Aprelin 1-də Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilib. Növbəti aksiya aprelin 5-nə təyin olunub, amma sonradan 5 aprel mitinqi təxirə salınıb.
Natiq Kərimovun dediyinə görə, 1 aprel mitinqinə səbəb qəsəbədəki sosial problemlər olub: “İşıq, qaz probleminə, əhaliyə kənd təsərrüfatı ilə məşğul olmaq üçün ağır şərtlərlə kredit verilməsinə etiraz etmək məqsədimiz var idi. Sonradan hadisələrin siyasi məcraya yönəldilməsinə cəhd edildi. Biz də başa düşdük ki, kimlərinsə əlində alət ola bilərik, ona görə də bu yoldan çəkildik. Prosesi qəsdən qızışdırıb, xalqın gözünü qırmaq istəyirlər. Biz isə, əlbəttə ki, belə təxribata getmərik”.
Natiq Kərimov onu da bildirib ki, qəsəbədə kimlərinsə həbs olunması barədə məlumatlar həqiqəti əks etdirmir.






