"Meqa-Siti Holdinq” MMC-nin vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb. Onlar 33 nəfərə qarşı dələduzluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə külli miqdarda dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında iki zərərçəkmişin məhkəməyə göndərdiyi məktublar elan edilib. Həmin zərərçəkənlər təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını, onları aldadan şəxslərin Maksim Zeynalov və şirkətin digər payçılarının olduğunu qeyd ediblər.
Daha sonra hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı tərəflərin mövqeyini öyrənib.
Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədən vətəndaşlara dəymiş ziyanı ödəmək üçün vaxt istəyib.
Hakim isə bildirib ki, artıq dəfələrlə təqsirləndirilən şəxslərə vaxt verilib, hətta məhkəmə istintaqı yenilənib. Lakin buna baxmayaraq zərərçəkənlərlə barışıq yoxdur.
Müşavirədən sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Hakim çıxış üçün dövlət ittihamçısına söz verib.
Prokuror daha əvvəlki çıxışı ilə eyni məzmunlu çıxış edib. Dövlət ittihamçısı Aqil Qədirovun 12 il, Elnur Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses sentyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin payçısı Aqil Qədirov və Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.
Cinayət işində 33 zərərçəkmiş var. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.
İttihama görə, həmin şəxslər inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.
Bildirək ki, MMC yaşayış binasını 2007-ci ildə inşa etməyə başlayıb.
Amma hələ də bina tam olaraq inşa edilməyib. Şirkətdən mənzil alan vətəndaşların şikayətləri illərlə mətbuatda dərc edilib.
Vətəndaşlar deyir ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilmiş “Meqa Siti Holdinq” MMC-nin digər payçıları Nuruyev Fariz Əsəgər oğlu, Nəsirzadə Fərhad Rauf oğlu və Zeynalov Maksim Ağaqulu oğlu adlı şəxlərdir. Bəzi vətəndaşlar bu payçılardan da şikayətçidir.
İlkin Muradov
Musavat.com






