Narkotik vasitələrin satışında təqsirləndirilən Lamiyə Quliyeva və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı çıxışında Ceyhun İsmayılovun 8 il 6 ay Lamiyə Quliyevanın isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.
Qeyd edək ki, ötən il Nəsimi rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Kubinka" adlanan yerdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı saxlanılıb. O, marixuana, heroin, "kokos" (kokain), metamfetamin, "spays" qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olub.
Daha sonra C.İsmayılov da cinayət məsuliyyətinə cəlb edilib.
Xatırladaq ki, L.Quliyevanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva və bacısı Şəms Səmədova da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar. S.Səmədova da hazırda həbsdədir.
Şəms Səmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
İlkin Muradov,
Musavat.com






