Rusiya koronavirusun labirintinə düşüb. Ölkədə gözlənilmədən bir gündə 3 488 yeni yoluxma halı qeydı alınıb. Bu səbəbdən ölkə prezidenti Vladimir Putin 2-ci Dünya müharibəsində qələbəni 75-ci ildönümünə həsr olunan 9 May paradını təxirə salıb.
Kreml bu ilki ildönümünü bir sıra dünya liderlərinin iştirakı ilə, xüsusi təmtəraqla keçirməyə ümid edirdi. Lakin Putin tədbiri ertələməkdən başqa çarə qalmadığını deyib.
Epidemiyanın başlanğıc mərhələsində bir çox Qərbi Avropa ölkələrinə nisbətən Rusiyada koronavirus hallarının sayı nisbətən az olsa da, bu ay yoluxma halları kəskin şəkildə artmağa başlayıb. Ümumilikdə, yoluxanların sayı artıq 27 938-yə, ölənlərin sayı isə 232 nəfərə çatıb.
Beləcə, ilk dəfədir Rusiya 9 May paradını ertələyir. Kreml xalqın sağlamlığını, təhlükəsizliyini prioritet sayaraq, xüsusi hazırlaşdığı 75 illik yubileyi başqa tarixə keçirməli olur. Bəzilərinin fikrincə, parad pandemiyadan sonra baş tuta bilər. Amma Putin tədbirin nə zaman təşkil ediləcəyi tarixini açıqlamayıb. Üstəlik, yoluxma və ölüm artan templə getdikcə, Rusiya iqtisadiyyatına növbəti sarsıdıcı zərbələr qaçılmazdır.
Onsuz da Səudiyyə Ərəbistanı ilə olan neft savaşı ucbatından ciddi böhranla üzləşən Moskvanın ikinci düşməni gözəgörünməz pandemiya bəlasıdır.
Bəs Rusiyada yoluxma niyə birdən-birə fantastik sürətlə artdı? Moskvanı nə gözləyir?
Tanınmış həkim Vaqif Qarayevin Musavat.com-a bildirdiyinə görə, orada qeyri-adi heç nə baş vermir. Onun sözlərinə görə, bütün ölkələrdə olduğu kimi, Rusiyada da koronavirusa yoluxma artan templə gedəcək. “Yəni orada da yoluxmada pik olmalıdır. Rusiyanın iri şəhərlərində yoluxma çoxdur. Bu da sıxlıq olduğuna görədir. Moskvada sərt karantin tədbirlərinə baxmayaraq yoluxma sayı artır və artacaq da”, - deyə həkim qeyd etdi.
Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Rusiyada da yeganə çıxış yolu karantin qaydalarına ciddi şəkildə əməl etməkdir: “Pik nə zaman olacaq? Bax, onu özləri elan edərlər”.
Qeyd edək ki, siyasi şərhçi Maksim Şevçenko “Exo Moskva”da dərc edilən məqaləsində Rusiya hökumətini tənqid edib, COVİD19 testlərinin cəfəng və saxta olduğunu söyləyib. Sitat: “Dostlar, sabah xəstəxananı tərk etməliyəm. Ancaq daha iki həftə karantində olacağam. Həyatımı xilas etdilər, təşəkkür edirəm. Ancaq sizə söyləyəcəyim əsas məsələ budur - testlər tam cəfəngiyatdır. Və yalnız cəfəngiyat yox, həm də saxtakarlıqdır! Testlərimin heç biri (beş!) COVID-19-u göstərmədi! Testlərdə koronavirusun mövcudluğu göstərildiyi, insanın isə özünü sağlam və gümrah hiss etdiyi nümunələrdən də xəbərdaram. Buna görə iki sual ortaya çıxır: bu saxta testlərdən və COVID-19 ilə bağlı məcburi statistikadan kim pul qazanır, statistikalar və ona bağlı bu “testlər”in saxtalaşdırılması kimin maraqlarına uyğundur? Rusiyada kiminsə maddi marağı olmadan sistemli bir şey edilmədiyinə şübhəm yoxdur. Mütləq kiminsə həmtayfası, yerlisi, qardaşı, içki-kef yoldaşı, həmkarı və ya qohumu hər hansı bir test, maska, xüsusi qidalanma, peyvənd və digər şeylər üçün dövlətdən milyonluq, hətta milyardlıq icra müqaviləsi qoparacaq”.
Emil Salamoğlu,
Musavat.com






