Bu ilin ilk üç ayında ölkədə doğulmuş 18 nəfərə İlham adı verilib, Sərdar adı son beş ilə görə liderdir
Novator.az saytı prezident seçkisində namizəd olan şəxslərin adlarının nə dərəcədə populyar olduğu barədə maraqlı statistik araşdırma aparıb. Ədliyyə Nazirliyinin rəsmi saytından əldə edilən məlumatlarda qeyd edilib ki, bu ilin ilk üç ayında Azərbaycanda doğulmuş 18 nəfərə İlham adı qoyulub. 2014-cü ildən bəri isə 618 nəfər İlham adı alıb.
Zahid adı bu il 11 nəfərə, son beş ildə 285 nəfərə verilib. 2018-ci ildə Araz adı 10 nəfərə, son beş ildə 278 nəfərə qoyulub. Sərdar və Fərəc adlarının hər birini 2018-ci ildə 5 nəfər alıb, amma son beş ilin göstəricisində Sərdar adı (233 nəfər) Fərəc adından (67 nəfər) üstündür. Hafiz adı bu il 4 nəfərə, son beş ildə 120 nəfərə qoyulub. 2018-ci ildə Qüdrət adı 1 nəfərə, 2014-cü ildən bəri 105 nəfərə verilib. Razi adını 2018-ci ildə heç kim almayıb. 2014-cü ildən bəri isə bu ad 19 nəfərə qoyulub.
Prezidentliyə dövlət başçısı İlham Əliyevlə yanaşı siyasətçilər Araz Əlizadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fərəc Quliyev, Hafiz Hacıyev, Sərdar Cəlaloğlu və Razi Nurullayev namizəddirlər.
“Seçki müşahidə missiyasında 80-dən çox beynəlxalq müşahidəçi yer alıb. Hamısı Avropa ölkələrindəndir, qısamüddətli müşahidəçilərdir. Onların hər biri 4 və ya 6 seçki məntəqəsində müşahidə aparacaq”. Bunu isə Bolqarıstanın qeyri-hökumət təşkilatı olan GİSDİ-Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsünün missiya rəhbəri Mihail Mirçev dünən keçirdiyi brifinqdə deyib. O bildirib ki, GİSDİ uzunmüddətli və qısamüddətli müşahidə missiyaları təşkil edir: “Siyasət, media, seçki, hüquq və vətəndaş cəmiyyəti ekspertlərindən ibarət uzunmüddətli müşahidəçilər missiyasının müşahidə və araşdırmaları nəticəsində aralıq hesabat hazırlanıb. Bu hesabatın tam mətni aprelin 2-də təqdim olunacaq və GİSDİ-nin saytında yerləşdiriləcək”.

Mirçevin sözlərinə görə, hesabatda GİSDİ ekspertlərinin makrosiyasi şərait və sistem, Azərbaycanda seçkiqabağı vəziyyət, hüquqi çərçivə və seçki administrasiyası, seçki siyahıları və seçicilərin qeydiyyatı, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki kampaniyası, seçki prosesində KİV-in rolu, şikayət və müraciətlər, seçki günü seçkilərin müşahidəsi və s. istiqamətdə müşahidələri yer alıb.
GİSDİ seçki müşahidəsi sahəsində Bolqarıstanın ən qocaman QHT-sidir. O, 1990-cı ildə təsis edilib. GİSDİ bir sıra beynəlxalq seçki müşahidə missiyalarında iştirak edib. O, 2003-cü ildən bəri Azərbaycanda seçkiləri müşahidə edir.
Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniyanın daha böyük kütlələri əhatə etməsi baxımından ən əsas komponenti İctimai Televiziyada həftədə üç gün (hər dəfə hər namizəd üçün 7, 5 dəqiqə olmaqla) namizədlərin və onların səlahiyyətli nümayəndələrinin çıxışlarıdır. Artıq namizədlər və onların səlahiyyətli nümayəndələri 6 dəfə İTV-də çıxış ediblər. Çıxış edənlərin fikirləri, debatlarda özlərini necə apardıqları seçki prosesi ilə maraqlananlar üçün demək olar ki, aydındır.
Prezidentliyə namizədliyini irəli sürmüş və MSK tərəfindən son anda qeydə alınmayan AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bütün debatları izləyib və kimə səs verməklə bağlı qərara gəlib: “Bəli, artıq təbliğat-təşviqat mərhələsinin əsas hissəsi olan teledebatların yarıdan çoxu geridə qalıb. Demək mümkündür ki, debatları izləyən istənilən vətəndaş üçün artıq bir çox mətləblər və namizədlərin kimlikləri aydınlaşıb. Ancaq AĞ Partiya olaraq bizim üçün yeni və gözlənilməz heç nə olmadı. Çünki biz debatlardan öncə bu namizədlərin siyasi mövqeləri və seçkidə tutacaqları mövqeləri analiz edib özümüz üçün nəticələr çıxarmışdıq. AĞ Partiyanın prezidentliyə namizədi olaraq mənim MSK tərəfindən qeydə alınmamamdan sonra biz durum dəyərləndirməsi etdik. Qərar belə oldu ki, partiya olaraq hər hansı bir namizədi dəstəkləmək barədə bəyanat verilməsin. Bizim öz namizədimiz olmadığı üçün partiya üzvlərinə seçimlərində sərbəstlik verildi. Yəni fərdi şəkildə partiya üzvlərimiz kimə istəsələr səs verə bilərlər. Mənim şəxsimə gəldikdə isə mən öz hüququmdan istifadə edərək Sərdar Cəlaloğluna səs vermək niyyətindəyəm”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






