələşdirməklə İsrailə qarşı müharibənin davamlı olmasını təmin edir. İran sanksiyalar üzündən nə qədər kasıblasa da, bu yardımı kəsməyəcək. İran HƏMAS və Hizbullaha 2 ay yardım etməsə, hər iki təşkilat çökər. İran rejimi bu baxımdan hər iki təşkilata dəstəyini kəsməyəcək. İran dəstək verdikcə, İsraillə toqquşmalar da davam edəcək. İsrail Fələstin müharibəsi dünyanı iki yerə bölüb. Bir sıra dövlətlər HƏMAS-la təmaslara başlayıb, bir qism isə HƏMAS-ı terrorçu təşkilat elan edib. Rusiya, Türkiyə, hətta Çin HƏMAS-la danışıqlara girib İsraillə Fələstin arasında vasitəçi olmaq istəklərini bəyan ediblər. Fələstin lideri Mahmud Abbas Çinə səfər etdi, amma İsrail baş naziri Benyamin Netanyahu danışıqlara getmədi. Hazırda İsrail-Fələstin müharibəsi dünyanı ikiyə bölüb. Bu gün ABŞ daha çox İsrailə dəstəyə fikir verir, İsrailə yardım üçün hərəkətə keçib. Təbii ki, belə bir halda Ukrayna arxa plana keçib”.

 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR