Problemlərini “Yeni Müsavat”a danışan Mehdiabad sakinlərinə təzyiqlər artır - FOTOLAR
Aprelin 1-də “Yeni Müsavat” qəzetində və musavat.com saytında Abşeron rayonu, Mehdiabad qəsəbəsinin problemlərindən bəhs edən “Mehdiabad sakinlərinin abadlıq həsrəti” adlı reportaj yayımlanandan sonra etirazını bildirən sakinlər rayon rəhbərliyinin və polisin təzyiqi ilə üzləşiblər.
Bir sözlə, rayon rəhbərliyi mətbuata çıxarılan problemləri aradan qaldırmaq əvəzinə sakinləri susdurmaqla, məsələni həll etməyə çalışır.
Bununla bağlı, ötən gün redaksiyamızın elektron ünvanına Mehdiabad sakinlərindən şikayət məktubu daxil olub. Şikayət edənlərin təqib olunduğunu nəzərə alaraq, sakinlərin adını qeyd etmirik.
Məktubda yazılır:
“Salam!
Çox sağ olun ki, bizim problemlərimizi işıqlandırıb, gündəmə gətirmisiniz. Təşəkkür edirik, minnətdarıq. Biz artıq neçə illərdir ki, kanalizasiya yoxluğundan, palçıqdan, kanalizasiya sularının evlərimizə dolmasından, torpaqlarımızın pis vəziyyətə qalıb, yararsız olmasından əziyyət çəkirik.15 il ərzində vedrələrlə su daşıyıb, bəslədiyimiz, 70 yaxın ağacımız kanalizasiya suyunun həddən artıq artması nəticəsində yanıb, məhv olub. Evlərimiz təhlükə altındadır.
Antisanitariya mənbəyi sayılan, heç vaxt qurumayan, hazırda səviyyəsi qalxmaqda olan, ətrafına zibillər atılmış kanalizasiya gölü həyətimizə, evlərimizə qədər gəlib, çatıb. Hələ yayda havadan gələn üfunət iyindən dayanmaq olmur. Dəfələrlə bələdiyyəyə şikayət eləmişik, heç bir nəticəsi yoxdur. Hər il də gəlib, 30-40 manat ev pulu alırlar. Niyə? Nə üçün? Heç bir şəraiti olmayan ev üçün ev pulu verilməlidir? Özü də qeyri-dəqiq miqdarda... Çeklərimizi də saxlamışıq”.
Məktub sahibi qeyd edir ki, problemlər “Yeni Müsavat”da işıqlandırılandan sonra onlara təzyiqlər artıb, qəsəbəarası işləyən marşrut xətti ləğv edilib: “Ancaq bu çəkilişdən sonra daha bir problemimiz yarandı. Saatlarla gözlədiyimiz, gec -gec də olsa, işləyən marşrutlarımız iki gündür ki, işləmir. Niyə? Kim mane oldu, bu marşrutlara..? Hərdən əhalinin işinə yarayırdılar, köməyimizə çatırdılar. Bu gün qızdırmadan yanan, xəstə körpəni yağışlı havada, palçıqda min əziyyətlə qəsəbə mərkəzinə həkimə apardım”.
Bu məktubun ardından Mehdiabad sakinləri ilə yenidən əlaqə saxladıq. Bəziləri danışmaqdan imtina etsələr də, digərləri adlarının çəkilməməsi şərti ilə son olayları danışdılar.
Onların sözlərinə görə, bu reportajdan sonra Mehdiabadda camaata hədə-qorxu gəlirlər, kamera qarşısında danışan şəxslər polis bölməsinə çağırılıb. Polislər qəsəbəarası işləyən marşrut sürücülərinin sürücülük vəsiqələrini əllərindən alıblar. Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinə etirazını bildirənlərə hədə-qorxu gəliblər. Qəsəbəarası işləyən marşrutların fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, sakinlərin polis tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq və o, məsələnin araşdırilacağını bildirdi.
Mövzunu diqqətdə saxlayacağıq.
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.






