İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin sosial siyasəti və ya ona 94.7 faizlik inamın səbəbləri

2932 18.04.2020 09:15 Gündəm A A

Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib. Media orqanları, o cümlədən Musavat.com saytı Prezidentin həmin iclasdakı çıxışını, habelə hökumətin onun tapşırıqlarını necə icra etməsi, hazırda görülən işlərlə bağlı nazirlərin hesabatlarını geniş şəkildə işıqlandırdılar. Bu yazıda isə cənab Prezidentin açıqlamalarından çıxan nəticələrdən, verdiyi mesajlardan və onların önəmindən, xalqa yönəlik addımların, aparılan sosial siyasətin böyük anlamından, cəmiyyətə təsirlərindən bəhs edəcəyik. 

Bu baxımdan dövlət rəhbərinin çıxışındakı bir neçə məqam diqqəti xüsusi cəlb edir. Birinci mühüm məqam odur ki, bütövlükdə dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı mübarizə aparıldığı vaxtda və bunun nəticəsi olaraq siyasi-ictimai, iqtisadi-sosial, tibbi baxımdan çox sürətli, gözlənilməz, proqnozlaşdırılmayan indiki proseslərin gedişatında hətta xırda detal belə dövlət başçısının nəzərindən qaçmır. Aydın mənzərə var: işlərin çoxluğu, intensivliyinə baxmayaraq, hazırkı həssas dönəmdə bütün məsələləri ən incə detalına qədər Prezident şəxsən izləyir, diqqətdə saxlayır və uyğun tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini anındaca bildirir, nəticələri tələb edir.

Digər mühüm məqam odur ki, hazırda əksər dövlətlər yalnızca pandemiya ilə mübarizə aparmaqda ikən Azərbaycan artıq postpandemiya dövrü üçün də proqramlarını hazırlayır. Bu barədə tapşırıq birbaşa dövlət başçısı tərəfindən verilib və 17 apreldəki onlayn iclasda da prezident bunu xüsusi olaraq vurğuladı. Sitat: “Nəzərə alın ki, karantin rejimi hələ müəyyən qədər davam edəcək... Karantin rejimi çərçivəsində biz hansı əlavə addımları atmalıyıq ki, iqtisadi fəallığı heç olmasa müəyyən dərəcədə qoruyaq və karantin rejimi başa çatandan sonra vaxt itirmədən iqtisadi fəallığı artıraq. Ona görə mən deyəndə ki, biz karantin rejimindən mərhələli yollarla çıxmalıyıq, bu, eyni zamanda, bizim iqtisadi sahəyə də aiddir. Çünki bu sahədə də sizdə artıq prioritetlər olmalıdır. Hətta mən bir daha demək istəyirəm, istisna edilmir ki, aprelin 20-dən sonra uzadılacaq karantin rejimi çərçivəsində belə biz müəyyən sahələri aça bilərik. Çünki biz indi dünya praktikasına da baxırıq, artıq bir neçə ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə belə təşəbbüslər irəli sürülür. Ona görə ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmərik. Ona görə biz addımlarımızı elə atmalıyıq ki, bu müddət ərzində postkarantin rejiminə daha hazırlıqlı olaq”...

Diqqəti cəlb edən daha bir vacib məsələ isə o odur ki, Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı uzun zamandan bəri başlatdığı, ötən ilin sonlarından etibarən daha da gücləndirilən mübarizə, hazırda ən gərgin dövr olsa belə, qətiyyən arxa plana keçmir. Bəlkə də hansısa yarıtmaz, nəfsini boğa bilməyən məmur düşünə bilərdi ki, dövlətin və onun rəhbərliyinin başı koronavirusla bağlı mübarizəyə qarışıb, bu dönəmdə hansısa əliəyriliklər etməsindən dövlət, müvafiq qurumlar xəbər tutmaz. Lakin dövlət başçısı çıxışında bu məsələnin üzərində xüsusi dayandı və açıq mesaj verdi ki, bu istiqamət xüsusi diqqətdədir və kim əliəyrilik etsə, daha sərt cəzalanacaq.

Prezidentdən sitatlar:

1. “Ödənişli ictimai iş yerlərinin açılması ilə bağlı əvvəlki illərin təcrübəsinə əsaslanaraq, biz ilin əvvəlində 37 min iş yerinin açılmasını nəzərdə tuturduq. Onu da bildirməliyəm ki, artıq bu proqram 3-4 ildir həyata keçirilir. Artıq bəzi insanlar, hansılar ki, ilkin mərhələdə bu işlərə cəlb edilmişdilər, sonra daha da yüksək maaş imkanına malik başqa iş yerlərinə keçdilər. Ona görə biz bu proqramı təqribən 30-40 min ətrafında nəzərdə tuturduq. Ancaq pandemiyaya görə və işsizliyin qaçılmaz artımını nəzərə alaraq mən göstəriş vermişdim ki, biz ilkin mərhələdə bu rəqəmi 50 minə çatdıraq. Amma indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır. Bu sahəyə də çox ciddi nəzarət olmalıdır. Bu məsələ ilə bağlı biz sizinlə əvvəllər də danışmışıq. İndi mexanizm daha şəffafdır. Çünki əfsuslar olsun ki, ilkin mərhələdə burada nəzarət sıfır səviyyəsində idi və bir çox hallarda yerli icra orqanları bundan sui-istifadə edərək, aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti də mənimsəyirdilər. Bu, vicdansızlığın zirvəsidir. Məhz buna və digər cinayətlərə görə artıq 3 icra başçısı həbs olunub və onların çirkin əməlləri sənədləşdirilib, ictimaiyyətə təqdim edilib. Onlar özlərini, öz əcdadlarını biabır ediblər, öz yaxınlarına, dövlətə böyük ziyan vurublar. Biz bu vəsaiti ayırırdıq ki, iş tapa bilməyən, yaxud da iş qabiliyyəti yüksək olmayan insanlar heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Nəzərə alsaq ki, biz minimum əməkhaqqını 250 manata qaldırdıq, ancaq onu da mənimsəyib, kartları özündə saxlayıb, kartlardan pul çəkib varlanırdılar. Bu, həm cinayətdir, həm də mənəvi eybəcərlikdir. Buna başqa ad vermək olmaz. Ona görə bütün aidiyyəti orqanlar bundan sonra bu məsələyə çox böyük diqqət verməlidirlər. Mən vətəndaşlardan da xahiş edirəm, kimin ki, adı bəlkə indi də yazdırılır və əməkhaqqı almır, onlar da bu məlumatı bizə versinlər”.

2. “Hesab edirəm ki, bayaq qeyd etdiyim məsələlər öz müsbət həllini taparsa, qeyri-formal məşğulluq karantin rejimindən sonra təbii olaraq düşəcək. Çünki bu müddət ərzində on minlərlə əmək müqaviləsi bağlanmışdır və bu gün qeyri-formal sahədə işləyənlər artıq görəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Əlbəttə, qeyd etdiyim kimi, indiki şərait bundan sonra iqtisadi sahədə qanunları pozmaq istəyənlərin üzərinə çox böyük mənəvi yük qoyacaqdır. Çünki bir daha demək istəyirəm ki, indiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır”...

Və dövlət başçısının geniş çıxışından hasil olan ən mühüm düşüncə: Prezidentin məlum açıqlamaları, bəyənatları və əhalinin sosial rifahı namimə atdığı addımları onun nə qədər saxavətli olduğunu, daim “hər şey insan, vətəndaş üçündür” prinsipi ilə davrandığını aydın şəkildə göstərdi. Sitat: “Azərbaycan xalqı karantinin uzadılmasını düzgün başa düşəcək. Bir daha demək istəyirəm ki, bu, hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik”.

Təsəvvür edin, xeyli sayda ölkə var ki, Azərbaycandan daha çox maddi ehtiyatları, daha böyük büdcəsi var, ancaq o dövlətlərin əksərinin rəhbərləri pandemiya dövründə insanları deyil, daha çox pulları qorumağı prioritet seçdilər. Bir çox ölkələr hətta karantin rejimini ləğv etməyə başlayır, məqsəd sadəcə pulları qorumaqdır, başqa sözlə, xalqa, onun rifahına, sağlamlığına münasibətdə xəsislikdir. Azərbaycan Prezidenti İlham Əliyev isə insanların qorunması üçün dövlətin ayırdığı vəsaitin məbləğini sosial paketlərə əlavələr etməklə aprelin 17-də bircə gündə 2,5 milyard manatdan 3,5 milyard manata çatdırır. Azərbaycan rəhbərinin davranışından gəlinən məntiqi nəticə və məna budur, o anlam daşıyır ki, milyardlar vətəndaşa qurban olsun, yetər ki, insanlarımıza heç nə olmasın, vətəndaşlarımız maksimum qorunsun...

Bu, birmənalı şəkildə Prezidentin “Azərbaycanın ən dəyərli, ali sərvəti insandır” prinsipinin təsbitidir, sosial siyasətin bu yöndə qurulduğunun isbatıdır.

Bu kontekstdə bir mühüm məqam da diqqətdən yayınmadı. Prezident iqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlara dəstək proqramları ilə bağlı məruzəsindən sonra sual etdi: “Sahibkarlarla bu məsələ ilə bağlı müzakirələr aparılıb?”

b549b1bd3782.jpg (67 KB)

Nazir Mikayıl Cabbarovun “Möhtərəm cənab Prezident, Sizin Sərəncamınıza uyğun olaraq yaradılmış işçi qruplarında sahibkarlıq subyektləri, Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası və bütün aidiyyəti dövlət orqanlarının iştirakı ilə müzakirələr aparılıb və sahibkarların rəyi nəzərə alınıb” cavabından sonra dövlət başçısı təkrar soruşdu: “Yəni, sahibkarların bu təkliflər paketinə münasibəti nədən ibarətdir, bu, onları qane edir, yoxsa bundan daha böyük güzəştlər istəyirlər? Bu barədə məlumat verin”.

Təbii, Mikayıl Cabbarov uyğun cavab verdi və mövqeləri, planları çatdırdı. Mənzərəni xoş edən isə Prezidentin məhz sahibkarın, vətəndaşın razı qalması ilə israrla maraqlanmasıdır...

Belə bir məqamda Prezidentin xalq arasındakı nüfuzunu, vətəndaşların ona inamını, etibarını, etimadını əks etdirən statistikanın elan edilməsi də sözsüz ki, yerinə düşdü, uyğunluq yaratdı. Aprelin 17-də Sosial Tədqiqatlar Mərkəzinin mart ayında keçirdiyi sorğunun nəticələri açıqlandı və məlum oldu ki, Azərbaycan vətəndaşlarının 94.7 faizi Prezident İlham Əliyevə etibar edir! Əlbəttə, vətəndaş hər zaman görürdü və mart ayında da gördü ki, Prezident dar gündə xalq üçün hansı səxavəti nümayiş etdirir. Buna görə də əlbəttə ki, 94.7 faizlik inam onun halalıdır. Bütün hallarda, xalqın gözü tərəzidir...

Elşad MƏMMƏDLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR