İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini Ermənistanı xilas etməyə vadar edən əsas amil(lər)

5864 12.10.2020 21:14 Siyasət A A

Politoloq: “Rusiya yalnız Türkiyə faktoru ilə barışır, türk bazası Azərbaycanda yerləşdirilməlidir”

27 sentyabrdan etibarən Ermənistanın xain təxribatına cavab olaraq əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri Qarabağda tarix yazır. Prezident İlham Əliyev bu gün bir daha bildirdi ki, Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir: “Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, şəhər olsun. Təpə olsun, dağ olsun – o da önəmlidir. Şəhərlərə, onsuz da, qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır”.

Ordumuzun gücü qarşısında aciz vəziyyətdə qalan işğalçı ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan növbəti dəfə Moskvaya, rusiyalı həmkarı Sergey Lavrovun yanına qaçıb, özü də Rusiyadan İrəvana döndükdən bir sutka sonra. İşğalçı ölkə humanitar atəşkəslə bağlı razılaşmanı Gəncə əhalisinə qarşı terror aktı törətməklə pozdu və bunun cavabı layiqincə verilir. Ona görə də ümid yenə də Rusiya hakimiyyətinə qalıb.

Məlumata görə, Moskvada Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan arasında danışıqlar baş tutub.

Danışıqlardan sonra nazirlərin birgə mətbuat konfransı baş tutub. S.Lavrov erməni nazirin Rusiyaya səfərinin çoxdan razılaşdırıldığını və tərəflərin yalnız Dağlıq Qarabağdakı vəziyyəti deyil, həm də ölkələr arasında ikitərəfli əməkdaşlığın bütün spektrini müzakirə etdiklərini vurğulayıb. “Dağlıq Qarabağda münaqişə tərəflərinin siyasi dialoqunu ləngitmək olmaz”,  Lavrov deyib. Onun sözlərinə görə, Rusiya hesab edir ki, Dağlıq Qarabağla bağlı birgə bəyanatın bütün bəndləri icra olunacaq.

Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə də görüşü də planlaşdırılır.

Azərbaycan tərəfi birmənalı şəkildə sülhün tərəfdarıdır. Elə danışıqların 30 ilə yaxın davam etməsi də bu mövqenin nəticəsidir. Ancaq rəsmi Bakı dəfələrlə bəyan etmişdi ki, danışıqlar sonsuza qədər davam edə bilməz. İki həftə ərzində düşmənə sarsıdıcı zərbələrin vurulmasına Rusiya prezidenti Vladimir Putinin təmkinli münasibəti diqqət çəkdi. Hansı ki, Nikol Paşinyan öz zəngləri ilə Putinin zəhləsini aparmışdı. Lakin Rusiya prezidenti “məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, təəssüflər olsun ki, hələ də davam edir, amma Ermənistan ərazisində aparılmır”, deməklə İrəvanı şoka saldı.

Sonrakı dönəmlərdə isə Putin XİN başçıları səviyyəsində görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, Ermənistan dinc sakinləri hədəf seçməklə Rusiyanın təşəbbüsünün də üstündən xətt çəkmiş oldu.

Humanitar atəşkəsin əldə olunduğu ilk saatlarda prezident İlham Əliyev “Rusiyanın RBK agentliyinə müsahibəsində “qoy o (Paşinyan-red.) Putinə minnətdar olsun ki, növbəti dəfə Rusiya Ermənistanı xilas etdi”, söyləmişdi.

Bəli, Rusiya Ermənistanı xilas etməyə çalışdı, lakin bu, faşist, terrorçu dövlət öz əməllərindən geri çəkilmədi və layiqli cavabını almaqdadır.

Göründüyü kimi, Putin aprel döyüşlərindən fərqli olsa da, bir az çox sükut etdi. Amma yenə də hərəkətə keçdi. Təbii ki, atəşkəs olmasaydı, Azərbaycan ordusu Qarabağı qısa müddətdə tam azad edə bilərdi. Elə isə Putini hərəkətə gətirən, İlham Əliyev demiş, Ermənistanı xilas etməyə vadar edən nə oldu? Ermənistan Rusiya üçün niyə bu qədər önəmlidir? Niyə o dəstək Azərbaycandan yana olmur, hər zaman Ermənistana dəstək verir?

“Rusiyalı rəsmilər sözdə Azərbaycanı tərəfdaş ölkə adlandırırlar, ancaq əllərindən gələni edirlər ki, məmləkətimizin ərazi bütövlüyü təmin olunmasın, Ermənistan Dağlıq Qarabağda məğlub olmasın”

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq əks-həmlə əməliyyatı keçirilməsi işğalçı ölkənin müdafiə sistemini darmadağın etməklə siyasi müstəvidə də müəyyən uğurlara gətirib çıxardı: “İlk növbədə Ermənistanın müttəfiqi Rusiyanın neytralnqalması vəziyyəti lehimizə dəyişdi. 2016-ci il aprel döyüşlərində Putin dövriyyəyə girdi, Moskva atəşkəsi əldə edildi. Bəzən Rusiya Ermənistanin mərkəzdənqaçma siyasətinin qarışını almaq üçün Azərbaycan amilindən istifadə edir. Amma ötən on iki gün ərzində Rusiya neytrallağını qorudu. İlk növbədə burada Ermənistan Baş naziri Nikol Paşinyanın iki il müddətində anti-Rusiya siyasəti burada rol oynadı. Paşinyan arxayın idi ki, Rusiya öhdəliyinə sadiq qalıb, Ermənistani müdafiə edəcək. Amma on iki gün göstərdi ki, artıq Rusiya bu məsələdə maraqlı deyil. Qarabağla bağlı verdiyi müsahibədə bunun Azərbaycan ərazisində olan hərbi əməliyyatlar olduğunu qeyd etdi. Bu da Ermənistana mesaj idi.Əgər, bu Azərbaycanın öz ərazisində keçirilirdisə niyə qarışdın. Çünki tam məğlub olmasını istəmir. Amma, artıq Ermenistan daxilinda Rusiyanın nüfuzu tam zədələndi. Bu da bizim maraqlara xidmət edir”.

Ermənistanda antiRusiya siyasəti yeni mərhələdə

M.Əsədullazadənin fikrincə, Putin Paşinyanı cəzalandırsada Azərbaycan və Türkiyə ilə də müəyyən qədər hesablaşdı: “Burada regionda geosiyasi vəziyyətdə Rusiyanın Türkiyə amili qarşını kəsdi. Çünki, Türkiyə qətiyyətlə Azərbaycanı müdafiə etdi və regionda var olduğunu ortaya qoydu. Rusiyanın müdaxiləsi fonunda Türkiyədə müdaxilə edə bilərdi. İki ölkə arasında ciddi toqquşmanı Rusiya istəmədi. Rusiyanın ilk gündən müdaxiləsi fərqli ssenariləri ortaya gətirə bilərdi. Buda Rusiyanın regionda tam zəifləməsinə gətirə bilərdi. Rusiya burada Azərbaycanla əlaqələri inkişaf etdirmək və Ermənistan hakimiyyətini də dəyişmək planlayır. Ona görə də döyüşlərin ən aktiv şəkildə Ermənistanın məhv edildiyi yalvarışları fonunda sülh göyərçini rolunda atəşkəsə səslədi. İndi Ermənistandan istəklərini almağa çalışır. Mnatsakanyani Moskvaya çağırıb, Rusiyanın şərtlərini diktə edir. Paşinyan ciddi təhdid altındadır. Rusiyaya yıxılsa Soros onu yıxacaq. Rusiyanı qəbul etməsə Moskva neytrallağını qoruyacaq. Azərbaycan hücum əməliyyatlarını davam etdirəcək. Burada Rusiya çalışır ki, regiona sülhməramlı qüvvələrini yerləşdirsin. Hazırda Rusiya müttəfiqini qoruyur. Silahlar göndərir. Azərbaycanla qonşu olmasına baxmayaraq stavkanı Ermənistana verir. Rusiyada erməni lobbisi güclüdür. Bu ölkədə hərbi bazası var. Bu, Türkiyə və Azərbaycana qarşı yönəlib. Paşinyanı qəbul etməsə də, Ermənistan onun regionda hərbi forpostudur. Ona görə də bilir ki, Azərbaycanda hərbi baza aça bilməz. Azərbaycanın öz strategiyasi var. Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı istifadə edir. Bu da təbii ki, Rusiya siyasi-hərbi elitasına ermənilərin nüfuz etməsindən irəli gəlir. Onlar müəyyən dərəcə təsir etmə mexanizminə malikdirlər. Həlledici məqamda Kremlə təsir edə bilirlər”.

Politoloq hesab edir ki, Rusiya regionda öz geosiyasi maraqlarını bəzən erməni lobbisi ilə uzlaşdırır: “Təəssüf ki, bu, belədir. Biz Rusiyaya nə qədər yaxınlaşaq da, Rusiya Ermənistana dəstək verəcək. Ona görə də çalışıb Türkiyə faktoru Rusiyanın müəyyən qədər neytrallağını saxlaya bilər. Rusiya yalnız Türkiyə faktoru ilə barışır. Düşünürəm ki, türk bazası da Azərbaycanda yerləşməlidir. Çünki geosiyasi nizam dəyişir və Azərbaycanın təhlükəsizliyi təhdid edilə bilər. Ona görə də rəsmi Bakı Rusiya faktorunu nəzərə alsa da çəkinməməlidir. Rusiya etdiyini edir, ya çəkinsin, ya çəkinməsin. Azərbaycanın Qarabagda hərbi əməliyyatları mütləq uğurlu olacaq. Artıq əvvəlki vəziyyət dəyişdi”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, Rusiya prezidenti Vladimir Putinin “müharibə Ermənistanda getmir ki, biz müdaxilə edək” açıqlamasına baxmayaraq, Kreml Ermənistanı var gücüylə dəstəkləyir: “Təsadüfi deyil ki, hələ döyüşlərdən bir neçə gün öncə prezident İlham Əliyev rusiyalı həmkarıyla telefon danışığında Rusiyanın hərbi təyyarələrlə Ermənistana yük daşımasından narahat olduğunu bildirmişdi. Bu proses bu gün də davam edir, hətta hərbi yükləri Moskvaya görüşə gələn Ermənistan xarici işlər nazirinin təyyarəsinə də doldurublar. Prezident İlham Əliyevin “Putin Nikol Paşinyanı xilas etdi” cümləsi ondan xəbər verir ki, rəsmi Bakı Kremlin siyasətindən aşkar narazıdır. İlham Əliyevin məlum cümləsində belə bir sətiraltı mesaj da var: “Siz Sorosun adamına necə dəstək verirsiniz?”. Məntiqlə Kreml Sorosun adamına dəstək verməməlidir. Ancaq məsələ burasındadır ki, Rusiya Ermənistanı itirmək istəmir. Belə olan halda Rusiyanın neytrallığından danışmaq mümkün deyil. Rusiyalı rəsmilər sözdə Azərbaycanı tərəfdaş ölkə adlandırırlar, ancaq əllərindən gələni edirlər ki, məmləkətimizin ərazi bütövlüyü təmin olunmasın, Ermənistan Dağlıq Qarabağda məğlub olmasın. Ona görə də biz bundan sonra Rusiyanın birtərəfli vasitəçiliyini qəbul etməməliyik”.

E.Şahinoğlu Moskvadakı Ermənistan-Rusiya danışıqlarına toxunaraq dedi ki, erməni nazirin 3 günlük Moskvaya səfəri xeyli suallar doğurur: “3 ölkənin nazirləri bir neçə gün əvvəl Moskvada görüşmüşdülər. Ermənistan hakimiyyətini indiki ağır vəziyyətdə nə məcbur edib ki, naziri bir neçə gün sonra Moskvaya göndəriblər? Böyük ehtimalla erməni nazir İrəvanın gələcək addımlarını razılaşdırmaq üçün Moskvaya gedib. Erməni nazir gərəkli təlimlər aldıqdan sonra İrəvana dönüb Nikol Paşinyanı məlumatlandıracaq. Əgər Paşinyan hakimiyyətə gələndə daha çox Qərb ölkələri əlaqələrə üstünlük verirdisə, hazırda tamamən Rusiyadan asılı vəziyyətə gəlib. Çünki Paşinyan Qərbdən istədiyi dəstəyi ala bilmədi, Ermənistana silahları və hərbi texnikanı da göndərən Amerika və ya Fransa deyil, Rusiyadır”.

Və...Minval.az etibarlı mənbələrə istinadən xəbər verir ki, bu ərəfədə Rusiyadan Ermənistana 300 ədəd tank əleyhinə idarə olunan “Kornet” raket sistemi çatdırılıb. Silahlar 9 oktyabrda Moskvaya uçan, 10 oktyabrda isə Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanın Yerevana qayıtdığı Ermənistan Xarici İşlər Nazirliyinin 701 nömrəli A319 hökumət təyyarəsi vasitəsilə daşınıb. Yaxın vaxtlarda “Kornet” tank əleyhinə idarə olunan raketlə yanaşı, “İqla” portativ zenit raket sisteminin də olacağı başqa bir silah partiyasının Ermənistana təslim edilməsi gözlənilir. Ermənistan, Qarabağdakı açıq hərbi məğlubiyyət fonunda, ölkəyə əsasən Rusiyadan əlavə silah tədarükü idxal etməyə çalışır.

Qarabağ döyüşçüsü Rey Kərimoğlu hesab edir ki, Azərbaycan dərhal Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzv dövlətlərinə dinc əhalimizin Ermənistan ərazisindən vurulduğunu bildirərək bunun dərhal dayandırılmasını tələb etməlidir: “Əks təqdirdə Ermınistandan atılan hədəflərin vurulacağını bildirməlidir! Dərhal! Təcili! Gecidkirmədən bunu etməlidir! Nəticə olacaq! Mütləq olacaq!”

Yazı çapa hazırlanarkən Türkiyə müdafiə naziri Hulusi Akarın rusiyalı həmkarı Şoyquya telefon açdığını və Ermənistanın işğalına son qoyulması istiqamətində Azərbaycanın yanında olacağını bəyan etdiyi barədə məlumat yayıldı. Rusiyanın neytrallaşdırılması üçün çox önəmli amildir Türkiyənin prosesdə iştirakı. Heç şübhəsiz Putinin Ermənistanı açıq şəkildə müdafiə etməməsi, amma xilas etməyə çalışmasının əsas səbəbi də budur...

Elşad Paşasoy,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR