İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin düzəlişləri” üçün səsvermə bitdi - ilkin şok nəticə...

5494 02.07.2020 00:11 Siyasət A A

Rusiyanın dağınıq müxalifəti karantin səbəbindən referendum düzəlişlərinə qarşı nə əvvəl, nə indi heç bir təşkilatlanmış müqavimət ortaya qoya bilmədi

Rusiyada konstitusiya dəyişikliyi ilə bağlı bir həftə davam edən səsvermə bu axşam-iyulun 1-də  yekunlaşdı. Bu, formatda seçki keçirilməsi müasir Rusiya tarixində bir ilk idi. Pandemiya səbəbindən ilk 6 gün online səsvermə keçirildi, yalnız iyulun 1-də   vətəndaşlar mövqelərini bildirmək üçün məntəqələrə getdilər.

İlkin rəsmi nəticələr referendumda umumi iştirak faizinin yüksək olduğunu deyir. Xüsusilə Moskva və Sankt-Peterburqda vətəndaş fəallığı yüksək olub. Rusiya Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Ella Pamfilova deyib ki, qanunla referendumun nəticələri 5 gün ərzində elan olunmalıdır. Amma MSK bu müddəti çox uzatmayacaq. Gözlənilir ki, bu gün-iyulun 2-də günorta MSK referendumun ilkin nəticələri haqda artıq dəqiq bilgi verə biləcək.

Seçki ilə bağlı ilk sensasiya da var. Belə ki, bir neçə saat əvvəl rəsmi məlumat yayılıb ki, Komi Respublikasında konstitusiyaya ediləcək dəyişikliklər cəmi 37.03% vətəndaş tərəfindən dəstəklənib. MSK-ın verdiyi məlumata görə, 62.79% referendumda “Yox” deyib. Bu sensasiya doğuran xəbər tirajlandıqdan sonra MSK bildirib ki,  “yayılmış məlumatda ciddi texniki yanlışa yol verilib”. Belə ki, “Yox” deyil, “Hə” deyənlərin səs faizi 62.79%-dir.

Bu yazını Musavat.com üçün hazırlayarkən, bütövlükdə ölkə üzrə sayılmış 20 faiz protokollara əsasən, düzəlişlərin lehinə 72.11%, səs verildiyi bildirilirdi.

 

206 düzəlişi ehtiva edən dəyişikliklər paketi əsas etibarilə sosial sahələri əhatə edir. Ölkənin əsas qanununa ediləcək düzəlişlərə görə ilk dəfə məsələn, nikah kişi və qadının birgə yaşayışı kimi yazılır. Allaha inanmaq əsas qanuna salınır, rus xalqı dövlətin sahibi və əsas mənbəyi kimi göstərilir və sair...

Prezident Vladimir Putin ənənəvi olara Rusiya Elmlər Akademiyasının binasında yerləşən məntəqədə səs verib. Putinin maskasız və əlcəksiz  olmasına diqqət çəkən mediaya dərhal Kremldən cavab gəlib. Bildirilib ki, “prezident bütün məntəqələrdə sanitar təhlükəsizliyinin təmin edildiyinə inanır”.

Referenduma həm ölkədə, həm xaricdə diqqətin əsas səbəbi isə məlumdur ki, Rusiya hakimiyyətinin sonrakı taleyi ilə bağlı düzəlişdir. Hakimiyyət bütün bu prosesi ciddi hesab olunan sosial məsələlər içərisində “itirməyə” çalışsa da, buna nail ola bilməyib. Bu səbəbdən, yeni düzəlişlərə “Yox” deyənlər(bülletendə iki qrafa-“Hə” və “Yox”seçimi olub) sosial haqlara deyil, birmənalı olaraq Putinin hakimiyyət iddialarına qarşı çıxanlardır. Konstitusiya referendumuna əksəriyyət  “Hə” deyərsə, bu həm də bir şəxsin iki müddət seçilmə hüququ barədə bənddə “ard-arda” sözünün götürülməsinə verilmiş razılıq olacaq.

Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə qalmaq müddəti 2024-cü ildə başa çatır və ölkəsinin konstitusiyasına uyğun olaraq, o, bir daha prezident seçilə bilməzdi. 2024-cü ildə Rusiya liderinin 71 yaşı olacaq. Bu yaş isə hazırda hakimiyyətdə olan bir sıra prezidentlə müqayisədə belə Putinə yenidən kürsüsündə qalmaq şansı verirsə, niyə də hakimiyyətdə qalmasın...  

Məntəqələrin açılmasına bir neçə saat qalmış Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun “İnstaqram”da “Putini ömürlük prezident seçmək lazımdır, ona rəqib olacaq kimsə yoxdur” postu ciddi rezonans doğurub. Putinin son prezident seçkisində rəqiblərindən biri olmuş Kseniya Sobçak deyib ki, Kadırovun bu sözündən sonra mütləq referenduma getmək(yəni məlum düzəlişə “Yox” demək anlamında-Musavat.com) lazımdır. Kreml sözçüsü Peskov isə Rusiyada ömürlük prezidentlik olmadığını deyərək, əlavə şərh verməyib.

Rusiyanın dağınıq müxalifəti isə karantin səbəbindən referendum düzəlişlərinə qarşı nə əvvəl, nə indi heç bir təşkilatlanmış müqavimət ortaya qoya bilməyib. Ötən yazılarımızda da qeyd etmişdik ki, Rusiyada Putinin siyasi kursuna qarşı çıxmağa, hakimiyyətdə olduğu 20 ildə qurduğu sistemi  laxlatmağa qadir olan heç bir siyasi qüvvə, üstəlik müxalifət missiyasını üzərinə götürə biləcək inanılmış şəxs yoxdur. Ortada Rusiya prezidentini səmimi olaraq dəstəkləyənlər var ki, onlar ölkənin gələcəyini Putinlə görürlər, bunu əsaslandırırlar, arqumentləri də ağıllı və tutarlıdır...

Orxan ƏLİYEV,
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR