Rəsmi Kiyev və Qərbdəki himayədarları Rusiyanı yanvarda işğala hazırlaşmaqda ittiham edir, Kreml inkar edir; ekspertin fikrincə, döyüşlər olmayacaq, Moskva NATO-nun şərqə doğru genişlənməsini tormozlamaq üçün spekulyasiya edir
Ukrayna böhranı ilə əlaqədar gərginliyin artdığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin ABŞ və NATO-nu yenidən təcili danışıqlara çağırıb. Kremlin bildirdiyinə görə, Putin finlandiyalı və fransalı həmkarları ilə telefon danışıqları zamanı bu çağırışı bir daha təkrarlayıb. “Yeni Müsavat”ın xarici siyasət şöbəsi yazır ki, son həftələr Ukrayna və onun Qərb himayədarları Rusiyanı yanvarın əvvəlində işğala hazırlaşmaqda, sərhədlər yaxınlığında qoşun toplamaqda ittiham edib.
Amma Rusiya rəsmiləri Moskvanın hər hansı hücuma hazırlaşdığını inkar edir və Ukraynanı təxribatda günahlandırır. Bundan əlavə, Kreml qüvvələrini öz ölkəsi daxilində istədiyi yerə köçürmək hüququna malik olduğunu deyir.
Belə görünür ki, Putin Ukraynada müharibə istəmir, ya da özünü müharibə istəmirmiş kimi, böhranın danışıqlar yoluyla həll edilməsini istəyən kimi göstərir. Bu mövzuda xorvat nəşri - “Geopolitika”nın siyasi yazarı Zoran Meter öz məqaləsində qeyd edir ki, Rusiya və ABŞ Ukrayna ətrafındakı situasiyadan çıxış yolu tapacaq, lakin sonuncunu Karib böhranından sonrakı Kubanın taleyi gözləyir. O bildirib ki, ABŞ və NATO Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, öz silahlı qüvvələrindən istifadə etməyəcək: “Moskvada da açıq bəyan etdilər ki, Kiyev hücum etməyəcəyi təqdirdə, qonşu ölkəyə əməliyyat planlaşdırmırlar”. Meter əlavə edib ki, Karib böhranı ABŞ-SSRİ arasında hansı rol oynayırdısa, Ukrayna böhranı da rus-amerikan əlaqələrində həmin yerə malikdir. Yazarın fikrincə, ABŞ və Rusiya indi sxemdə mövqeləri dəyişdiriblər, Kubanın əvəzinə Ukraynadır.

Zoran Meter
Bu arada Ukrayna Donbasdakı münaqişə zamanı 15 minə yaxın insanını itirib. Bunu ölkənin prezidenti Vladimir Zelenski İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib. “Milyon yarım insan öz evlərini tərk etməyə məcbur oldu və məcburi köçkünə çevrildilər. Ukrayna Donbasda sülhün davamlı olmasını təmin etmək üçün bütün lazımi səyləri etməyə hazırdır. Ötən illər ərzində Ukrayna tərəfi Rusiyaya münaqişənin həlli üçün çoxlu variant təklif edib və danışıqları bərpa etməyə dəfələrlə cəhd edib. Əgər həmin danışıqları saymağa başlasaq, bu müsahibə qalın kitaba çevrilər”, - Zelenski bildirib. Bütün bu gedişatdan belə nəticə çıxarmaq olar ki, Rusiya Ukrayna ilə döyüşmək niyyətində deyil? Moskva NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq üçün sərhədlərdə belə həmlələr edir?

Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiya Ukraynaya hücum etsə, bölgə “qan çanağı”na çevrilə bilər. Onun fikrincə, ABŞ və NATO qüvvələri bu və ya digər şəkildə Ukraynanı müharibədə dəstəkləyəcəklər: “Ukrayna slavyan zonasının Suriyasına dönə bilər. Rusiya isə sərhədlərində müharibə arzulamır. Çünki bundan onun daxilində parçalanma, qarışıqlıq yaradılması üçün istifadə ediləcək. Ona görə Moskvanın Ukrayna krizisi ilə bağlı spekulyasiya etdiyini görə bilərik. Bu gərginlik Qərbin müəyyən qədər geri çəkilməsinə səbəb olacaq. Düşünmürəm ki, məsələ hərb meydanında həllini tapsın. Düzdür, Baydenlə Putinin görüşündə ciddi nəticə olmadı, amma gərginlik silahların işə düşməsinə gətirib çıxarmayacaq”.
Ekspert hesab edir ki, Zelenski Putinlə danışıqlar masasına oturmalıdır: “Ukrayna lideri anlamalıdır ki, ölkəsini poliqona çeviriblər və Rusiya ilə NATO strateji mübarizə aparır. Bu böhran isə uzun müddət davam edəcək. Rusiya Donbasda separatçıları dəstəkləyəcək, Ukrayna hələ o ərazilərdə suverenliyi təmin edə bilməyəcək, məsələ Qarabağ danışıqları kimi uzun illər müzakirə predmetinə çevriləcək. NATO və ABŞ şərqə doğru genişlənməyi hədəfləyib və Rusiya bundan ciddi narahatdır deyə gərginlik uzanacaq. Baxın, Ukrayna müdafiə naziri Aleksey Reznikov deyir ki, sərhədlərində 100 minə yaxın rus hərbçisi var. Əgər müharibə başlasa, 5 milyon ukraynalı qaçqın vəziyyətinə düşə bilər. Əslində Putinin son hədəfi Ukrayna deyil, Rusiya Avropaya yayılmaq istəyir. Amma bu, uzunmvədəli plandır. Yəni Kreml NATO-nun şərqə doğru genişlənməsini tormozlamağa çalışır, Qərb və ABŞ isə Ukrayna üzərindən Rusiyanı sıxışdırır”.
Qeyd edək ki, Avropa İttifaqının xarici işlər nazirləri dekabrın 13-də Brüsseldə bir araya gələrək, Moskva Ukraynaya yeni hərbi müdaxiləyə başlayarsa, ona qarşı sanksiyalarla cavab tədbirlərini müzakirə edib. Avropa İttifaqı 2014-cü ilin martında Ukraynanın Krım bölgəsini zorla ələ keçirməsi və həmin ilin aprelindən bu yana 13200-dən çox insanın ölümünə səbəb olan münaqişədə Moskvanın Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə görə Rusiyaya qarşı artıq bir neçə dəfə sanksiyalar tətbiq edib. Bu arada Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov xəbərdarlıq edib ki, NATO şərqə doğru genişlənməsinə son qoymağa zəmanət verməsə, Moskva “hərbi” cavab verəcək və taktiki nüvə silahlarını yerləşdirəcək.
Emil SALAMOĞLU
“Yeni Müsavat”






