Qeyd edək ki, təmirə bağlanılan hissə beton yol adı ilə də tanınır. Yoldakı problemlərin nədən ibarət olduğu açıqlanmır, ancaq yoldan istifadə edən sürücülərin bildirdiyinə görə, orada hələ ötən ildən iri çatlar və qabarma-çökmələr yaranmışdı. Birinci dəfə deyil ki, Azərbaycanda, o cümlədən paytaxt Bakıda həyata keçirilən bu cür iri infrastruktur layihələrində çox keçmədən ciddi qüsurlar meydana çıxır, yüz milyonlarla manat xərclənən yollar, körpülər təmirə bağlanır.
Lakin Azadlıq meydanı-Zığ dairəsi-hava limanı yolu Azərbaycanda analoqu olmayan yol kimi təqdim edilirdi. Bildirilirdi ki, o, ən son texnologiyalar əsasında çəkilib.
Xatırladaq ki, Azadlıq meydanı-Zığ dairəsi-hava limanı yolu Nəqliyyat Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına, nazirliyin strukturuna daxil olan “Azəryolservis” ASC-nin sifarişi ilə “Akkord” şirkəti tərəfindən çəkilib. Bu layihə ilə bağlı “Akkord” şirkətinin saytında yer alan təqdimatda deyilir ki, sözügedən yol şirkətin həyata keçirdiyi ən uğurlu layihələrdən biridir. Göstərilir ki, yolun tikintisi 2007-ci ilin noyabrında prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında başlanıb, təntənəli açılışı isə 2008-ci il, mayın 9-da keçirilib.
“Ən son texnologiyaların tətbiqi ilə, Avropa standartlarına uyğun qurulan bu yolun sifarişçisi Nəqliyyat Nazirliyidir. Uzunluğu 17 km olan 6 hərəkət zolaqlı yolun ümumi eni 29,5 m, hərəkət zolaqlarının hər birinin eni isə 3,75 m-dir. Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun çəkilişi ilə eyni vaxtda Azadlıq meydanı-Zığ dairəsi 12 km-lik avtomobil yolunun (Zığ şossesinin) son 3 km hissəsində - Naxçıvanski hərbi liseyindən Zığ dairəsinədək hissəsi də 8 zolaqlı hərəkət üçün beton örtük tikilməklə yenidən qurulub. Qeyd edək ki, yolun çəkilişinə 171 milyon manat vəsait sərf edilib” - deyə təqdimatda bildirilir.
Şirkətin məlumatına görə, yola 500 marka betondan istifadə etməklə 26-30 sm qalınlığında örtük çəkilib. Tikintidə Almaniyadan dəvət olunmuş 100 nəfərlik mütəxəssis qrupu da çalışıb. Belə ki, tikinti Almaniyanın “Günter Papemburq” şirkətinin mütəxəssislərinin nəzarəti altında aparılıb. “Akkord” təqdimatda bildirir: “Bu mütəxəssislər görülən işlərin bütün standartlara cavab verməsini nəzarət altında saxlayıblar. Betonsalma işlərini həyata keçirmək üçün ərazidə 3 stasionar və 1 mobil beton zavodu fəaliyyət göstərib. Tikintidə çalışan əcnəbi mütəxəssislər bildiriblər ki, indiyədək belə sürətli yol çəkilişi ilə qarşılaşmayıblar. Qeyd edək ki, Avropa standartlarına uyğun olan və respublikada analoqu olmayan bu yolun istismar müddəti 30 ildən çoxdur”.
Qeyd olunmalıdır ki, yolun tikintisini dövlət başçısı şəxsən özü nəzarətdə saxlayıb. Beləliklə, Azadlıq meydanı-Zığ dairəsi-hava limanı yolu həm də dövlət başçısının və digər yüksək vəzifəli şəxslərin, habelə paytaxta gələn xarici ölkə başçılarının istifadəsi üçün nəzərdə tutulan protokol yolu sayılır. Dövlət başçısı şəhərətrafı iqamətgahına gedərkən bir çox hallarda bu yoldan istifadə edir. “AzərTAc”ın məlumatında göstərilir ki, İlham Əliyev 2008-ci il, fevralın 8-də bu yolun tikintisi ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov onu yolun göstəriciləri və hansı keyfiyyətdə tikildiyi barədə məlumatlandırıb.
Məlumatda deyilir: “Prezident İlham Əliyev avtomobili özü idarə edərək yolun digər hissəsinə gəldi. Dövlət başçısına yeni yolun salınma texnologiyası nümayiş etdirildi. Burada Azərbaycan inşaatçıları Almaniyanın ”Günter Papemburq" şirkətinin mütəxəssisləri ilə birgə çalışırlar. Bu yolda beş yerdə körpü inşa edilir. Tikinti işlərinə 2800-3000 işçi, 1000-ə qədər texnika cəlb olunmuşdur. Prezident İlham Əliyevə bildirildi ki, belə yollar yalnız dünyanın ən inkişaf etmiş ölkələrində istismardadır və ən son texnologiyaya əsaslanır".
Beləliklə, 30 il istismar üçün hesablanmış, 1 kilometri az qala 15 milyon manata başa gələn yol cəmi iki il davam gətirə bilib və təmir üçün bağlanıb. Bu, doğrudan da dünyada analoqu olmayan göstərici hesab edilə bilər. Bəs görəsən, dövlət başçısının xüsusi önəm verdiyi infrastruktur layihəsinin bu cür keyfiyyətsiz həyata keçirilməsinə görə cəzalanan olacaqmı?






