İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prezidentin bütün vəziyyətə tam nəzarət etdiyi çıxışından bir daha aydın oldu” – hərbi ekspert

1489 26.10.2020 22:15 Gündəm A A

 

Oktyabrın 25-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Ali Baş Komandan İlham Əliyev operativ müşavirədə çıxışında bildirib ki, bir aya yaxındır müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilib. 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir... 

Prezident qeyd edib ki, bu günlər ərzində bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı.

İlham Əliyev beynəlxalq birliyin Ermənistanın hərbi cinayətlərinə göz yumduğunu da bildirib. Həmçinin deyib ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik. Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir...

Ali Baş Komandan Ermənistana bu gün qanunsuz yollarla pulsuz silah göndərildiyini bəyan edib və qeyd edib ki, bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var.

Prezident daha sonra deyib: “Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır...

Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.

Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat YAYDI

Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur.

Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz”.

Prezidentin operativ müşavirədəki dedikləri cəmiyyətdə maraqla qarşılanıb.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər: “TÜRKİYƏSİZ  DANIŞIQLARDAN İMTİNA OLUNMALIDIR” - MÜSAHİBƏ

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, Prezident bu mesajları cəmiyyətə ötürməyi lazım bilməsə, etməzdi: “Bir halda ki, Ali Baş Komandan özü Müdafiə Nazirliyində operativ müşavirədə bir sıra açıq tənqidi fikirlər səsləndirdi, deməli, Prezident xalqa açıq danışır. Eyni zamanda əgər müşavirənin ictimaiyyətə açıq olan hissəsində bu cür fikirlər səsləndirilirsə deməli, müşavirənin qapalı hissəsində daha ciddi məsələlərdən daha detallı söhbət gedib. Ona görə də mən detallara getmək fikrində deyiləm. Amma açıq şəkildə görünən odur ki, hərbi sahədə, xüsusən də müharibə meydanında bəzi işlər dövlət başçısını narahat edib. Problemlər var ki, Prezident o şəkildə danışdı. Prezident özünün də dediyi kimi operativ qaydada yubatmadan çox ciddi tədbirlər görülməsini təmin edəcək. Belə də olmalıdır. Prezident qüsurlar, yubanmalar olduğunu dilə gətirirsə, deməli onun əlində bununla ağlı çox müfəssəl informasiyalar, faktlar var. Diqqət etdinizsə çıxışında konkret bildirdi ki, qüsurlar, yubanmlar aradan qaldırılmalıdır. Bəlkə də prezidentin işarə etdiyi o yubanmalar və qüsurlar olmasaydı hərbi əməliyyatlar fazası bütün ərazilərimizin azad olunması ilə başa çatmışdı”.

S.Əkbər qeyd etdi ki, İlham Əliyev Azərbaycana hərbi əməliyyatların dayandırlıması üçün Minsk Qrupu həmsədrlərindən təzyiqlərin olduğunu da xalqa açıq şəkildə bildirdi: “Ona görə də Azərbaycan xalqı uşaqdan böyüyə, siyasi mövqeyindən asılı olmayaraq hər kəs Ali Baş Komandanın ətrafında birləşib və daha da sıx birləşməlidir və birləşib. Bütün siyasi qüvvələrin də Ali Baş Komandanın ətrafında sıx birləşməsi də həm də xaricdən olan siyasi təzyiqləri dəf etmək üçün Prezidentə daxildən maksimum güc vermək üçündür. Təzyiqlərin qarşısını almaq üçün xalqımız kifayət qədər möhkəm şəkildə Prezidentin ətrafında birləşib. Azərbaycanın müstəqillik tarixində bu səviyyədə birlik mən xatırlamıram. Təzyiq edənlər də bilməlidirlər ki, Azərbaycan xalqının bu birliyi olan yerdə onlar burada hansısa məkrli planlarını keçirə bilməzlər. Rusiya hərbi qüvvəsi Laçın dəhlizinin Gorus tərəfdən yaxınlığında düşərgə qurub. Bununla Azərbaycana təzyiq nümayiş etdirirlər. Amma bilməlidirlər ki, Azəraycan xalqının birliyi, gücü ilə yanaşı Azərbaycanın da siyasi baxımdan ciddi ölkələr tərəfindən dəstəyi var. Azərbaycan Prezidenti İlam Əliyev oktyabrın 26-da xalqa müraciətində Minsk Qrupu həmsədrlərinin təzyiqlərinin olduğunu açıq bəyan elədi və bu təzyiqlərin ədalətsiz olduğunu və bu təzyiqlər qarşısıda geri çəkilməyəcəyini açıq bəyan elədi”.

S.Əkbər dedi ki, Azərbaycanın həm Dövlət Təhlükəsizlik Xidməti, həm Hərbi Əkskəşfiyyat Xidməti, eyni zamanda digər hüquq mühafizə orqanları mövcuddur və onlar bütün məsələləri nəzarətdə saxlayır: “Bütün bu qurumlar kifayət qədər effektiv işləyə bilirlər. Təbii ki, dövlətin birinci şəxsi daha məlumatlıdır, real vəziyyəti bilir. Həm daxildə, həm Azərbaycan ətrafında yaranmış siyasi hərbi vəziyyət barədə kifayət qədər məlumatlıdır. Aydındır ki, xaricdən təzyiqlər var və təzyiq edən tərəflərin daxildə uzantıları var. Həmin uzantıları kəsmək lazımdır. Haqq işimizə mane olan istənilən ünsür sərt şəkildə kəsilib atılmalıdır”.

İstefada olan polkovnik, hərbi ekspert Şair Ramaldanov isə bildirdi ki, Ali Baş Komandanın Müdafiə Nazirliyində operativ müşavirədə çıxışında prinsipial olması, inamlı olması daha çox göründü: “Prezident Azərbaycan xalqına, ordusuna tam şəkildə inanaraq əks-hücum, sülhə məcburetmə əməliyyatını sonadək aparacağını vurğuladı. Azərbaycan Prezidenti sözünü bir daha müşavirədə ordu rəhbərliyinə çatdırdı. Mənim diqqətimi çəkən məhz bu oldu. Yəni əsas odur ki, Azərbaycan ordusu dayanmır, qarşıya qoyulan tapşırığı yerinə yetirir. Ordu bir halda daya bilər. O da Ermənistan tərəfin Azərbaycanın şərtlərini qəbul edərək işğal olunmuş torpaqlardan çəkilməsi halında ola bilər. Cənab Prezident ordu rəhbərliyinə birbaşa həmin müşavirədə bu mövqeyini bəyan elədi.

Ali Baş Komandan müşavirə keçirdi — Fotolar

Cənab Prezident Ali Baş Komandan olaraq humanist adamdır və itkilərimizin mümkün qədər az olmasını istəyir. Ona görə də məsələnin daha tez bitməsini istəyir. İstəyir ki, torpaqlarımız tam olaraq tez bir zamanda azad olunsun. Bu nə qədər tez baş versə, itkilərimiz də bir o qədər az olar. Azərbaycan Prezidenti itkilərimizin olmasını istəmir. Məncə müşavirədəki çıxışında bəzi məqamlar bundan irəli gəlirdi”.

Polkovnik qeyd etdi ki, nəticələr Azərbaycan ordusunun planda nəzərdə tutulmuş şəkildə irəli getdiyini göstərir: “Hərbi mütəxəssis kimi mən deyərdim ki, ordumuz düzgün istiqamətdədir. İlk növbədə İranla sərhədi bərpa eləmişik. Artıq Ermənistanla sərhədə çıxmışıq və onu genişləndiririk. Bu genişləndirmə bizə işğlaçıların əsas şah damarı olan Laçın dəhlizini nəzarətdə saxlamaq imkanı verir ki, bunun da ardınca ərazi tam olaraq azad olunacaq.  

Prezident bəzi istiqamətlərdə düzəlişlər aparılmalı olduğunu da bildirdi ki, ola bilsin hansısa istiqamətlərdə gücləndirici tədbirlər görmək lazımdır və Ali Baş Komandan bunu nəzərdə tutur. O gücləndirici tədbirlərlə əlaqədar yəqin ki, müşavirədəki ordu rəhbərliyi və konkret aidiyyatı şəxslər fikirlərini ortaya qoyublar. Düşünürəm ki, Ali Baş Komandanın özünün ehtiyatları var və düzəlişləri də buna uyğun edəcək və həmin istiqamətlərdə də ciddi nəticələr olacaq. Biz itkilərin sayının az olması taktikasını seçmişik. Hansısa istiqamətlərdə bu taktikanın pozulmaması üçün düzəlişlərdən söhbət gedə bilər. Prezident düzəlişlərlə bağlı dediklərinin nəticəsini görəcəyik. Ali Baş Komandan kimi Prezidentin bütün vəziyyətə tam şəkildə nəzarət elədiyi də müşavirədəki çıxışıdan bir daha aydın oldu”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR