İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokurorluq Səidi Nurinin niyə ölkədən buraxılmadığına aydınlıq gətirdi

1399 06.09.2014 08:30 Ölkə A A


S.Nuri AzadlıqRadiosuna bildirib ki, Vaşinqtonda da vəziyyəti bilirlər: “Məncə, bu, siyasi motivlidir. Ancaq dəqiq hansı ittiham olacaq, deyə bilmərəm. Bu, artıq hakimiyyətin fantaziyasına uyğun bir şey olacaq. Mənim atam xəstə idi və ailə üzvlərimi görməyə gəlmişdim. Atamın xəstəliyi ilə bağlı xəbəri alanda mən Ukraynada rəsmi səfərdə idim. Orada Azərbaycan səfirliyinə yaxınlaşdım və viza istədim. Öncə dedilər ki, iki gün ərzində viza veriləcək. 

Bir həftə keçdi, vermədilər. Sonra bildirdilər ki, Azərbaycanda hansısa qurum mənim ölkəyə gəlməyimi istəmir. Bu haqda Vaşinqtonu, Dövlət Departamentini məlumatlandırdıqdan sonra mənə viza verdilər. Əvvəl ölkəyə buraxmırdılar, indi də ölkədən buraxmırlar". 

S.Nuri qeyd edib ki, 2003-cü ildən siyasi proseslərin içindədir: “Mənim bu hakimiyyətə qarşı mövqeyim həmişə müxalif olub. Ölkədən də siyasi mühacir kimi çıxmışam. Mən öz siyasi fəaliyyətimi kifayət qədər məhsuldar hesab etmirəm. Bilmirəm, mənim hansı fəaliyyətim bunları qıcıqlandırıb ki, beynəlxalq qalmaqala səbəb olacaq addım atıblar. Mənə qarşı ittiham nə olacaq, bilmirəm. Rəsmi açıqlama gözləyirəm. İstənilən qərara hazıram, heç nədən qorxmuram. İstər həbs olsun, istər deportasiya. Vəkillərlə məsləhətləşirəm. Ciddi işlər görüləcək. Bu qadağa xırda məsələ deyil, hakimiyyətə başağrısı gətirəcək”.
Hüquqşünas Müzəffər Baxış S.Nurinin işi ilə maraqlanıb. Onun sözlərinə görə, gəncin səhvi orada olub ki, Azərbaycan vətəndaşlığından imtina ilə bağlı ərizə yazmayıb və buna dair prezident sərəncamı olmayıb. 


M.Baxış bildirdi ki, Azərbaycan tərəfi S.Nurini hələ də öz vətəndaşı kimi tanıyır: “1998-ci il sentyabrın 30-da ”Azərbaycan Respublikası vətəndaşlığı  haqqında" Qanunun 10-cu maddəsi qəbul edilib. Bu müddəaya görə Azərbaycan beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallardan başqa öz vətəndaşını başqa dövlətin vətəndaşının mənsubiyyəti kimi tanımır. 

Səid Nurinin də Azərbaycan vətəndaşlığından çıxması barədə sərəncamı qəbul edilməyib. O, vətəndaşlıqdan çıxmaq üçün müraciət etməliydi və prezident xitam verməliydi. Ancaq belə sərəncam olmayıb". 

Hüquqşünas ona əcnəbi olsa belə, cinayət işi açıla biləcəyini mümkün sayır: “Ona görə də Səid 15 dövlətin vətəndaşı olsa belə, onu Azərbaycan tərəfi öz vətəndaşı kimi tanıyır. Əgər söhbət cinayət işi açıb, ölkədən çıxışına qadağa qoymaqdan gedirsə, bunu lap əcnəbi də olsa edə bilərlər”. 

Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a göndərilən məlumatda deyilir: “Azərbaycan vətəndaşı, 23 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, mənzil 9 ünvanında qeydiyyatda olan Nuriyev Səid Fikrət oğlunun hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlıdır”.
Baş Prokurorluq onu da qeyd edib ki, S.Nuriyev Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib. Qüvvədə olan qanunvericiliyə görə, bu halda Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti S.Nuriyevə münasibətdə tanınmır. 

Artıq rəsmi Vaşinqton S.Nurinin Bakıda saxlanmasına reaksiya verib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən vəziyyəti “Turan”a şərh edərkən bunları bildiriblər: “Bizdə məlumat var ki, ABŞ vətəndaşının Azərbaycandan çıxmasına qadağa qoyulub. Biz xaricdəki ABŞ vətəndaşlarının hüquqlarını təmin etmək üçün mümkün konsul tədbirlərini həyata keçiririk. Keçirilən tədbirlərin detalları açıqlana bilməz”. 

“Freedom House” hüquq-müdafiə təşkilatının rəhbəri Devid Kramer də baş verənləri “Turan”a şərh edib: “Azərbaycan hakimiyyətinin ABŞ vətəndaşı Səid Nurini ölkədən buraxmaqdan imtina etməsi bizim təşkilatı narahat edir. Biz onun dərhal buraxılmasını, bundan öncə isə  lazımı tibbi, hüquqi və digər  yardımla təmin olunmasını, onun ABŞ səfirliyi, ailəsi ilə və digər əlaqələrinin məhdudlaşdırılmamasını tələb edirik”. ABŞ-ın Bakıdakı keçmiş səfiri, hazırda Meyson Universitetinin professoru Riçard Kozlariç isə deyib ki, hakimiyyət Azərbaycanda tənqidi səsləri susdurmaq üçün saxlanma və həbsləri davam etdirir: “İş o yerə çatıb ki, xəstə atasına baş çəkməyə gəlmiş ABŞ vətəndaşını saxlayırlar. Və bu məqamda da Azərbaycan prezidentinin ABŞ-ın dövlət katibi ilə görüşü keçirilir”. 
Qeyd edək ki, S.Nuriyev keçmiş “Yeni Fikir” Gənclər Təşkilatının sədr müavini olub. 

Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR