İnsanlara hürriyət, millətlərə istiqlal!

"Problem Putində yox, rus xalqının özündədir" - Zaur Bayramlının yazısı

1628 19.03.2022 07:30 Yazarlar A A

ABŞ-da yaşayan soydaşımız Zaur Bayramlı "Rusiya problemi" haqqında bir məqalə yazıb.

Musavat.com həmin məqaləni oxucularına təqdim edir:

***

Bəzi dostlarımız çox vaxt Rusiya problemini Putin səviyyəsinə endirirlər.

Əslində isə problem çox dərində - rus xalqının özündədir.

Bəli, məhz rus xalqının özündə - mən başqaları kimi yumşaqlıq edib də "problem Rusiya dövlətindədir, xalqında yox" deməyəcəm.

Çox uzağa getməyək, elə keçən əsrdə rus xalqının yaratdığı 3 dövlətin şahidi olduq - çarlıq Rusiyası, Sovet Rusiyası və müasir Federativ Rusiya.

Bunların hansı biri başda türksoylu xalqlar olmaqla, qeyri-rus xalqlarının qanını axıtmadı ki?

Müstəqilliyimizə təcavüz etdilər, qanımızı axıtdılar, aydınlarımızı məhv etdilər - hər üçü.

Bunların sözdə demokratlarının da, diktatorlarından elə bir fərqi yoxdur.

İndiyə qədərki rəhbərlərinin içində guya ən demokratı, totalitar Sovet rejiminə qarşı mübarizə aparanı Yeltsin deyildimi? Elə həmin "demokrat" Yeltsin, öz sadiq nökərləri olan ermənilərlə birgə öldürmədimi Xocalıda körpələrimizi, qadınlarımızı,, yaşlılarımızı? Qarabağı Yeltsin işğal edib ermənilərə peşkəş etməmişdimi???

Çeçenistan elə Yeltsinin dönəmində xaraba qoyulmadımı?

Sizi əmin edirəm ki, bu gün demokrat adı qoyub da dəstəklədiyiniz Navalnını həbsxanadan, Boris Nemtsovu qəbirdən çıxart da Putinin yerinə qoy, cüzi kosmetik dəyişikliklərdən başqa Rusiyanın imperiya siyasətində heç bir dəyişiklik olmayacaq.

Çünki rusların əksəriyyəti qansız, ruhsuz şovinistlərdir və bu xalq kiminsə nə vaxtsa uydurduğu guya bunlar başqa xalqlardan üstündürlər yalanına özlərini inandırıblar.

Bayaq bir dostum dedi ki, müstəqil sosioloqların apardıqları araşdırma nəticəsində məlum olub ki, rusların 71 faizi Putinin Ukrayna siyasətini, yəni işğalı dəstəkləyir. Dedim inan ki, o yerdə qalan 29 faizi də azca qurcalasan, ən azından 28 faizinin də fikrinin elə işğalı dəstəkləmək olduğunu görəcəksən.

Hərdən düşünürəm ki, nə yaxşı rusların sayı və iqtisadi qüdrəti Çin qədər deyil. Yoxsa bunlar ucdantutma bütün dünyaya soyqırım edərdilər.

Düzdür, çinlilər də qansızdırlar, bunu ən azından uyğur qardaşlarımıza etdikləri zülmdən görürük, amma onlar ruslar kimi başqa ölkələri işğal edib, qətliam törətmirlər. Ən azından indilik.

Ona görə də problemin həlli Rusiyada iqtidar dəyişikliyi-filan deyil, özümüzü və xalqı aldatmayaq.

Problemin həlli Rəsulzadənin "Rusiya kiçilib öz tarixi torpaqlarına sığmayınca, başqa xalqlara rahatlıq olmayacaq" deyimindədir.

Bu günkü Rusiyanın ərazilərinin çoxusu isə türksoylu xalqların torpaqlarıdır. Başda Tatarıstan və türk olmayan Çeçenistan olmaqla başlayacaq Milli Azadlıq hərəkatları , Rusiyanı Rəsulzadənin dediyi o çərçivəyə sala bilər.

Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının hərbi-siyasi-iqtisadi birlik olaraq gücləndirilməsi, bu yöndə stimulverici faktor ola bilər.

 

c116f139-75a1-44c6-b236-d8c62027f2b3.jpg (91 KB)

Zaur Bayramlı, Vaşinqton

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR