Prezidentin jurnalistlər qarşısında çıxışına iki reaksiya
Azərbaycan lideri İlham Əliyev on illik prezidentliyi dövründə ilk dəfə yerli jurnalistlər qarşısında çıxış edib.
Ölkə başçısının jurnalistlərlə görüşü zamanı onların suallarını cavablandıracağı gözlənilsə də, bu, baş verməyib və görüş Prezident Əliyevin çıxışından ibarət olub.
Azərbaycanda medianın durumunu qiymətləndirən təşkilatlar prezidentlə sual-cavab imkanının olmamasını “prezidentin mediadan yayınması" kimi qiymətləndirib.
Görüş elanı verildiyi andan bəzi baş redaktor və jurnalistlər prezidentə sual verəcəklərini arzulasalar da, bu, reallaşmayıb. Prezidentə "sual vermək" Prezidentin açılış etdiyi tədbirdə ilk dəfə iştirak etdiyini deyən Yeni Musavat qəzetinin redaktoru Nazim Sabiroğlu mərasimdə prezidentə sual vermək üçün “elə bir şərait olmadığını” qeyd edir.
“Qrafik bu cür idi ki, prezidentlə sual-cavab olmadı. Olsaydı yaxşı təcrübə olardı",
Onun sözlərinə görə, buna səbəb "tədbirin aurası" olub. "Prezident mətbuat konfransı keçirmirdi, brifinq də deyildi. O, sadəcə törəndə iştirak edirdi. O təması yaratmaq imkanı olsaydı biz yaranmış vəziyyətdən istifadə edərdik və prezident də suallarımıza cavab verərdi".
Sabiroğlu deyir ki, "ən azı AZTV sual versəydi, biz də onun başına yığısa bilsəydik, əlbəttə ki, bizi maraqlandıran sualları verə bilərdik, amma bu olmadı".
Prezidentə “çoxlu sualları” olduğunu deyən Sabiroğlu cənab Əliyevin jurnalistikanın problemləri, əsasən də Dağlıq Qarabağla bağlı “əsas problemlərə” toxunduğunu deyir.
Redaktor prezidentin jurnalistlərlə bağlı tədbirdə iştirakını "yeni mərhələnin başlanğıcı" adlandırır.
“Prezident bilir ki, mətbuata yaxın olmaq lazımdır, mətbuatdan uzaq olduqca, həm hakimiyyətə problem yaranır, həm də Azərbaycanın özünə problem yaranır”, Sabiroğlu vurğulayıb.
"Hər bir jurnalistin arzusu"
Jurnalistlər üçün tikilmiş binada mənzilə sahib olanlardan digəri - modern.az saytının baş redaktoru Elşad Eyvazlı dövlət başçısından müsahibə götürməyi hər bir jurnalistin “ən böyük arzusu” adlandırır.
Lakin o, açılış tədbirində prezidentə sual verməməyini adamların çoxluğu ilə əlaqələndirir.
“Sual vermək imkanı ola bilərdi, jurnalistlərdən bəziləri prezidentlə danışırdı, iki yüzə yaxın adam var idi, yaxın düşmək asan deyildi”, Eyvazlı BBC Azərbaycancaya deyir.
Baş redaktor həm də əlavə edib ki, o, yaxın düşməyə “cəhd etməyib”.
Görüşdə iştirak edən jurnalistlər prezident İlham Əliyevin bina ilə tanış olduğunu, açılış nitqi söylədiyini və iki il sonra təhvil veriləcəyi gözlənilən digər binanın təməlqoyma mərasimində iştirak etdiyini deyir.
“Mediaforum”un baş redaktoru Azər Qaraçənli bildirir ki, onlara öncədən tədbirin proqramı təqdim edilməyib.
“Jurnalistlərdən bəziləri prezidentə təşəkkür bildirdi və xatirə şəkli çəkdirildi”.






