İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin son müraciətindən çıxan nəticələr - deputatın şərhi

759 03.12.2020 08:20 Gündəm A A

Aydın Mirzəzadə: “10 noyabr sazişi ona görə baş tutdu ki, Azərbaycan buna razılıq verdi; şərtləri biz diktə edirik”

Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabrda Laçın rayonunun azad olunması ilə bağlı xalqa təbrik müraciətində çoxlu sayda maraqlı məqamlar əksini tapdı. Eyni zamanda Prezidentin çıxışında xeyli informasiyalar da var:

Prezident dedi ki, regionda yeni əməkdaşlıq formatı, yeni ittifaq yarana bilər. İlham Əliyev Türkiyə, Rusiya, Azərbaycan, eyni zamanda İranın əməkdaşlıq formatının reallaşa biləcəyinə işarə etdi. Həmçinin, Ermənistanın da özünü normal aparacağı halda orada iştirakının mümkünlüyü barədə danışdı. Prezidentin sözlərindən belə aydın oldu ki, bu cür yeni formatın yaranma ehtimalı Qərbin bəzi dairələrini narahat edib və Azərbaycana hücuma keçməkləri bununla bağlıdır.

Prezident 10 noyabrda qəbul olunmuş bəyanata müdaxilə cəhdlərinin olduğunu söyləyərək bəyan edib ki, belə olarsa, həmin qüvvələr Azərbaycanın sərt mövqeyilə üzləşəcək.

Prezident xalqa məlumat verib ki, danışıqlarda Laçın dəhlizinin eninin əvvəlcə 30 km olması təklifi təkid edilib, lakin o, buna razılaşmayıb, sonra 10 km olmasını istəyiblər, buna da razılaşmayıb, nəticədə 5 kilometr müəyyənləşməsinə razılıq əldə olunub...

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bu məsələləri şərh edərkən bildirdi ki, Azərbaycanın sentyabrın 27-dən sonra başladığı əks-hücum nəticəsində proseslər Cənubi Qafqazda yeni bir reallıq yaradıb: “Ermənistanın işğalına əsasən son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü tanındı və bu gün dünyanın bir hissəsi Azərbaycanın öz suveren hüquqlarını müdafiə etdiyini bəyənir, bir hissəsi qəbul edir. Cənab Prezidentin Vətən müharibəsindən sonrakı proseslər bağlı vaxtaşırı Azərbaycan xalqı ilə fikrini bölüşməsi çox böyük diqqətlə izlənilir. Bunların içərisində yeni əməkdaşlıq formaları ilə bağlı cənab Prezidentin irəli sürdüyü təkliflər xüsusi diqqət kəsb edən məqamlardandır. Azərbaycan-Türkiyə münasibətləri hərtərəflidir, əhatəlidir. Azərbaycan-Rusiya münasibətləri gün-gündən inkişaf edir. İranla Azərbaycanın münasibətləri yaxşıdır və İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi böyük bir rəğbətlə, razılıqla qarşılandı. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsinin yaradılması iqtisadi layihələrin sayını və həcmini artırır. Artıq Türkiyə Naxçıvan vasitəsilə Rusiyaya, digər bölgələrə çıxa biləcək. Burada İranla da iqtisadi əməkdaşlıq böyük rol oynayır. İranla da əməkdaşlığa Azərbaycan böyük diqqət edir. Eyni zamanda cənab Prezident Ermənistanın da istəsə bu layihələrə qoşula biləcəyini dedi. Ermənistanla Azərbaycanın sərhədlərinin bağlanması, bütün əlaqələrin sıfır vəziyyətdə olması ancaq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı olub. Dəfələrlə bildirilirdi ki, Ermənistan Azərbaycanın ərazisindən qoşunlarını çıxararsa və Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, hərtərəfli əməkdaşlıq mümkündür. Ermənistan artıq çox şeydə itirib. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Qars dəmir yolu xətti Ermənistandan keçə bilərdi. Amma Ermənistan bu şansı əldən verdi. Bunun nəticəsində Ermənistan büdcəsi hər il yüz milyonlarla dollar gəlirdən məhrum oldu. Amma bununla belə, hələ hər şey itirilməyib”.

Şəkil:Aydın Mirzəzadə 2014.jpg — Vikipediya

Deputat qeyd etdi ki, bu gün dünyanın bir çox ölkələri Azərbaycanla iqtisadi əlaqələrə xüsusi önəm verirlər, Azərbaycan onunla müttəfiq olan ölkələrə aşağı faizlə kreditlər ayırır: “Azərbaycan təşəbbüskar olduğu layihələrdə nəinki qonşu, hətta bizdən xeyli uzaqda yerləşən ölkələr də iqtisadiyyatına mənfəət əldə edir. Ermənistan ərazi bütövlüyümüzü tanıyarsa, Azərbaycana qarşı ərazi iddiasından əl çəkərsə onlarla da müəyyən iqtisadi əlaqələr mümkündür. Bu, artıq onun seçimindən asılıdır. Amma Ermənistan bilməlidir ki, Ermənistansız da Azərbaycanın təşəbbüskarı olduğu layihələr, əməkdaşlıq formatları uğurla həyata keçirilir və uğurla həyata keçiriləcək. İtirən Ermənistandır, düşünülməmiş siyasəti, şovinistliyi, qonşularla, ilk növbədə Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq siyasətindən imtina etməsi Ermənistana hərtərəfli ziyan vurur. Azərbaycan öz mövqeyini bildirdi. Bu mövqe regionun, dünyanın marağındadır. Bu mövqe bu layihədə iştirak eləyən ölkələrin milli maraqlarına tam cavab verir. Azərbaycanın qonşu dövlətlərlə sərfəli əlaqələr təklif edən ölkə olduğunu dünya cənab Prezidentin 1 dekabrda çıxışından bir daha gördü”.

A.Mirzəzadə qeyd etdi ki, 10 noyabr bəyannaməsinə müdaxilə cəhdlərinin olduğu barədə Prezidentin dedikləri də ciddi məqamlardan biridir: “Müdaxilə cəhdləri Ermənistandan, Fransadan olur. Ermənistanın özündə 10 noyabr razılaşmasından imtina etmək, onu yenidən yazmaq təşəbbüsləri olur. Onlar düşünmürlər ki, bundan imtina ilk növbədə Ermənistanın özünə ziyandır. Əgər 10 noyabr sazişinə imza atmasaydılar, Ermənistan bundan da ağır vəziyyətə düşəcəkdi. Razılaşmanı dəyişmək kimi təklifləri edənlər hələ də 1990-cı illərin müvəqqəti uğurundan eyforiya yaşayan dairələrdir. Azərbaycan 10 noyabr sazişinə sadiqdir və Ermənistanın da sadiq qalacağını gözləyir. Ermənistan bunu etməyəcəksə Azərbaycandan cavabını alacaq. Cavabın necə olacağı barədə isə Ermənistan artıq özü üçün nəticə çıxarıb. Bu gün Ermənistanda hakimiyyətə müxalif olan qüvvələr belə Azərbaycanın üstünlüyünü etiraf etməlidirlər. Eyni zamanda qəribədir ki, regiondan uzaq olan, məsələyə aidiyyəti olmayan müəyyən dövlətlər bu məsələyə qarışmağa, özlərini tərəf kimi aparmağa çalışırlar. Onların Dağlıq Qarabağ problemi mövcud olduğu 30 ildən artıq müddətdə bu problemin həllinə heç bir dəstəyi olmayıb. Bu gün isə onlar vəziyyətin ağırlaşmasında 27 sentyabra qədər olan qeyri-müəyyənliyin bərpasında maraqlıdırlar. Amma cənab Prezident çıxışında xəbərdarlıq etdi, bildirdi ki, kim 10 noyabrda imzalanan bəyanata müdaxilə etmək istəsə, sərt cavab alacaq. Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır və kiminsə də daxili işlərimizə qarışmasına çox sərt reaksiya verəcək”.

Deputat vurğuladı ki, Laçın dəhlizi ilə bağlı məsələnin müzakirəsinin necə getdiyi barədə İlham Əliyevin açıqlaması Azərbaycanın diktə mövqeyində olduğunu bir daha göstərdi: “Hamı üçün aydın olmalıdır: 10 noyabr sazişi ona görə baş tutdu ki, Azərbaycan buna razılıq verdi. Şərti Azərbaycan diktə edib və edir. Birincisi ona görə ki, söhbət bizim ərazimizdən gedir, bizim suveren hüquqlarımızın bərpasından gedir. İkincisi, biz Vətən müharibəsində qalib tərəfik. Məğlub olan tərəfin, işğalçı ölkənin bizə diktə etməsi heç vaxt mümkün olmayan məsələdir. Ermənistan məğlub və işğalçı olmasına baxmayaraq yenə də özünə sərf edən şərtləri irəli sürməyə çalışdı. Ancaq Azərbaycan Prezidenti əsl vətənpərvər kimi, milli maraqları qoruyan bir lider kimi bunun  qəti əleyhinə çıxdı və bunun nəticəsidir ki, Ermənistanın istədiyi olmadı. Eyni zamanda hamı bilməlidir ki, Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən quru yolunun Ermənistan ərazisindən açılması şərti məhz cənab Prezident İlham Əliyevin təklifi ilə 10 noyabr sazişinə salındı. Bunun özü göstərir ki, Azərbaycan özünün bütün suveren hüququndan irəli gələn məsələləri həmişə önə çəkir və onu qətiyyətlə müdafiə edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR