İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor İlham Rəhimov iki dəniz ölkələrinin hüquqşünaslarını Bakıya topladı - FOTOLAR

5995 04.10.2016 21:47 Siyasət A A


“Qara və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının yaradılmasında əsas məqsəd bu coğrafiyaya daxil olan ölkələrində biznes mühitinin yaxşılaşdırılmasına hüquqi dəstək verməkdir. Qurum heç bir ölkənin daxili və xarici siyasətinə qarışmadan təmsilçi ölkələrdə fəaliyyət göstərən iş adamlarının problemlərinin aradan qaldırılmasına yardımçı olmaq niyyətindədir. Düşünürük ki, fəaliyyətimiz irəlilədikcə bu faydalı təşəbbüsün coğrafiyası da genişlənəcək”.  Bu sözləri hüquq elmləri professoru, Qara və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimov qurumun Bakıda keçirilən toplantısında deyib.

Hilton Hotelində keçirilən toplantıya Azərbaycanla bərabər Rusiya, Türkiyə, Bolqarıstan, Serbiya və Belorusun hüquq ictimaiyyətinin tanınmış simaları qatılıb. Bu sırada Qara dəniz və Xəzər dənizi ölkələri Beynəlxalq Fondunun prezidenti, hüquqşünas, yazar Çingiz Abdullayev, professor Rüstəm Məmmədov, Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov, Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva, Bolqarıstan Hüquqşünaslar Birliyinin başqanı Vladislav Slavov, “Slavyane” Fondunun prezidenti Zaxari Zaxariyev, Beynəlxalq Slavyan Elm, Təhsil, Mədəniyyət və İncəsənətlər Akademiyasının və Rusiya Hüquq Universitetləri Assosiasiyasının prezidenti Cergey Baburin, JUSTO-nun kafedra müdiri Yuri Qolik, Kaluqa vilayətinin senatoru, Rusiya Federasiya Şurasının Konstitusiya hüququ, hüquq və məhkəmə məsələləri, vətəndaş cəmiyyətinin inkişafı Komitəsi sədrinin müavini Aleksandr Aleksandrov,  Türkiyə prezidentinin hüquq məsələləri üzrə müşaviri Özləm Zəngin, Avrasiya Təşəbbüsləri və Əməkdaşlıq Assosiasiyasının prezidenti Toğrul Vəli, Türkiyə Hüquqşünaslar Birliyi İdarə Heyətinin sədri Gürşad Karakabey, Belorus Hüquqşünaslar Birliyinin sədri Viktor Komenkov, Serbiya Təsərrüfat Palatası arbitrajının sədri Aleksandr Çiriç də olub.

Assosiasiyanın prezidenti professor Rəhimov bildirib ki, qurumun təşəbbüs toplantısı müəllifi olduğu “Cinayət və cəzanın fəlsəfəsi” əsərinin Bolqarıstanda keçirilən təqdimat mərasimində baş tutub: “Sofiyada təsis toplantısı keçirildi və  Bolqarıstandan olan həmkarlarımız qurumun Nizamnaməsinin və Əsasnaməsinin hazırlanmasını üzərlərinə götürdülər. Sənədlər artıq hazırdır. Ümid edirəm ki, toplantı iştirakçıları əsas prinsipləri dəstəkləyəcək və sənədlərlə bağlı konkret təkliflərlə çıxış edəcəklər”.

Sonra söz Bolqarıstan hüquqşünaslarına verilib. Bolqarıstan Hüquqşünaslar Birliyinin başqanı Vladislav Slavov və “Slavyane” Fondunun prezidenti Zaxari Zaxariyev yığıncaq iştirakçılarına qurumun qeydiyyatı və təsis sənədləri ilə bağlı geniş bilgi verib, səslənən təklifləri qəbul ediblər. Düzəlişlərdən sonra sənədlər qəbul edilib. Qərar gəlinib ki, təsis toplantısı Sofiyada keçirildiyi üçün qurum Bolqarıstanda qeydiyyata alınsın, üzv ölkələrdə isə nümayəndəliklər yaradılsın. 

Toplantıya sədrlik edən İlham Rəhimov onu da bildirib ki, hüquq ictimaiyyətinin elmi yaradıcılığının dərc edilməsi məqsədilə Assosiasiyanın saytı və dərgisi yaradılacaq. Bundan başqa, professor yaxın günlərdə Bakının mərkəzində hüquq ədəbiyyatı üzrə ixtisaslaşan kitab mağazasının açılacağını da anons edib. Onun sözlərinə görə, bu, Azərbaycanda bir ilkdir və həm hüquq ictimaiyyəti, həm də tələbələr mərkəzdən dünyanın ən müxtəlif ölkələrində çap edilən hüquq ədəbiyyatının əldə edə biləcəklər.

Beynəlxalq Slavyan Elm, Təhsil, Mədəniyyət və İncəsənətlər Akademiyasının və Rusiya Hüquq Universitetləri Assosiasiyasının prezidenti Cergey Baburin quruma yeni üzvlər qəbul edilməsi, İdarə Heyətinin və komissiyaların formalaşdırılması və Assosiasiyanın beynəlxalq qurumlarla əməkdaşlığı üzrə konkret təkliflərlə çıxış edib. 

Azərbaycan təmsilçiləri qurum üzvlərini Xəzərin bölünməsi məsələsini də gündəmə gətirməyə çağırıb. Bakı Dövlət Universitetinin professoru Firudin Səməndərov bildirib ki, uzun illərdir Xəzərin bölünməsi üzrə hökumətlərarası danışıqlar davam edir, ancaq nəticə əldə edilmir. Bu hüquqi qeyri-müəyyənlik isə zaman-zaman hövzə ölkələri üçün problemlər yaradır.

AMEA İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva  qurum üzvlərini tibbi hüququn yaradılması işinə dəstək verməyə çağırıb: “Bir sıra ölkələrin, o sıradan Azərbaycanın qanunvericiliyində bu sahədə boşluqlar var. Düşünürəm ki, Assosiasiyada təmsil olunan hüquqşünaslar uğurlu beynəlxalq təcrübənin milli qanunvericiliklərdə də əks olunması üçün konkret təşəbbüslərlə çıxış edəcək və hökumətlərlə işbirliyi quracaq”.

Serbiya Təsərrüfat Palatası arbitrajının sədri Aleksandr Çiriç bildirib ki, dünyada ticarətdən üstün diplomatiya yoxdur: “Bu gün azad ticarət zonalarının, əlverişli investisiya mühitinin yaradılması, ticarətin liberallaşdırılması inkişaf etmiş ölkələr üçün prioritetdir. Çünki bunlar ölkələrarası münasibətlərin möhkəmlənməsi, yeni iş yerlərinin yaradılması, əhalinin rifahının yüksəldilməsi deməkdir. Düşünürəm ki, Qara dəniz və Xəzər dənizi hövzələri ölkələri də bu siyasəti davam etdirəcəklər”.

Tanınmış vəkil Aslan İsmayılov isə Assosiasiyanın daha çox praktik fəaliyyət göstərən qurum kimi faydalı olacağını düşünür: “Həm Qara dəniz, həm də Xəzər dənizi hövzəsi faktiki konfliktlər zonasıdır. Konfliktləri ya hərb, ya da danışıqlar yolu ilə nizamlana bilər. Hərbi yol seçiləndə dövlətlər hərbi birliklər yaradır, dinc yollara üstünlük veriləndə isə hüququn təkmilləşdirilməsi üzrə qurumlar meydana gəlir. Konfliktlərin olması həm də o anlama gəlir ki, regionda fəaliyyət göstərən iş adamları hüquqi problemlərlə üzləşir. Yeni yaranan Assosiasiya bu problemlərin aradan qaldırılması üçün faydalı ola bilər. İnanıram ki, qurum fəaliyyətini effektiv qura bilsə, hökumətlər onunla əməkdaşlıqda maraqlı olacaq”.

Türkiyə prezidentinin siyasi məsələlər üzrə müşaviri Özləm Zəngin çıxışında diqqəti bəzi beynəlxalq qurumların ədalət  prinsipindən uzaqlaşmasına çəkib: “Bu gün dünya hüquq sisteminin ən böyük problemlərindən biri hüququn aliliyi prinsipindən uzaqlaşaraq güc mərkəzlərinin himayəçisi rolunda çıxış etmələridir. Ümid edirəm ki, yaradılan Assosiasiya bu sistemdə yaradılan boşluğu doldurmaq üçün ciddi işlər görə biləcək. Türkiyə hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq yerli problemlərin həlli üçün çözüm bulunmasına yardımçı olub və biz bundan sonra da bu yöndə bütün təşəbbüsləri dəstəkləyəcəyik. Hesab edirəm ki, Qara və Xəzər dənizi ölkələrinin problemlərinin çözümü üzrə yaradılacaq hüquqi praktika digər ölkələrdə də uğurla tətbiq ediləcək”.

Avrasiya Təşəbbüsləri və Əməkdaşlıq Assosiasiyasının prezidenti Toğrul Vəli Türkiyə nümayəndə heyətinin Nizamnamə və Əsasnamə üzrə hazırladığı təkliflər paketini qurumun İdarə Heyətinə təqdim edib. T. Vəli təkliflər paketi haqqında açıqlamasında bildirib ki, təkliflər əsasən son bir neçə ildə bölgədə ciddi problem halına gələn miqrasiya, qaçqınlar, dənizçiklik fəaliyyəti ilə bağlı məsələlərin çözümü haqqındadır.

Sonda növbəti toplantının 6 ay sonra Moskvada keçirilməsi qərarlaşdırılıb. Assosiasiyanın prezidenti İlham Rəhimov yekun nitqində bildirib ki, qurumun həm Avropa strukturları, həm də Avrasiya İttifaqı ilə sıx işbirliyinin tərəfdarıdır: “Biz regionda çox ciddi bir təşəbbüsün əsasını qoyuruq. Ümid edirəm ki, qurum praktik məsələlərin operativ həllində böyük işlər görə biləcək və beynəlxalq hüququn təkmilləşdirilməsinə böyük töhfə verəcək”.

Aygün Muradxanlı, 
musavat.com 
Fotolar Məhəmməd Türkmənindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR