Hakim “Vahid Rusiya”nın xəyanətdə ittiham etdiyi Anatoli Çubaysı son olaraq İstanbulda görüblər
Məlum olduğu kimi, martın 23-də “Rosnano”nun keçmiş rəhbəri və “rus özəlləşdirməsinin atası” sayılan Anatoli Çubays Rusiyanı tərk edib. O, həyat yoldaşı Avdotya Smirnova ilə xaricə gedib. Rusiyanı tərk etməzdən bir gün əvvəl o, Rusiya Prezidentinin dayanıqlı inkişaf və beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.
Musavat.com kp.ru saytına istinadən xəbər verir ki, Çubaysın Rusiyada ən bahalı mülkü Peredelkini kəndindəki villasıdır. Ekspertlər bu əmlakın dəyərini 2 milyard rubldan (25 milyon dollar) baha qiymətləndirirlər. Çubaysın xaricə getməsinə baxmayaraq, ümumi sahəsi 1,56 hektar olan ərazidəki villada tamamlama işləri davam edir. Xaricə getməzdən əvvəl Çubays və Smirnova qonaq evində yaşayıblar.
İki futbol meydançasının ölçüsünə bərabər olan ərazinin 2656 kvadratmetr sahəsi ev sahiblərinin yaşaması üçün ayrılıb. Qonaqlar üçün nəzərdə tutulan evin sahəsi 736 kv.m-dir. Təxminən 10 yaxşı avtomobil üçün qaraj üçün isə 374 kv.m yer ayrılıb. Malikanənin pəncərələrindən Nobel mükafatı laureatı Boris Pasternakın kottecini görmək olar. Maraqlı fakt odur ki, Çubaysın həyat yoldaşı, yazıçı və ssenarist Avdotya Smirnovanın babası (Sergey Smirnov yazıçı olub) vaxtilə Peredelkinidə yaşayıb.
Əsas evdə 20-dən çox otaq, hovuz və ev kinoteatrı var. Bina məşhur memar Sergey Skuratov tərəfindən layihələndirilib. Avdotya Smirnova evə öz rəsm kolleksiyasını da yerləşdirib. Onun sevimli əsərləri arasında "Mitkov"un yaradıcısı Vladimir Şinkarevin əsəri var. Rəsmlərindən biri üçün Smirnova 12 min ABŞ dolları ödədiyini özü Kseniya Sobçakla müsahibəsində danışıb.
Çubaysın istefası Rusiyanın Ukraynadakı müharibəsi fonunda Kremlə yaxın oliqarxların arasında illərlə davam edən gizli münaqişənin üzə çıxması kimi də qiymətləndirilirdi. Məlumdur ki, Putinin hərbi əməliyyatlara başlamaq qərarı təkcə Rusiyanın şou-biznesində deyil, oliqarxlar arasında da ciddi etirazla qarşılanıb. Rusiya hakimiyyəti birmənalı olaraq əvvəlki xidmətlərindən asılı olmayaraq, bu əməliyyatlara qarşı çıxıb Ukraynanın tərəfini tutanları “vətən xaini” elan edib. Hakim “Vahid Rusiya” da ölkəni tərk edən Çubaysı “xəyanətdə” ittiham edib.
"Anatoli Çubays öz istəyi ilə işdən çıxıb. Onun Rusiyadan gedib-getməməsi isə şəxsi işidir". Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Çubaysın istefasında Putinin İsveçrədə gizlənmiş düşməni Mixail Xodorkovskinin yaydığı bir video müraciətlə də əlaqələndirirdilər. Xodorkovski qısa videosunda Çubays da daxil bir neçə oliqarxın adını çəkərək onları Ukrayna məsələsində qəti mövqe ortaya qoymağa çağırmışdı. “Əks halda, siz mənim düşmənimsiniz, inciməyin” deyə, Xodorkovski müraciətinin sonunda bildirmişdi.
Çubaysın indi harada olması haqda dəqiq bilgi yoxdur. Onu ölkəni tərk etdikdən sonra İstanbula getdiyi deyilirdi. Rusiyadan Avropaya uçuşlar dayandığı üçün onun İstanbuldan başqa ölkəyə uçacağı söylənilirdi.
Orxan ƏLİYEV,
Musavat.com






