İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin tənqidindən sonra “Azəriqaz”ın fəaliyyətində nələr dəyişdi...

1195 14.05.2019 08:20 Ölkə A A

İbrahim Kərbalayev: “Bütün nöqsanlar aradan qaldırılacaq”

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında  “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini tənqid edərkən səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar bu qurumun növbəti fəaliyyət istiqamətini müəyyənləşdirən bir əsas tezislər oldu. Prezident bildirmişdi ki, “Azəriqaz”ın vətəndaşlara yaratdığı problemlərə son qoyulmalıdır: “... Azəriqaz" tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".

“Azəriqaz” İstehsalat Birliyində dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, artıq qeyd olunan  nöqsanların aradan qaldırılması istiqamətində işlərə başlanılıb: “Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirdiyi haqlı iradların aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağlı mayın 3-də ”Azəriqaz" İstehsalat Birliyində (İB) geniş müşavirə keçirildi. Ölkə başçısının tapşırdığı məsələlərlə bağlı hazırda da  “Azəriqaz” İstehsalat Birliyində tədbirlər proqramı işlənib hazırlanıb. Bu proqrama uyğun olaraq bütün nöqsanlar qısa zaman ərzində aradan qaldırılacaq ki, hazırda da buna başlanılıb. Dövlət başçısının qaldırdığı bütün məsələlər qurum tərəfindən təhlil edilir və tədbirlər həyata keçirilir. Hazırda “Azəriqaz” İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaq.

Qeyd olunub ki, bununla əlaqədar qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görəcəklər".

İ.Kərbalayev bildirib ki, abonentlərin və istehlakçıların sayının artması qaz təchizatında təzyiqin aşağı düşməsinə və bəzi hallarda fasilələrin yaranmasına səbəb olur: “Bu kimi halların qarşısının alınması istiqamətində respublika ərazisində ciddi işlərin aparılması planlaşdırılır. Belə ki, ilk öncə istismar müddətini başa vurmuş qaztənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli boruların böyük diametrli müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması, eləcə də yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulmasının ”bir pilləli" tənzimləmə sistemi əsasında aparılmasıdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, istehlakçılara verilən qazın sabit və texnoloji rejimdə saxlanılmasına zəmin yaradacaq. Bu və görülən digər işlər abonentlərlə münasibətləri daha da möhkəmləndirəcək, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradacaq".

Qazın tərkibinin zəhərli olmasına gəlincə, İbrahim Kərbalayev bunu əsassız fikir adlandırdı: “Təbii qazın verilişində zəhərli maddələrin olması ilə bağlı hər hansı hal yaşanmır. Qazın keyfiyyəti ilə bağlı iradlar da aradan qaldırılır”.

“Azəriqaz”dan verilən məlumata görə, ölkə başçısının apardığı uğurlu islahatlar və qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının nəticəsində ötən 10 ildə, yəni 2009-2019-cu illər ərzində 2349 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb. Qazlaşdırma səviyyəsi 95,7 faiz olub. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2 milyon 183 mini keçib. Ötən dövr ərzində ümumilikdə uzunluğu 51 min 915 kilometrdən çox müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib, 9 min 742 kilometrədək boru xətti isə əsaslı təmir olunub.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR