ATƏT-in Minsk Qrupu həmsədrləri Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır. Bu barədə “Report”a ABŞ-dan olan həmsədr Ceyms Uorlik bildirib.
Xatırladaq ki, az öncə Ermənistan KİV-i diplomatik mənbələrə istinadla vasitəçilərin Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqlarını bildirmişdi. Lakin sonradan məlum oldu ki, sammit çərçivəsində prezidentlərin görüşü nəzərdə tutulmur.
Düzdür, xeyli müddətdir ki, Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirmək həmsədrlərə müyəssər olmur. Bunun əsas səbəbi həmsədrlərin açıq şəkildə işğalçının tərəfini tutmasıdır. Sonuncu belə hadisə AŞ PA-nın qış sessiyasında olmuşdu. Belə ki, Ermənistanın işğalçılığını təsdiqləyən qətnamənin qəbul olunmaması üçün həmsədrlər bütün imkanlarından istifadə edib buna nail oldular. Bundan sonra isə rəsmi Bakı həmsədrlərin qərəzli və ədalətsiz mövqeyinə sərt etiraz bildirərək onlardan izahat tələb etdi. Bu günədək də Bakını qane edəcək izahat verilmədiyi üçün həmsədrlərin təşəbbüslərinə də müsbət reaksiya verilmir və etimad göstərilmir.
Digər tərəfdən, Novruz bayramı günlərində atəşkəs rejiminin qorunması barədə çağırışlara Ermənistan tərəfinin yenə də sayğısız münasibət sərgiləməsi növbəti görüşü mənasız edir. Ötən günlərdə erməni tərəfinin diversiya-təxribat hücumlarını dəf edərkən Azərbaycanın 1 zabiti və 1 əsgəri şəhid oldu. Minsk Qrupu Ermənistanın bu hərəkətinə adekvat münasibət bildirməkdənsə, yenə də mənasız görüşlər seriyasına daha birini əlavə etmək istəyirmiş. Lakin amerikalı həmsədrin də etiraf etdiyi kimi, bu görüş baş tutmayacaq. Bununla belə, bəzi müşahidəçilər sammitin gediişində prezidentləri görüşdürmək üçün hansısa təşəbbüslərin ola biləcəyini də istisna etmir.
Amerikada Əliyev-Sərkisyan görüşünün olacağı ilə bağlı xəbərlərin yayılmasından az sonra cəbhədə gərginliyin artması, şiddətli döyüşlərin getməsi də təsadüfə bənzəmir. Ötən il BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində iki prezidentin görüşünün olacağı ilə bağlı xəbər yayılanda da Ermənistanın təxribat-diversiya əməliyyatları artmışdı. O zaman belə ehtimallar səsləndi ki, işğalçı ölkəni himayə edən qüvvələr, xüsusilə də Rusiya sülh danışıqlarının başqa bir tərəfin əlinə keçməsinə imkan verməmək üçün bu kimi görüşləri əngəlləməyə çalışır. Faktiki olaraq eyni situasiya yaranıb və Vaşinqton görüşü alınmayacaqsa, burada kənar qüvvənin rolunun olması şübhəsizdir.

Politoliq Arzu Nağıyev də baş verənləri təsadüf saymır: “Təbii ki, bu, regiondakı nüfuz davasının məntiqi nəticəsidir. Qərblə Azərbaycanın istənilən yaxınlaşması müəyyən qüvvələri, o cümlədən Ermənistanın havadarlarını qıcıqlandırır. Azərbaycana da ən təsir edə biləcək faktor məhz Dağlıq Qarabağ münaqişəsidir və buna görə də ermənilər vasitəsilə onlar bu təsiri göstərir. Statistika da bunu göstərir ki, atəşkəs ən çox məhz bu vaxtlar baş verir. Qeyd edildiyi kimi, ABŞ administrasiyası öz gedişi ilə bağlı münaqişələrdə müəyyən müsbət addımlar atmağa çalışır, Rusiya isə bunu öz tərəfindən etməyə çalışır və ya görüntü yaradır”.
Qeyd edək ki, iki həftə öncə rəsmi Moskva Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində yaxasını kənara çəkən mövqedən çıxış etmiş, bu məsələni Bakı və İrəvanın həll etməli olduğunu bəyanlamışdı. Ancaq görünür, ABŞ-ın hansısa cəhdlər göstərə biləcəyi Rusiyanı öz fikrindən daşındırıb və hərəkətə keçirib. Üstəlik, belə bir ərəfədə Rusiya xarici işlər naziri S.Lavrovun Bakıya gələcəyi barədə xəbərlər yayılıb. Məlumata görə, rusiyalı nazir bölgəyə səfərində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması təşəbbüsü ilə çıxış edəcək. Bir zəruri qeydimizi də edək ki, ötən il BMT sessiyası çərçivəsində prezidentlərin görüşünün olacağı xəbərləri dövriyyəyə buraxılandan sonra cəbhədə gərginlik yarandı və ardınca Lavrov Bakı və İrəvana səfər etdi. O zaman da “7 rayon müzakirələrinin aparıldığı” barədə şayiələr hər iki ölkədə geniş yayılmışdı. A.Nağıyev də deyir ki, Lavrovun gəlişi ərəfəsində belə şayiələr birinci hal deyil: “Deyilənlərin nə dərəcədə reallığı əks etdirdiyini zaman göstərəcək”.

Politoloq “Yeni Müsavat”a bildirdi ki, Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində Ermənistanın rəhbəri Serj Sərkisyanın iştirakında əsas məqsəd bölgəyə real təhlükə yaradan “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı ola bilər: “Yəqin ki, ABŞ rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevin Serj Sərkisyanla görüşünün baş tutmasında maraqlıdırlar. Bu, həm də regional münaqişələrin həllində ABŞ-ın marağından, regionda planlaşdırılan meqalayihələrin həyata keçirilmıəsində maraqdan və ən başlıcası, nüfuz məsələsindən doğur. Mühüm səbəb isə bu il ABŞ-da prezident seçkiləri keçirilməlidir və Obama administrasiyasının rəhbərlikdə müddətinin başa çatmasıdır. Yəni burada söhbət Obama və onun komandasının özündən sonra gələcək komandaya miras kimi qoyub getdiyi və həllini sona çadıra bilmədiyi münaqişə ocaqlarından -Türkiyə, Suriya, Ukrayna, Gürcüstan və bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımların atılmamasından gedir. Dövlət katibi Kerrinin də Rusiya səfəri məhz bununla bağlı idi. Düşünürəm ki, keçirilməsi nəzərdə tutulan görüşün əsas məqsədi münaqişənin həllində ABŞ-ın öz maraqlarının olmasıdır. Təbii ki, Azərbaycan prezidentinin də tək Sərkisyan deyil, bir sıra aparıcı dövlətlərin başçıları ilə görüşləri ola bilər və bu vacib bir məsələdir. Məlumdur ki, dövlət başçımız da bütün görüşlərdə olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həllini daima ilk plana çəkib”.
***
Məhz belə bir ərəfədə Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün Bakıda keçirilməsi barədə razılaşmanın əldə olunması da Tehran və Moskvanın bölgəyə diqqətindən irəli gəlir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin “Yeni Müsavat”a verdiyi məlumata görə, hazırda diplomatik kanallar vasitəsilə görüşün tarixi müəyyənləşdirilir. Nazirlik sözçüsü bildirib ki, görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək.
XİN rəsmisi Rusiya XİN başçısı S.Lavrovun Azərbaycanda 7 rayonun azad olunması barədə müzakirələr aparacağı barədə məlumatları da şərh etdi. Bildirdi ki, Dağlıq Qarabağın ətrafındakı rayonların azad olunması məsələsi bütün danışıqların müzakirə mövzusudur. H.Hacıyev xatırlatdı ki, mərhələli həll planında ilkin olaraq ətraf rayonların işğalçılardan təmizlənməsi bəndi yer alıb və bu, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların əsas mövzusudur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu üç qonşu dövlətin XİN başçılarının bir araya gəlməsini belə şərh etdi: “Rəsmi Bakı Türkiyə ilə strateji müttəfiqliyi dərinləşdirməsinə rəğmən, İran və Rusiya ilə də münasibətləri inkişaf etdirmək istəyir. Bu normaldır. Çünki Azərbaycana hər iki istiqamətdən təhlükə var. Bu təhlükənin neytrallaşdırılmasının yolu isə Tehran və Moskva ilə harda mümkündürsə, həmin istiqamətlərdə əməkdaşlığın inkişafından keçir. Məsələn, Azərbaycan Rusiya ilə İran arasında tranzit yolların genişləndirilməsinə çalışır. Bu, Tehranla Moskvanın da maraqlarına uyğundur. Və ya rəsmi Bakı İran üzərindən sanksiyaların götürülməsindən sonra cənub qonşumuzla ortaq istisadi və ticarət layihələrinin reallaşdırılmasını aktuallaşdırıb. Bütün bu gəlişmələrin yekunu kimi bölgədə Rusiya-Azərbaycan-İran yeni formatı yaranır. Bu format əsasında 3 dövlətin xarici işlər nazirləri yaxın günlərdə ilk dəfə Bakıda toplaşacaqlar. Bu formatın ərsəyə gəlməsində ilk növbədə rəsmi Bakı maraqlıdır. Elə məhz buna görə də ilk görüş Azərbaycan paytaxtında həyata keçiriləcək. Ancaq bu o demək deyil ki, Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri gələcək görüşdə Dağlıq Qarabağ probleminin həlli yollarını geniş müzakirə edəcəklər. Nə Tehran, nə də Moskva Ermənistanın iştirakı olmadan Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməzlər. Çünki Azərbaycan-Rusiya-İran formatı bir araya gəlsə də, nə Moskva, nə də Tehran hələ ki Azərbaycanın xeyrinə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər”.

E.Şahinoğluna görə, Moskva və Tehran bilirlər ki, Azərbaycan müstəqil siyasət yürüdür və nə Rusiyanın, nə də İranın Qərb və Türkiyə əleyhinə planlarında iştirak etməz: “Ermənistan isə vassaldır və işğal altındakı torpaqları boşaltmamaq üçün Moskvanın əlində alət olmağa hazırdır. Buna baxmayaraq, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin gələcək görüşündə Qarabağ mövzusunun xaricində digər mövzular geniş müzakirə olunacaq. Nazirlər beynəlxalq terrora qarşı birgə mübarizə ilə bağlı bəyanat verə bilərlər. Aydındır ki, Azərbaycan Rusiya və İran kimi Suriyadakı proseslərə qarışmayacaq, ancaq sözdə beynəlxalq terrorizmə qarşı mübarizədə istənilən formatı dəstəkləməyə hazırdır. Nazirlər 3 ölkəni birləşdirəcək nəqliyyat və dəmir yollarının da qısa zaman kəsiyində istifadəyə verilməsi zərurəti ilə bağlı bəyanat verəcəklər”.