“Putinin Azərbaycanda MTN rəhbəri postuna təyinat üçün təzyiqləri olacaq”
Milli Təhlükəsizlik Nazirliyində baş verən proseslərdən 14 gün ötməsinə baxmayaraq, hələ də nazirlik postu boşdur. Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra yerinə təyinatın olmaması bir sıra suallar yaradır. Günlər keçdikcə sualların sayı artmaqda davam edir.
Hazırda MTN daha çox həyata keçirilən yüksək rütbəli əməkdaşlarının həbsi ilə gündəmə gəlir. Hər keçən gün həbs dalğasının sıraları genişlənir. Bəzən həbs xəbərləri o həddə çatır ki, nazir postunun boş olduğu belə unudulur.
Heç şübhəsiz ki, bu vəzifəyə sıradan bir şəxs gətirilməyəcək. Uzun illər hakimiyyətə xidmət etmiş, iqtidarın etimadını qazanmış bir şəxsin MTN rəhbəri olacağı istisna edilmir. Ekspertlər hesab edirlər ki, iqtidar yeni nazir təyin etmək üçün 1 noyabr seçkilərini gözləyir. Seçkilərdən dərhal sonra MTN rəhbərinin kimliyinə aydın gələcəyi yayılan xəbərlər sırasındadır.
Onu da qeyd edək ki, E.Mahmudovun yerinin boş qalması günü-gündən MTN rəhbəri iddiasında olan şəxslərin sıralarını genişləndirir. Məhərrəm Əliyev, Əli Nağıyev, Vilayət Eyvazovun ardından ədliyyə naziri Fikrət Məmmədovun da milli təhlükəsizlik naziri olacağı barədə xəbərlər yayılıb. Ədliyyə rəhbərinin şansları adlarını qeyd etdiyimiz şansları az görünmür. Hakimiyyətin kadr itirməkdən daha çox vəzifələrdə yerdəyişmələr etmə siyasətini aparması F.Məmmədovun yeni MTN rəhbəri olacağı ehtimallarını sürətləndirir.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mövqeyini almağa çalışdıq. Lakin qurumdan rəsmi münasibət öyrənmək mümkün olmadı.
Son iki həftədə MTN-də baş verənləri, nazir postunun boş qalmasını, qarşıdakı günlərdə qurumun taleyi ilə bağlı məsələləri Milli Təhlükəsizlik Nazirliyinin sabiq birinci müavini Sülhəddin Əkbərlə analiz etdik.
Sabiq MTN-çi rəhbər postunun boş qalmasının əməliyyat işlərinə ciddi təsir etdiyini bildirdi: “Uzun müddət MTN-də rəhbər vəzifəsində dəyişiklik olmaması, hazırda nazirlikdə rəhbər vəzifəsinin boş qalması qurumun fəaliyyətinə ciddi maneələr yaratdı. Hazırda rəhbərliyin böyük hissəsi azad olunub. Kadr dəyişikliyi əməliyyat işinə ciddi təsir göstərir. Hələ də bu postun boş qalması onu göstərir ki, hakimiyyət Eldar Mahmudovu vəzifədən çıxarmaq fikrində olmayıb. Burada kadr qıtlığından söhbət gedə bilməz. Əvvəlki müsahibələrimdə də demişdim ki, bu vəzifəyə təyinatda iki mühüm amil rol oynayacaq. Birincisi hakimiyyətə sadiqlik, ikincisi isə, Rusiyaya yaxınlıq amili. Uzun müddət MTN rəhbəri olmuş, dövlət başçısına yaxın bir şəxsin sonda barəsində bu cür informasiyaların yayılması onu göstərir ki, hakimiyyət sədaqətli kadr məsələsində tərəddüd edir. Bu məsələdə Rusiya amili daha ciddidir. Xatırlayırsınızsa, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili açıqlamışdı ki, Putin ona dövlətdə yüksək vəzifələrlə bağlı təyinatlarda təzyiqlər edirdi. Bunu düşünsək, hesab etmək olar ki, əgər Putin Qərbə inteqrasiya xətti yürüdən bir dövlətə qarşı bu cür təzyiqlər edibsə, Azərbaycanda da MTN rəhbəri postuna təyinat üçün təzyiqləri olacaq. Özü də Azərbaycan-Rusiya münasibətlərinin yaxın olduğu indiki vaxtda bu istisna olunmur”.
S.Əkbər təyinat məsələsini hakimiyyətin seçkidən sonraya saxlamaq məqsədinin olmadığını söylədi: “Seçkiyə az müddət qalmış belə bir addım atılırsa, dərhal təyinat hakimiyyətin möhkəmlənməsi baxımından daha düzgün olardı. Seçkiqabağı azadetmə daha neqativ təsir göstərir. Təyinatın gecikməsi xarici faktora bağlıdır. Rusiya ilə münasibətlərin yaxın olduğu dövrdə bu ölkəyə yaxın olmayan şəxsin nazir təyin olunması təhlükə yaradar”.
Müsahibimiz F.Məmmədovun MTN rəhbərliyinə gətiriləcəyi ilə bağlı iddialara da cavab verdi: Təcrübə onu göstərir ki, İlham Əliyev kadr məsələsində gözlənilməz addımlar atır. Mətbuatda adı hallanan şəxslərin təyinat məsələsinə təsir edəcəyini düşünmürəm. İlham Əliyev yuxarıda qeyd etdiyim iki mühüm amil arasında balans qurmağa çalışacaq. Özünə sadiq olan Rusiya meylli bir şəxs axtaracaq. Belə bir kadr tapmaqda çətinlik çəkdiyi göz önündədir. Rusiyanın təzyiqləri də təsir edə bilər. Prezident özünə sərf edən, Rusiyanın etiraz etməyəcəyi bir şəxsi nazir təyin edəcək. Onu da bu günlərdə görəcəyik. Hakimiyyət Rusiyaya yaxınlaşmaqda ciddi səhvlərə yol verir. Çünki şimal qonşumuz dünyadan təcrid olunub. Belə bir şəraitdə Rusiyaya yaxınlaşmaq siyasətini anlamaq çətindir. Gələn il bu ölkə üçün həlledici il olacaq. Bunu dövlət rəsmilərinin özləri də açıq şəkildə bildirirlər. 8 ay Azərbaycan hakimiyyəti Rusiyanın təzyiqləri qarşısında dözə bilərdi. Batan gəmiyə yaxınlaşmaq fəlakətə doğru gedir. Hakimiyyət səhv yolda inamla irəliləməkdədir”.
Sabiq MTN-çi E.Mahmudovun müəyyən məsələlərdə özünə əminliyinin olduğunu da qeyd etdi: “Çox həssas informasiyaları lazımı yerlərə çıxara bilib. Bununla özünün təhlükəsizliyinə müəyyən təminat ala bilib. Çünki bu qədər həbslərdən, MTN əməkdaşlarının həbsindən, qurumda baş verən cinayətlərinin üstünün açılmasından, ən əsası səs-küylü vəzifədən azad olunmasından sonra onun nəinki özünün, qudası Cahangir Hacıyevin də azadlıqda qalması göstərir ki, əllərində ciddi informasiyalar var, bu informasiyaların toxunulmazlığına təminat alıblar. Birinci insan özünü, sonra özünə yaxın olan insanları düşünür. Onun imkanları zəif olduğundan ətrafını qoruya bilmədi. Məsələlərə geniş konteksdə baxmaq lazımdır. Dar çərçivədə baxmaq düzgün deyil. Ölkəmiz böyük dəyişikliklər astanasındadır. Çünki Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub. 21 fevral devalvasiyası dəyişikliklərin bünövrəsi oldu. Bir ciddi amili nəzərə alın. 2015-16-cı illərdəki dövlət büdcəmizi müəyyənləşdirmək ölkəmizin ümumi dəyərləndirməsidir. Dövlət büdcəsi bu il 19.438 milyon manat, yəni 24.777,6 milyard ABŞ dolları olub. Gələn il isə, 14.566 milyon manat, yəni 13.872,3 milyard ABŞ dolları nəzərdə tutulur. Fərq 10.905,6 milyard ABŞ dollarıdır. Bu isə, 44% azalma deməkdir. Bu ilin ilk 6 ayına baxsaq, ümumdaxili məhsul 27% azalıb. İlin axırına qədər bu 40 faizə qədər artacaq. Bu isə, ölkədə milyona yaxın işsiz deməkdir. Gələn ili təsəvvür edin. Bu baxımdan hakimiyyətdaxili münasibətlər gərginləşəcək. Sonda sistem böhranı olacaq. MTN-də baş verənlər proseslərin gedişini sürətləndirdi. Hakimiyyət böhranla üz-üzə olduğunu ictimaiyyətdən gizlədir. Buna çox təəssüf edirəm. Bunun siyasi nəticələri qaçılmaz olacaq. MTN partlayışlardan ikincisi oldu. Birincisi maliyyə sektorunda olmuşdu. Görək üçüncü partlayış hansı sahədə olacaq”.
Cavanşir ABBASLI






