İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin köməkçisi: “Aİ ilə münasibətlər Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir”

717 23.01.2020 08:35 Siyasət A A

“Avropa İttifaqı ilə saziş sənədinin 90 faizi razılaşdırılıb”

Yanvarın 22-də Bakıda Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə dəstək” layihəsi ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan hökuməti və Avropa İttifaqı arasında əməkdaşlıq sazişi üzrə işlər aparılmaqdadır.

O qeyd edib ki, həmin işlərin yaxın zamanda yekunlaşacağına ümid edir: “Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır və daim bu prinsiplərə sadiq qalıb. Ümid edirəm ki, tezliklə bu işlər yekunlaşacaq və saziş imzalanacaq”.

Hökumət rəsmisi həmçinin sözügedən layihənin uğurla icra edildiyini vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bildirib ki, Azərbaycanın gələcəyi, Azərbaycan və Avropa İttifaqı əlaqələri baxımından “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin böyük əhəmiyyəti var. O qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: “Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox investisiya yatıran ölkələrdir. Aİ həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini verir”.

K.Yankauskas deyib ki, hazırda Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə danışıqların yekun mərhələsindədir: “Bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə çıxacaq.

Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişdə razılaşdırılmayan bir sıra məsələlər ticarət və iqtisadiyyata aiddir. Yeni iqtisadiyyat nazirinin təyin edilməsi sazişin imzalanması üçün olduqca vacibdir. Biz yeni nazirlə sazişin imzalanması üçün danışıqları necə aparacağımıza dair müzakirələr aparmışıq. Ötən ilin dekabrında Bakıda Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik üzrə dialoqun növbəti mərhələsi keçirilib. Avropa İttifaqından yüksək vəzifəli şəxslər bu dialoqda iştirak edib və Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirilib. Bu görüşdə Azərbaycan və Aİ arasında danışıqların bundan sonra necə aparılmasına dair müzakirələr keçirilib. Yaxın gələcəkdə Azərbaycan və Avropa İttifaqı arasında sazişə dair məsləhətləşmələrin, yaxud da danışıqların yeni mərhələsi həyata keçiriləcək. Ümid edirik ki, tərəfdaşlıq sazişini imzalayacağıq. Bunun üçün konkret tarix olmasa da, hər iki tərəf danışıqların tezliklə yekunlaşdırılmasına və imzalanmasına səylər göstərir".

“Avropa İttifaqı bu sazişə münasibətdə imtiyazlı mövqe, başqa sözlə desək, təhqiramiz ticarət yanaşması göstərməməlidir”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. O bildirib ki, Azərbaycanla Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

Azərbaycan ticarət baxımından Avropa İttifaqının vacib tərəfdaşıdır. Eyni zamanda Azərbaycanda ən böyük investorlar əsasən Avropa İttifaqına üzv dövlətlərdir: “Avropa İttifaqı və Azərbaycan təhlükəsizlik, nəqliyyat və enerji sahələrində sıx əməkdaşlıq edirlər, xüsusilə enerji sahəsini vurğulamaq istərdim. Enerji sahəsində Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. TANAP və TAP vasitəsilə tədarük olunan Azərbaycan qazı yayın ortalarında Avropa İttifaqının ərazisinə daxil olacaq və biz TAP layihəsinin son hissəsini yekunlaşdıracağıq”.

Hacıyev qeyd edib ki, Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş aparılır: “Müəyyən sahələr var ki, bununla bağlı fərqli görüşlərimiz mövcuddur. Lakin bu boşluqları aradan qaldırmaq üçün hər iki tərəf konstruktiv əməkdaşlıq edir. Saziş mətninin demək olar ki, 90 faiz hissəsi razılaşdırılıb. Ancaq enerji və ticarətlə bağlı məsələlərdə Avropa İttifaqı daha çox səy göstərməlidir. Avropa İttifaqı sazişə münasibətdə imtiyazlı mövqe, başqa sözlə desək, təhqiramiz ticarət yanaşması göstərməməlidir. Bu anlayışa əsaslanaraq biz irəliləyişə nail olacağımıza inanırıq. Bizim həm daxili islahat prosesi, həm iqtisadi prioritetlərimiz, təşəbbüslərimiz var və buna uyğun olaraq, saziş hər iki tərəfin tələblərinə cavab verməlidir. Eyni zamanda qarşılıqlı faydalı yanaşma olmalıdır”.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi imzalaması ilə bağlı danışıqlara 2017-ci ilin fevralında başlanıb. Avropa İttifaqı ilə saziş sənədinin hazırlanmasının yekunlaşmaq üzrə olduğu, məsələnin ötən ilin noyabrında həllini tapacağı həmin ilin yazında rəsmi bəyan edilsə də deyilənlər reallaşmayıb.

Məlumatlara görə, saziş layihəsində yalnız bir-iki bəndlə bağlı razılıq hələ ki əldə olunmayıb. Sazişin imzalanmasını yubadan bu amildir.

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, ötən ilin sonunda hər nə qədər də danışıqların sürəti azalsa da 2019-cu ili ümumilikdə Azərbaycanla Avropa İttifaqı  arasında imzalanması gözlənilən strateji sazişlə bağlı prosesdə dinamik il adlandıra bilərik: “Bakıda bu gün (yanvarın 22-də - red.) keçirilən tədbirdəki çıxışlardan da belə göründü ki, rəsmilər də sazişin dəqiq nə zaman imzalanacağını bilmirlər. Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulan yeni sazişin imzalanması üçün aparılan danışıqlar prosesi haqqında arayış versək, son iki ildə Azərbaycan prezidenti İlham Əliyevin istər Avropa İttifaqının mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlər və imzalanan ikitərəfli yeni sənədlər Azərbaycanın Aİ ilə münasibətlərini daha da möhkəmləndirdi. Məhz keçən il Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı, buna dair baza sənədi paraflandı. İki ildir Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzərində intensiv iş gedir və  strateji tərəfdaşlıq üzrə sazişin bəndlərinin əksəriyyəti razılaşdırılıb.

Bakıda Azərbaycanla Aİ arasında  tərəflərin ikitərəfli və çoxşaxəli təhlükəsizlik məsələlərinin müzakirəsi gedən,  enerji təhlükəsizliyi, miqrasiya, sərhəd, insan alveri, transmilli cinayətkarlıq, narkotrafik və çirkli pulların yuyulması, aviasiya, nəqliyyat - lojistika və əlbəttə, terrorizm və konfliktlərin həlli sahəsində təhlükəsizlik dialoqu baş tutub.

Təhlükəsizlik dialoqu  bir neçə istiqamət-Avropa İttifaqı Azərbaycanla təhlükəsizlik məsələlərini  və Aİ-Azərbaycan-Cənubi Qafqaz kontekstindən müzakirələr və bütün risklərin nəzərə alınması ilə ilkin razılaşmalar əldə olundu. Bu proses hələ də davam edir.

Təhlükəsizlik dialoqunun əsas mövzusu Aİ - Azərbaycan sazişinin nüvəsini təşkil edən danışıqlar ərazi bütövlüyü və beynəlxalq hüquqla tanınmış sərhədlərin toxunulmazlığı, əlaqələrin tərəflərin  suverenliyi və müstəqilliyinin dəstəklənməsinə xidmət edəcək əməkdaşlığın qurulması ətrafındadır.

Prosesin gedişində Azərbaycan və Aİ arasında strateji sazişin bəndləri çərçivəsində, nəqliyyat  sahəsində yeni dialoq başlanmasına ehtiyac yarandı. Hər iki tərəf optimal nəqliyyat tranziti və bu tranzit boyu infrastrukturun bərpası və yenilənməsi şərtləri üzərində işləyir. Ticarət, enerji, bazara giriş, dövlət satınalmaları, yerli məhsulların təşviqi məsələləri üzrə tərəflər arasında razılıq əldə olunmayıb".

Ekspert qeyd etdi ki, Aİ dövlət subsidiyalarının məhdudlaşdırılmasını istəyir: “Maraqlıdır ki, Avropa uzun müddət öz iqtisadi inkişafını və ayrı-ayrı sahələrin rəqabət qabiliyyətliyini təmin etmək üçün məhz subsidiya mexanizmindən istifadə edib. Azərbaycanda fermerlər bütün vergilərdən azaddır. Subsidiyalar paketi özəl sektorun, xüsusilə də artıq formalaşmış sahibkarlar sinfinin daha da güclənməsini təmin edən mühüm alətlərdəndir. Nəzərə alsaq ki, əhalinin təxminən 40%-i məhz kənd təsərrüfatı ilə məşğuldur, vergi güzəştlərinin və subsidiyaların ləğvi iqtisadi çətinliklərə və sosial problemlərə səbəb ola bilər. Bütün bunlar isə ən azı ölkə vətəndaşlarının maraqları, sosial rifahı üçün nəzərə alınmalıdır.

Vətəndaşların maraqlarının əleyhinə səbəb ola biləcək bir məqam isə Avropa İttifaqının Azərbaycandan bir çox sosial-ictimai əhəmiyyət kəsb edən məqamlarda öz maraqlarına uyğun tələblər irəli sürmək məqamıdır. Xüsusilə Azərbaycanın müəyyən ixrac məhsullarının daxili bazara nisbətdə oxşar və bəzilərində isə ümumiyyətlə, eyni standartların tətbiqini irəli sürür. Bu isə haqlı olaraq  Azərbaycan üçün sazişin müzakirəsində qəbuledilməz yanaşma sərgilənməsinə səbəb olur. Buna misal olaraq Aİ-nin Azərbaycandan enerji və neft məhsullarının  ixrac və daxili tələbat qiymətlərində eyni və ya oxşar standartları tətbiq etməsi gözləntisidir ki, bu da Azərbaycandan qəbuledilməz bir məqamdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR