Donetsk vilayətində Malayziyaya məxsus Boeing təyyarəsi qəzaya uğrayıb.
APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, təyyarə antiterror əməliyyatı zonasında vurulub.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 295 nəfər olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.
ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Ukrayna daxili işlər nazirinin məsləhətcisi Anton Qeraşenko Facebook səhifəsində yazıb.Onun sözlərinə gorə, Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən təyyarə Torez yaşayış məntəqəsi üzərində, Donetsk vilayətinin, Şaxtyorsk rayonunun, Qrabovo kəndi yaxınlığında "Buk" zenit raket kompleksi ilə vurulub.
Qəza zamanı 280 sərnişin və 15 ekipaj üzvünün öldüyü bildirilir.
Qeyd edək ki, təyyarənin qəzaya düşməsini Malayziya hava limanının rəsmisi Böyük Britaniyanın Sky News telekanalına müsahibəsi zamanı təsdiq edib.
Xatırladaq ki, təyyarənin düşdüyü ərazi hazırda "Donetsk Xalq Respublikası" tərəfindən idarə edilir.
Musavat.com-un pravda.com.ua saytına istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Petro Poroşenko Boinq-777 təyyarəsinin vurulması ilə bağlı təhqiqat aparmaq üçün beynəlxalq komissiya yaradılmasına çağırıb. Prezident Ukraynanın Nazirlər Kabinetinə komissiya yaradılması barədə göstəriş verib, Niderland və Malayziya dövlətlərinin təmsliçilərini də həmin komissiyada iştirak etməyə çağırıb.
Bu son günlərdə münaqişə bölgəsində vurulan üçüncü təyyarədir.
***
Ukrayna mediası yazır ki, terror aktına məruz qalmış təyyarənin partlaması nəticəsində həlak olmuş insanların cəsədlərinin qalıqları dörd kilometr radiusunda yayılıb və onların kimliyini təsbit etmək indilikdə mümkün deyil.
Təyyarənin qəzaya uğradığı yerin yaxınlığındakı Qrabovo qəsəbəsinin sakinləri bildiriblər ki, evlərin üstünə sərnişinlərin cəsədləri və əşyaları tökülüb. Yerli əhali ondan artıq meyitin çılpaq şəkildə yırə çırpıldığını və onlar asiyalılara (ya vyetnamlılarla, ya da çinlilərə) məxsus olduqlarını bildiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaçları bütün qəsəbə ərazisindən cəsədləri toplayıblar.
Rusiya mediası isə bu müdhiş terror aktının Ukraynada vuruşan separatçı-terrorçulara aidiyyatının olmadığını yazır.