Putin və Ollanddan separatçı rejimin başçısı Saakyana 24 aprel qadağası
Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan aprelin 24-də İrəvana, saxta soyqırımın 100 illiyi ilə bağlı keçiriləcək mərasimə qatılmayacaq.
Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, qondarma qurumun rəhbəri bunu Xankəndində “soyqırım” memorialının açılış mərasimində iştirak etməsi ilə izah edib.
Lakin həqiqət başqadır. Məsələn, siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan deyib: “Bu, sıradan bir ildönüm deyil. Bu il İrəvana elan edildiyi kimi, minimum 4 prezident dələcək. Onların yanlarında tanınmayan bir qurumun başçısının dayanması dünya tərəfindən düzgün anlaşılmaz və bu ölkələrin Azərbaycanla münasibətlərinə mənfi təsir edərdi. Azərbaycanla münasibətləri isə heç kim korlamaq istəmir”.
Onun fikrincə, Bako Saakyanın Minsk Qrupunun iki əsas yaradıcı dövləti – Rusiya və Fransanın başçıları ilə yanaşı durması xüsusilə arzuolunmazdır.
“Aydın məsələdir ki, memorialın açılışı İrəvana gəlməmək üçün bəhanədir. Çünki indiyədək Saakyan hər il aprelin 24-də İrəvanda olub” - əlavə edib erməni politoloq.
Musavat.com






