İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin etimadını doğruldan 5 şəxs – Son 16 ilin SENSASİON detallı SİYAHISI

8291 05.07.2023 16:20 Siyasət A A

Xarici İşlər Nazirliyinin eks-sözçülərinin əksəriyyəti hazırda yüksək postlardadır.

Musavat.com son 16 ildə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü postundan yüksək vəzifələrə təyinat alan Mətbuat Xidməti rəhbərlərinin siyahısını öz oxucularına təqdim edir.

Qeyd edək ki, XİN-in Mətbuat Xidmətinə indiyədək rəhbərlik etmiş şəxslər media ilə yaxşı əlaqə qurmaları ilə seçilib.

xəzər.jpg (26 KB)

Xəzər Zafir oğlu İbrahim Bakı Dövlət Universitetində təhsil alıb. O, həmçinin Vaşinqtonda yerləşən Corctaun Universtitində beynəlxalq münasibətlər və təhlükəsizlik araşdırmaları fakültələrini bitirib.

Xəzər İbrahim 2007-2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi postunda çalışıb. Diplomat 2009-cu ildə Azərbaycanın ABŞ-dəki səfirliyinə müşavir vəzifəsinə göndərilib. 2011-2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsində çalışıb. Xəzər İbrahim 5 oktyabr 2017-ci ildə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gedib, 26 iyul 2021-ci il tarixində geri çağırılıb. Həmin tarixdən etibarən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Elxan Poluxov.jpg (25 KB)

Elxan Polux oğlu Poluxov 2009-cu ildə XİN Mətbuat Xidmətinin rəhbəri postuna gətirilib. O, bu vəzifədə 2 il çalışıb. Poluxov 2011-ci ildə Azərbaycanın Cənubi Afrika Respublikasında səfiri təyin edilib. 2016-cı ilin dekabrında isə Azərbaycanın Braziliyadakı diplomatik missiyasına rəhbər təyin olunub. O, həm də Azərbaycan səfiri kimi Qayana, Surinam, Ekvador və Trinidad və Tobaqoda akkreditə olunub. Elxan Poluxov 2021-ci ildə Azərbaycan Karib Hövzəsi Ölkələri Birliyi (CARİCOM) təşkilatının yanında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyevin 19 avqust 2022-ci il tarixli sərəncamı ilə Elxan Poluxov səfir və səlahiyyətli nümayəndə vəzifələrindən geri çağırılıb. Prezidentin 17 oktyabr 2022-ci il tarixində imzaladığı sərəncamla Elxan Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Elman Abdullayev.jpg (41 KB)

Elman Telman oğlu Abdullayev 2011-ci ildən 2014-cü ilin sentyabrınadək Xarici İşlər Nazirliyinin mətbuat katibi postuna rəhbərlik edib. 18 sentyabr 2014-cü ildə Elman Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

7 may 2015-ci ildə Afrika İttifaqı yanında Daimi nümayəndə kimi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 16 dekabr 2020-ci il tarixli sərəncamı ilə Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Elman Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

E.Abdullayev rus, ərəb, fars, ingilis və fransız dillərini bilir.

Hikmət Hacıyev.jpg (29 KB)

Hikmət Fərhad oğlu Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzinin məzunudur. Belçikanın ULB Universitetindən ikinci magistr dərəcəsini alıb.

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb.

20 sentyabr 2014-cü ildə XİN-in sözçüsü təyin olunub. O, bu postda 2018-ci ilin sentyabrına qədər çalışıb. Hikmət Hacıyev 18 sentyabr 2018-ci ildə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, 26 noyabr 2018-ci ildə şöbənin müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Prezidentinin köməkçisi təyin olunub.

H.Hacıyev rus, türk, ingilis və fransız dillərini bilir.

Leyla Abdullayeva.PNG (465 KB)

Leyla Yaşar qızı Abdullayeva Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 

2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Leyla Abdullayeva 2018-ci ilin oktyabrında XİN-in Mətbuat Xidməti idarəsinin rəisi vəzifəsinə  təyinat alıb. Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycanın Fransada səfiri təyin olunub.

Qeyd edək ki, Leyla Abdullayevanın həyat yoldaşı da diplomatdır. O, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynovdur.

ayxan.jpg (56 KB)

XİN-in Mətbuat Xidmətinin hazırkı rəhbəri Ayxan Elxan oğlu Hacızadə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir. Xarici ölkələrdə bir sıra tədris proqramı və təlimlərdə iştirak edib, Corc Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzində Ali Təhlükəsizlik Proqramının və BMT-nin Tərksilah məsələləri üzrə Təqaüd Proqramının məzunudur.

Ayxan Hacızadə 2007-ci ildən etibarən Nazirlikdə müxtəlif vəzifələr tutub. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyində, ATƏT və BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları yanında daimi nümayəndəliyində üçüncü və ikinci katib, 2017-2022-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb. 2022-ci ilin iyul ayından etibarən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini vəzifəsində işləyib.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR