İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin rəhbərliyi ilə keçirilən 12 aprel müşavirəsinin ilginc məqamları-ekspertlər deyir ki…

2956 13.04.2022 16:35 Gündəm A A

 

“Prezident İlham Əliyev aprelin 12-də nazirlərlə bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə  Azərbaycanın valyuta gəlirlərinin artdığını, qeyri-neft sektorunun inkişafını vurğulamaqla yanaşı Qarabağdakı vəziyyət və Ermənistanla münasibətlərdən də danışdı, mesajlarını verdi”.


 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Siyasi şərhçi dövlət başçısının çıxışındakı mühüm məqamlardan bəhs etdi: “Birincisi, İlham Əliyev ilk dəfə Qarabağda Fərrux kəndinin və Fərrux yüksəkliyinin nəzarətə götürülməsi barədə fikrini bildirdi. Prezident dedi ki, Azərbaycan ordusu Fərrux yüksəkliyini nəzarətə götürməsəydi, oradakı silahlı separatçılar daima azad olunan Ağdam şəhərinə və su anbarlarına təhlükə yaradacaqdı. Buna görə də prezident Fərrux dağının Azərbaycan üçün xüsusi əhəmiyyəti olduğunu vurğuladı.

İkincisi, prezident hərbi məsələlərin həlli üçün vəsaitin artırılacağını bildirdi. İlham Əliyev Ermənistanın silahlanmasına son qoyulmasını belə izah etdi: “Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”. Prezidentin açıqlamasının bu hissəsi Rusiyaya mesajdır. Çünki Ermənistana pulsuz silah verən, silah almaq üçün kredit ayıran yeganə ölkə Rusiyadır. İlham Əliyev Kremli  xəbərdar edir ki, Rusiya Ermənistanı silahlandırmaqda davam etsə, bu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək”. 

E.Şahinoğlu hesab edir ki, bu, Kremli narahat etmir: “İlham Əliyev müharibədən dərhal sonra Rusiyaya bir neçə dəfə belə bir sual ünvanladı: “İsgəndər-M raketlərini Ermənistana niyə verilib?” Rusiyanın heç bir rəsmisi və yüksək rütbəli hərbçisi bu məsələyə aydınlıq gətirmədi. “İsgəndər M” raketləri Ermənistana verilməməliydi. Rusiyanın Ermənistana verdiyi bu raketlərdən Azərbaycan əraziləri vuruldu, mülki insanlar həlak oldu. Rusiya Ermənistanın Azərbaycan qarşısında hərbi nöqteyi-nəzərdən zəif düşməməsi üçün bu ölkəyə hərbi texnika verməkdə davam edəcək. Bunu açıq və gizli yollarla həyata keçirəcək. Azərbaycan hərbi büdcəsini artırır, Ermənistanın Azərbaycanla bu sahədə yarışması mümkün deyil. Buna görə də Ermənistan Rusiyadan yardım istəyəcək. Kreml keçmişdə olduğu kimi Ermənistanı silahlandırmaqda davam edəcək”. 

Politoloq üçüncü mühüm məqama da diqqət çəkdi: “İlham Əliyev müşavirədə Avropa İttifaqının vasitəçiliyini müsbət qiymətləndirdiyini söylədi. Avropa İttifaqının postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini deyən dövlət başçısı buna misal olaraq Brüsseldə qəbul edilən ortaq bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini göstərdi. Bəyanatda “Minsk Qrupunun” xatırlanmaması da xeyrimizədir. Prezidentin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 prinsipi qəbul edib. Bu o deməkdirmi ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü qəbul edir və Azərbaycana qarşı ərazi iddiasından əl çəkir? Bunu gələcək danışıqlar göstərəcək. Çünki Ermənistan rəsmiləri verdikləri açıqlamalarda yenə də Qarabağın “statusunun” müəyyənləşməsi məsələsini də qaldırırlar. Əlbəttə, Ermənistan rəsmiləri bu açıqlamanı daxili auditoriyanı və separatçıları sakitləşdirmək üçün səsləndirirlər. Ancaq Ermənistan rəsmiləri qapalı görüş və müzakirələrdə verdikləri vədi yerinə yetirməyəcəklərsə iki ölkə arasında sülh mümkün olmayacaq”.

E.Şahinoğlu dedi ki, Brüsseldə  həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların yaradılması razılaşdırıldı: “İndi əsas məsələ işçi qrupların fəaliyyətə başlamasını sürətləndirməkdir. Çünki bu prosesə mane olmaq qüvvələrin sayı çoxdur. Bu Ermənistanın “Qarabağ klanının” simasında radikal müxalifət, Qarabağdakı separatçılar, dünyadakı erməni lobbisi və Rusiyadakı mərkəzlərdir. Bunlar birləşərək Azərbaycanla Ermənistan arasında birbaşa dialoqa və müzakirələrə mane olmağa çalışacaqlar”. 

Deputat Arzu Nağıyev bildirdi ki, cənab İlham Əliyevin müşavirədəki çıxışı Azərbaycanın daxili və xarici siyasətinin təhlili idi: “Burada iqtisadiyyat, siyasət, hərbi quruculuq, sosial məsələlər, mədəniyyət, aqrar sahə və təbii ki, postmünaqişə dövründə görülmüş və görüləcək işlərin təhlili öz əksini tapdı. 

Daxili siyasətdə yenə də dövlətimizin müstəqilliyinin qorunması və təhlükəsizliyinə olan təhdidlərin bütün sahələrdə qarşısının alınması ən mühüm məsələlərdən biri kimi səciyyələndirilir. Burada həm ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, eyni zamanda hər bir Azərbaycan vətəndaşının konstitusion maraq və hüquqlarının  qorunması, əsasən, də həssas  təbəqənin sosial müdafiəsi və onlara göstərilən xidmət, şəhid və qazi ailələrinin ehtiyaclarının ödənliməsi davam etdiriləcəkdir. Ordu quruculuğu, yeni modern ordunun formalaşması da ən mühüm istiqamətlərdən biridir”.

A.Nağıyev digər mühüm məsələyə də diqqət çəkdi: “Məlumdur ki, Ermənistanla danışıqlar da ən prioritet istiqamət kimi qarşıda duran mühüm məsələdir. Ermənistan son vaxtlar Azərbaycanla sülh danışıqlarına getməyi daha üstün tutur, baxmayaraq ki, revanşist və cinayətkar ünsürlər özlərini sığortalamağa çalışırlar, lakin artıq öz aralarında da təşviş keçirdikləri məhz bizim siyasətin nəticəsidir. 3+3 əməkdaşlıq formatı artıq reallaşmaqdadır  və konkret nəticələrin əldə edilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Əsas məqamlardan biri də beynəlxalq sərmayənin cəlb edilməsi, böyük layihələrin həyata keçirilməsidir. Bu isə böyük qayıdışın əsas meyarıdır. Minalardan təmizlənmə əməliyyatları davam etdiriləcəkdir. Cənab Prezidentin də qeyd etdiyi kimi qələbədən sonra bizə çox böyük maraq var, bu həm biznes, həm də siyasi maraqlardır. Bunu Ermənistan da dərk etməlidir ki, Azərbaycansız regionda hər hansı bir ciddi layihə həyata keçə bilməz.

Ona görə də təklif edilən 5 maddə, yəni suverenliyin tanınması, ərazi bütövlüyü, bir-birinə ərazi iradları, güc nümayiş etdirməkdən çəkinmə, sərhədlərin delimitasiya və demarkasiyası, diplomatik əlaqələrin yaradılması, nəqliyyat və digər infrastrukturların açılması istiqamətində çox ciddi işlər aparılacaq və bunun üçün Azərbaycan çox işlər görəcəkdir”.

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə Musavat.com-a bildirdi ki, Prezidentin müşavirədə toxunduğu məqamlar indiki dövrdə müstəsna əhəmiyyətə malikdir: “Cənab Prezident 3 ay ərzində ölkədə iqtisadi sahədə əldə edilən uğurları tam dəqiqliyi ilə açıqladı. Eyni zamanda qarşıda görülməli olan işlərlə bağlı da tapşırıqları aydın idi. Nəzərə almaq lazımdır ki, BMT-nin dünyanı gözləyən ərzaq qıtlığı ilə bağlı çağırışları kifayət qədər ciddi siqnal xarakteri daşıyır. Artıq dünya dövlətlərində bununla bağlı qabaqlayıcı tədbirlər həyata keçirilir. Azərbaycanda Nazirlər Kabineti tərəfindən bəzi zəruri qida məhsullarının ixracı ilə bağlı yaxın günlərdə alınan qərarlar var. Eyni zamanda bizim üçün situasiya əslində iki dəfə daha təhlükəlidir. Nəzərə almaq lazımdır ki, Rusiya və Ukrayna Azərbaycanın idxal bazarında mühüm yerləri tutur. Cənab Prezident müşavirədə bu məsələyə də toxundu. Azərbaycanda zəruri qida məhsullarının ehtiyatı ilə bağlı Prezidentin birbaşa tapşırıqları bir daha vurğulandı. Dünyanın hazırda önəm qida qıtlığı proqnozlarına dövlət başçısının diqqəti və tapşırıqları bu sahədə cəmiyyətdə də gələcəklə bağlı pozitiv sakitliyə səbəb olur. Eyni zamanda ölkəmiz dünya üçün örnək bir mənzərə yaradır. Azərbaycanın xarici borcları ilə bağlı situasiya ölkədə həyata keçirilən rasional iqtisadi siyasət kursu nəticəsində yaxşı vəziyyətdədir. Prezident müşavirədə haqlı olaraq bu mənzərənin həqiqətən nəinki region ölkələri üçün, bütün dövlətlər üçün örnək olduğunu vurğuladı. Müşavirədə vurğulandı ki, xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Cənab Prezident müşavirədə xeyli önəmli məqamlara aydınlıq gətirdi”.

Ekspert bildirdi ki, müşavirədə önəmli siyasi mesajlar vardı: “Azərbaycana qarşı ayrı-seçkiliyi bir daha görürük. Bu gün Azərbaycan heç kimdən heç bir borc almadan dağıdılmış Qarabağda yenidənqurma işləri həyata keçirir. Cənab Prezidentin vurğuladığı kimi, bu, bizim ölkəmizin iqtisadi və siyasi gücünü göstərir. Amma eyni zamanda uzun illərdir erməniləri ianələrə “boğan”, erməni lobbisinin feyk “məzlum xalq” obrazına uyan fondlar və qlobal təşkilatlar böyük pulları Ermənistana axıdır. Azərbaycanın heç kimin yardımına ehtiyacı yoxdur. Amma ədalət naminə bu gün işğaldan azad olmuş ərazilərə də fondlar və təşkilatlar diqqət ayırmalıdır. Cənab Prezidentin bu məsələdə konkret mövqeyi ortadadır. Cənab Prezident rus sülhməramlılarının müvəqqəti olduğu ərazilərin taleyinə də bir daha aydınlıq gətirdi. Xankəndidə Azərbaycanın bayrağının yenidən dalğalanmağı ilə bağlı dövlət başçısının fikirləri hər birimiz üçün ideoloji tezis olmalıdır. Bu gün ölkəmiz bütün haqsızlıqlara, Azərbaycan əleyhinə kampaniyalara baxmayaraq yenə də humanist addım ataraq Xankəndi ermənilərin qaz təchizatında onlara köməklik göstərir. Eyni zamanda Minsk Qrupu ilə bağlı məsələyə də bir daha aydınlıq gətirildi. Ermənistanın Minsk Qrupunu dirçəltməklə bağlı apardığı uzunmüddətli təbliğatlara rəğmən bu qurumun heç nəyə yaramadığı ortadadır. Dövlət başçısının müşavirədə vurğuladığı fikirlərdən bəlli olur ki, Minsk Qrupu vətəndaş cəmiyyətləri və media nümayəndələri kontekstində Azərbaycan və Ermənistan vətəndaşları arasında görüş keçirməyə belə qadir deyil. Vətəndaşlarımız müşavirələrə diqqətlə yanaşır. Dövlət başçısının hər bir fikri ictimaiyyətdə böyük maraq doğurur. Azərbaycan qalib tərəf kimi hazırda dünyada önəmli çəkiyə malikdir. Qalib ölkənin vətəndaşları Ali Baş Komandanın çıxışlarını və açıqlamalarını daim diqqətlə izləyir”.

 

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR