İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin andlı bəyanatının şifrələri - düşmən və havadarları bilsin ki...

1597 29.09.2022 09:00 Gündəm A A

Sülh tərəfdarı olan Ali Baş Komandanın Qarabağdan səsləndirdiyi fikirlər savaşın hələ bitmədiyindən xəbər verir...

Prezident İlham Əliyev 27 sentyabr Anım Günündə, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Qarabağa səfər etdi. Ali Baş Komandan Füzulidə - Vətən müharibəsinin başladığı ilk nöqtələrdən birində şəhidlərimizin xatirəsini yad etdi, mühüm açıqlamalar verdi, ardınca Şuşaya yollandı.

Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoydu, qəhrəmanlarımızı sayğı ilə anaraq bildirdi ki, bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. “Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik” - dövlət başçısı bildirdi. Prezident dedi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir: “Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”. Ölkə başçısı qeyd etdi ki, şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb: “Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdır. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”.

Dövlət başçısının sözlərinə görə, biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb: “Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.

Dövlət başçısı müqəddəs Anım Günündə and kimi bəyanat səsləndirdi. Sitat: “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Bir daha şəhidlərimizə rəhmət diləyərək qeyd etməliyəm, bildirməliyəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dövlət başçısı bununla Azərbaycanın strategiyasını, mövqeyini bir daha diqqətə çatdırıb, həmçinin Ermənistana və onun havadarlarına son xəbərdarlıq hesab oluna bilən, and içilməklə sərt şəkildə mesaj verib. Yəni ermənilər bütün bu baş verənlərdən sonra yenə də təxribatlara əl atarlarsa, revanşizmə meyllənərsə, başlarına bombalar yağacaq! Ancaq Prezident eyni zamanda bəyan edib ki, biz sülh tərəfdarıyıq və bu istiqamətdə çalışırıq. Habelə Azərbaycanın qüdrəti, erməniyə verilən dərs onları yenidən xam xəyallara düşməkdən çəkindirəcək. Çəkinməsələr, and kimi bəyanatdan irəli gələn addımlar əlbəttə ki, heç bir güzəşt olmadan atılacaq. Prezidentin açıqlamasını necə şərh etmək olar? Düşmən dərs çıxarmasa, nələr baş verə bilər?

Hikmət Babaoğlu: “Prezident ciddi mesajlar verdi, ermənilər düzgün dərs  çıxarmalıdırlar”

Deputat: “Qələbəni əldə saxlamaq və onu əbədi etmək həm də gənc nəslin üzərinə düşən milli-tarixi vəzifədir”

Deputat Hikmet Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev 27 sentyabr Anım günündə, Füzulidə - Vətən müharibəsinin başladığı ilk nöqtələrdən birində şəhidlərimizin xatirəsini yad edərək, bir sıra mühüm məsajlar verdi: “Əslində Azərbaycan Prezidenti söylədiyi fikirlərlə milli yaddaşımızın üç dövrünə, keçmişinə, bu gününə və gələcəyinə xitab etdi. Eyni zamanda bu xitab gələcək nəsillərimiz üçün bir çağırış, milli birliyimiz üçün mühüm sosial düstur idi. Doğurdan da Qarabağı azad edən nəsil xoşbəxtdir, Qarabağı işğaldan qurtaran Ali Baş Komandan tarixi şəxsiyyətdir, tarixi qələbəni əldə edən qazilərimizin hər biri bir qəhrəman, bu yolda canından keçən şəhidlərimiz vətən torpağına qarışaraq, vətən olan müqəddəslərimizdir”. H.Babaoğlu xatırlatdı ki, Qarabağ probleminin kökü 1803-cü ildə Qarabağın Çar Rusiyasına birləşdirilməsi üçün imzalanan Kürəkçay müqaviləsi ilə qoyulub: “Ondan sonra ermənilər Qarabağa köçürülmüşdü. 1920-ci ildə də onlara qondarma status verilmişdi. 90-cı illərin əvvəlində isə Birinci Qarabağ müharibəsi alovlandırılmışdı. Ancaq bütün bu dövrlər ərzində yaşayaraq, dünyasını dəyişən nəsillər Qarabağ problemini həll edə bilməmişdi. Yalnız bizim nəsil bu problemi həll edə bildi. Prezidentin fikrinin birinci hissəsindəki milli yaddaşımızın keçmişinə edilən xitab budur”. Deputat qeyd etdi ki, bugünkü nəslə xitab Vətən müharibəsində göstərilən qəhrəmanlıq və şücaətlə, milli birlik və həmrəyliklə, dəmir yumruq ətrafında birləşməyimizin gətirdiyi uğurlarla, xoşbəxtliklə bağlıdır: “Ancaq aydındır ki, Qələbəni əldə saxlamaq və onu əbədi etmək həm də gənc nəslin üzərinə düşən milli-tarixi vəzifədir. Ona görə də əgər əbədiyyətə qədər qalib xalq kimi yaşamaq istəyiriksə, bu gün birlik və bərabərlik, mübarizlik və əzm, həmrəylik və millət olaraq tək vücud olmamız üçün and içməliyik! Bax, Müzəffər Ali Baş Komandanımızın qısa nitqindəki sosial düstur bundan ibarət idi. Hər birimiz bunu dərindən anlamalı və öz fəaliyyətimizi bu amallar üzərində qurmalıyıq”.

Pandemiya sonrasında korrupsioner məmurlara qarşı mübarizənin növbəti  dalğası gözlənilir”-TURAL İSMAYILOV – EtikXəbər

STM əməkdaşı: “Əgər ermənilər şərtləri qəbul etməsələr və cənab Prezidentin qalib lider kimi diqtə etdiyi reallıqlardan boyun qaçırsalar, daha sarsıdıcı reallıqlarla üz-üzə qalacaqlar”

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bildirdi ki, cənab Prezident daim Azərbaycanın sülhsevər mövqeyini ən yüksək siyasi platformalardan səsləndirib: “Qoşulmama Hərəkatının sədri, qalib ölkə kimi Azərbaycan dünyadakı siyasi proseslərə pozitiv yön verir. Eyni zamanda dövlət başçımız tərəfindən torpaqlarımız işğalda olan dövrdə də məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün diplomatik səylərdən istifadə edilib. Təəssüflər olsun ki, bu qədər dürüst mövqeyimizə rəğmən hələ də Ermənistanı qızışdıran, regionun stabilliyini sabotaj edən güclər var. Ermənistan futbol topu kimi gah o tərəf, gah bu tərəfdə istifadə edilir. Hesab edirəm ki, cənab Prezidentin mesajları kifayət qədər aydındır”.

T.İsmayılov qeyd etdi ki, bu qısa mesaj-xəbərdarlıq ciddi məna kəsb edir: “Ermənistan bundan dərs çıxarmağı bacarmalıdır. Ümumiyyətlə, rəsmi İrəvan anlamalıdır ki, onun hər bir təxribatı Ermənistanın darmadağını ilə nəticələnir. Yəni əgər şərtləri qəbul etməsələr və cənab Prezidentin qalib lider kimi diqtə etdiyi reallıqlardan boyun qaçırsalar, daha sarsıdıcı reallıqlarla üz-üzə qalacaqlar. Hər bir təxribat Ermənistanın dövlət olaraq mövcudluğunu sarsıdır. İndiyə kimi həyata keçirilən "Qisas" və digər əməliyyatlar təkrarlana bilər. Ermənistanın istənilən yanlışı Azərbaycanın qətiyyətli cavabları ilə üzləşəcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti Qarabağdan bu xəbərdarlıqları məhz Ermənistanın son revanşist davranışlarının, Ermənistanı himayə edən Fransa kimi dövlətlərin ermənipərəst çağırışlarının ardınca səsləndirdi, bu da təsadüf sayıla bilməz. Dövlət başçısı həm düşmənə, onun himayədarlarına qəti sözünü demiş oldu, həm də xalqımıza savaşın hələ bitmədiyi, daim ayıq-sayıq olmağımızın, birliyimizə xələl gətirməyə çalışanlara sərt mövqe sərgiləməyimizin zəruriliyini çatdırmış oldu.

Son 12-14 sentyabr təxribatı və sonrakı günlərdə yenə mövqelərimizin atəşə tutulması Ermənistanda hələ də revanşist qüvvələrin mövcud olduğundan və ölkənin kənar qüvvələr tərəfindən növbəti təxribatlara, yeni müharibəyə təhrik edildiyindən xəbər verir. Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın yeni təxribata hazırlaşdığı haqda yayılan xəbərlər barədə danışan hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspert ordumuzun növbəti təxribatlara ən sərt şəkildə cavab verəcəyinə əminliyini vurğulayıb: “Ermənistanın yenə sərhəddə genişmiqyaslı təxribata əl atması halında şanlı Azərbaycan Ordusunun düşmənin qarşısını daha sərt və təsirli şəkildə alacağına şübhəmiz yoxdur. Fikrimcə, ordumuz düşmənin təxribat törədən istənilən mövqeyini, postunu havaya sovurmalı, həmin mövqeyə bayrağımızı sancmalıdır”.

Prezident növbəti xəbərdarlığını etdi. “Qisas” əməliyyatından, 13 sentyabr döyüşlərindən əvvəl də xəbərdarlıqlar olmuşdu. Nəticəsi hər kəsə, ermənilərə və onları qızışdıran çevrələrə də bəllidir. “Dəmir Yumruq” istəyirlərsə, bu, meydan...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR