İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulu alana Avropada “yaşıl işıq”: investisiya qoymaqla vətəndaşlıq almaq olar

3285 01.05.2015 16:47 Son xəbər A A
Vahid Əhmədov: “İnvestisiya cəlb etmək üçün bu yaxşı variantdır, ancaq təhlükəsizlik baxımından əlverişli deyil”

Müzəffər Baxış: “Azərbaycanda vətəndaşlığın verilməsi ilə bağlı güzəştlər   elm, texnika, idman və sair sahələrdə yüksək uğur qazanmış şəxslərə şamil olunur”

Vüqar Bayramov: “ABŞ, Kanada və Avropa ölkələri ilə müqayisədə xaricilər üçün Azərbaycan vətəndaşlığı o qədər də cəlbedici deyil”

Dünyanın bir çox inkişaf etmiş ölkələrində yaxşı pulu olan xarici vətəndaşlar üçün yaşıl işıq yandırılır. Belə ki, bir ölkənin iqtisadiyyatına 500 -600 min dollar və ya avro vəsait yatırmaqla həmin ölkədə uzunmüddətli oturma izni almaq, bir çox hallarda isə vətəndaşlıq almaq belə mümkündür. Dövlətlər bu yolla xarici sərmayəçiləri cəlb edir, iqtisadiyyata qoyulan yatırımların həcmini artırır.Sözügedən praktikadan istifadə edən ölkələr sırasında ABŞ, İngiltərə, Kanada, Portuqaliya və digər ölkələrin adlarını çəkmək olar. 
İngiltərə iqtisadiyyatına 1 milyon funt-sterlinq məbləğində investisiya yatırmaqla  “sərmayəçi vizası” əldə etmək mümkündür. Latviyada bunun üçün 150 min avro investisiya tələb olunur. Portuqaliyada 500 min avro, Cənubi Kiprdə 300 min avro, Yunanıstanda 250 min avro, Kanadada 600 min Kanada dolları, ABŞ-da 500 min ABŞ dolları investisiya yatırmaqla “qızıl viza” almaq mümkündür. Şərtlərə görə, bu vəsaitlər biznesə yatırılmalıdır və onun çox az bir qisminə daşınmaz əmlak almaq olar. Məsələn, ABŞ-da 500 min dollar investisiya yatırılırsa, bunun 150 min dollardan artıq hissəsi ev alınmasına sərf oluna bilməz. Sadalanan bu ölkələrdə müəyyən olunan məbləğdə yatırım edən xarici vətəndaşlara uzun müddətli viza verilir və 3-4 il mütəmadi yaşadıqdan sonra onlar müəyyən yoxlamalardan keçərək ölkənin vətəndaşı ola bilərlər. Yaşamaq dedikdə, hər  ilin müəyyən olunan müddətini bu ölkədə yaşamaq nəzərdə tutulur. Bəzi ölkələrdə ilin 180, bəzilərində 200 gününü orada yaşamaq vətəndaşlıq alınması üçün məcburidir. 
Yalnız İspaniyada 2 milyon avro investisiya qoymaqla birbaşa vətəndaşlıq almaq mümkündür. Ancaq burada investisiyanın hansı sahəyə yatırılacağına hökumət qərar verir. 
Azərbaycanda  isə qanunvericiliyə görə, vətəndaşlıq verilməsi mümkün olmasa da, müvəqqəti və daimi oturma hüququ verməklə bağlı investisiya qoyan şəxslərə bu cür imtiyazlar nəzərdə tutulur. 


Bu barədə “Yeni Müsavat”a danışan hüquqşünas Müzəffər Baxış bildirdi ki, Azərbaycan iqtisadiyyatına azı 500 min manat məbləğində yatırım edən müvəqqəti icazə verilməsi mümkündür: “Miqrasiya Məcəlləsinin 45-ci maddəsinə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar nəzərdə tutulur: Azərbaycan vətəndaşı olan şəxslə yaxın qohumluğu olduqda, ölkə iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya qoyduqda, ölkə ərazisində azı 100 min manatlıq daşınmaz əmlaka sahib olduqda, və ya Azərbaycan Respublikası banklarında həmin məbləğdə pul vəsaiti olduqda, iqtisadiyyat, sənaye, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda və digər bu kimi hallarda həmin şəxslərə müvəqqəti icazə verilməsi üçün və ya sonradan daimi icazə verilməsi mümkündür”. 
Hüquqşünasın sözlərinə görə, vətəndaşlığın verilməsi ilə bağlı güzəştlər   elm, texnika, idman və sair sahələrdə yüksək uğur qazanmış şəxslərə şamil olunur: “Vətəndaşlığın verilməsi ilə bağlı isə iqtisadiyyat, elm, texnika, idman sahəsində xidmətləri olan şəxslərə “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə belə şəxslərin vətəndaşlığa qəbulu üçün imtiyazlar nəzərdə tutulub. Qanuna görə, həmin əcnəbi şəxslərə vətəndaşlıq əldə etməsi üçün ən azı 5 il ölkə ərazisində yaşaması tələb olunur. Qanunvericilikdə bəzi hallarda həmin əcnəbi şəxslərin və vətəndaşlığı olmayanların 5 il müddəti nəzərə alınmadan vətəndaşlığı qəbul edilməsi nəzərdə tutulur. Şəxsin elm, texnika, mədəniyyət, idman sahəsində yüksək nailiyyətləri olduqda, şəxs ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyi hallarda 5 il müddəti nəzərə alınmaya bilər. Ancaq investisiya yatırımına görə, vətəndaşlığa qəbul nəzərdə tutulmayıb, ancaq oturma icazəsi almaq üçün güzəştli şərtlər mövcuddur”. 


İqtisadçı ekspert Vüqar Bayramlı isə bildirdi ki, təkcə ABŞ və Kanadada deyil, Avropa Birliyinə üzv olan bir sıra ölkələrdə bu praktika tətbiq edilir: “Burada əsas məqsəd  ölkəyə daha çox investisiya cəlb etməkdir. Eyni zamanda yüksək məbləğdə investisiyaya malik olan şəxslərin təhlükəsizlik baxımından da hər hansı problem yaradacağı gözlənilmir. Bu baxımdan həmin şəxslərin cəmiyyətə sosial mənfi təsirləri olmadığı üçün dövlətlər onlara vətəndaşlıq verməkdə maraqlıdırlar. Azərbaycanda bu praktikanın tətbiq edilməməsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, müharibə şəraitində olan ölkədir, Ermənistan tərəfindən torpaqları işğal edilib. Bu baxımdan belə vətəndaşlıqların verilməsinin müəyyən riskləri var. Azərbaycanda ikili vətəndaşlığın tətbiq olunmamasının da səbəbi budur. 
Son illərdə dünyada terror hərəkatlarının daha da intensivləşməsi bəzi dövlətlərin oxşar praktikanı tətbiq etməyə tərəddüdlə yanaşmasına gətirib çıxarır. Azərbaycanda mövcud tərəddüd  də məhz bununla bağlıdır. İndiki məqamda iqtisadi baxımdan bu cəlbedici olsa da, siyasi və təhlükəsizlik baxımından məqbul hesab edilmir. Təbii ki, gələcəkdə inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da bu praktikanın tətbiq edilməsi mümkündür. Bu qeyri-neft sektoruna yatırılan investisiyanın artmasına səbəb olacaq”. 
İqtisadi ekspert onu da vurğuladı ki, ABŞ, Kanada və Avropa ölkələri ilə müqayisədə xaricilər üçün Azərbaycan vətəndaşlığı o qədər də cəlbedici deyil: “Avropa Birliyi ölkələrinin vətəndaşı olmaq imkan verir ki, vizasız dünyanın əksər ölkələrinə səfər edə bilsinlər. Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı elə də çox deyil. Azərbaycan inkişaf etməkdə olan ölkədir və buranın vətəndaşlığı olmaq xaricilər üçün cəlbedici görünmür”. 


Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə qeyd etdi ki, hər kəsə vətəndaşlıq vermək düzgü deyil: “Bəlkə o yatırım edən şəxslər hansısa dövlətin agentura şəbəkəsində işləyir. Bu insanlar ölkəyə qəbul ediləndə ciddi şəkildə yoxlanılmalıdır. İnvestisiya cəlb etmək üçün bu yaxşı variantdır, ancaq ciddi yoxlamalardan keçməlidir. Qanunvericilik də xarici vətəndaşın ölkəyə investisiya qoymasına mane olmur. Ancaq vətəndaşlığa qəbul etməyin şərtləri başqadır. Azərbaycan müharibə aparan dövlətdir, əcnəbilər gəlib burada vətəndaşlıq alıb sonradan təxribatlar törədə bilərlər”. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR