Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdə qeydiyyatdan keçən diplomatik korpusun və bir sıra beynəlxalq media qurumlarının təmsilçiləri ilə birgə bu gün Azərbaycanın "Stalinqradı"na çevrilən Tərtər rayonunda olub. Düşmən müharibə başlayan gündən Tərtər şəhərinə və ətraf yaşayış məntəqələrinə 15 min 900 raket, qrad, top, tank mərmiləri yağdırıb.
Şəhərin elə bir küçəsi, dalanı yoxdur ki, ora raket və mərmi düşməsin.
Ziyarətçilərə rayonun faktiki durumu göstərilib. Düşmənin mülki əhalinin evlərini, uşaq bağçalarını, sosial obyektləri, məktəbləri və digər obyektləri hədəf götürdüyü bildirilib. Hikmət Hacıyev cənab İlham Əliyevin humanitar təşəbbüslə çıxış etdiyini açıqlayıb.
Deyib ki, 30-a yaxın erməni əsgər və zabitlərin meyiti, 2 ahıl Ermənistan vətəndaşının təhvil verilməsi təşəbbüsü irəli sürülüb.
Lakin qarşı tərəf xoş niyyət göstərməyib, meyitləri və ahıl vətəndaşları qəbul etməkdən yayınıb. Hikmət Hacıyev vurğulayıb ki, bu təşəbbüs Azərbaycanın hər zaman olduğu kimi beynəlxalq hüquqa, Cenevrə konvensiyasının tələblərinə sadiqliyinin bir daha təsdiqidir.
Bu xüsusda vasitəçilik etdiyinə, humanitar dəhliz vasitəsi ilə meyitlərin və ahıl qadınların qarşı tərəfə ötürülməsində yardım göstərdiyinə görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən müdafiə naziri Sergey Şoyquya minnətdarlığını çatdırıb.
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfin meyitləri qəbul etməməsi öz xalqlarından itkilərinin gizlədilməsi hesablanan addımdır.
Hikmət Hacıyev qarşı tərəfin əsgər və zabitlərinin çox cüzi bir hissəsinin təhvil verildiyini də vurğulayıb. Deyib ki, qalan meyitlərin də təhvil verilməsi üçün danışıqlar aparılır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, müharibə başlayandan bu günə qədər düşmən raket və mərmilərindən 61 nəfər rayon sakini xəsarət alıb, 17 nəfər həlak olub. Yaralı rayon sakinlərindən 52 nəfər sağalıb. 9 nəfərin müalicəsi davam edir.
Ziyarətçilərə məlumat verilib ki, az əvvəl rayona 2 ədəd qadağan olunmuş kasetli raket, 71 mərmi atılıb. İtki qeydə alınmayıb. Diplomatik korpus nümayəndələrinə məlumat verilib ki, Tərtər şəhərində 70 ünvanda, ümumi ərazisi 44 min kvadrat zirzəmilər əhalinin istifadəsindədir.
Ümumilikdə isə rayon ərazisində 11 min 16 ədəd daldanacaq var.
Ərazidə olmağın xüsusilə təhlükəli olması da ziyarətçilərin diqqətinə çatdırılıb, Ermənistan Silahlı Qüvvələrinin Tərtəri bombalamaqla heç nəyə nail olmayacaqları vurğulanıb.
E.Məmmədəliyev
E.Əkbərov
Musavat.com






