İnsanlara hürriyət, millətlərə istiqlal!

PREZİDENTİN AÇILIŞINI ETDİYİ UŞAQ BAĞÇALARINDA ŞIDIRĞI RÜŞVƏT YIĞILIR

5967 04.03.2012 09:22 Ölkə A A

Əvvəlcə Nizami rayonunda 110 saylı körpələr evi və uşaq bağçasında olduq. Bağçanın ətrafında və girişindəki yol yenidən salınıb. Bəzi hissələri isə yamaqlanıb. Bağçanın arxasındakı həyətin yolları bərbaddır.
“İcra hakimiyyətindən xahiş etsək də yolun bütün hissəsini yamaqlamadılar. Dedilər yalnız prezidentin gəldiyi yol təmir ediləcək” - deyə ətraf binada yaşayan sakinlərdən biri söylədi.
Bağçanın qarşısının zibil olması diqqətimizi cəlb etdi. Sakinlərin sözlərinə görə, prezident bura gəlməzdən bir-iki gün əvvəl küçələr təmizlənsə də indi baxan yoxdur. Daha sonra bağçada yaradılan vəziyyətlə tanış olduq. Xadimələr dedi ki, bağçadakı köhnə əşyalar toplanır: “Buradakı köhnə əşyaların hamısı ayrıca otağa yığılmışdı. İndi yerləşdiririk otaqlara. Bəzilərini isə zibilliyə tullayırıq”.
Bağça işçilərindən biri dedi ki, prezident buranın açılışında iştirak edəndən sonra bağçaya gətirilən bir çox avadanlıqlar aparılıb: “Abutalıbovun göstərişi ilə bura uşaqlar üçün nəzərdə tutulan attraksionlar gətirmişdilər. Bağçanın öz karusellərini saxlayıb digərlərini bir gün sonra apardılar”.
Qeyd edək ki, bağçanın binası 1965-ci ildə tikilib. Son dəfə 1976-cı ildə əsaslı təmir olunub. Müəssisə 12 qrupdan ibarət 220 uşaq üçün nəzərdə tutulub. Hazırda burada 7 qrupdan ibarət 150 uşaq tərbiyə alır. Ancaq bağça müəlliməsi dedi ki, artıq uşaq qəbulu dayandırılıb:

- Bura 220 yox, 150 uşaq üçün nəzərdə tutulub. Boş yerimiz yoxdur.

- Bəs müdirə ilə danışsaq necə?

- Bəlkə də 200-300 manat görüm-baxım etsəniz, mümkün olar. Hər halda özünüz bilin.

- Axı bura dövlət bağçasıdır.

- Pul verməsəniz, mümkünsüzdür.
Müdirə yerində olmadığından onunla görüşə bilmədik. Müəllimə dedi ki, 1-2 həftədən sonra bağça fəaliyyətə başlayacaq. Bağçada yaradılan şəraitə gəlincə, dedi ki, qazanxana yenidən qurulub, yeni istilik sistemi yaradılıb, bağça isti və soyuq su ilə tam təchiz edilib.
Prezidentin açılışını etdiyi Xətai rayonu, 251 saylı körpələr evi və uşaq bağçasında da eyni mənzərə idi. Arxa küçələrin hamısı çala-çuxurdur. Hətta bağçanın yaxınlığındakı binaların birində kanalizasiya xətti partladığından küçə boyu çirkli su axırdı. Eyni şikayətləri buradakı sakinlərin də dilindən eşitdik.
“İki gündür "JEK"-ə müraciət etmişik. Amma şikayətimizə baxılmır. Halbuki prezidentin bura gəldiyini eşidən kimi bütün yollara yamaq vurdular. Prezident burada olduğu zaman bütün blokların qapısına polis qoydular ki, heç kim həyətə çıxmasın" - deyə Səbinə Bayramova adlı sakin bildirdi.
Bağçanın işçisi dedi ki, müəssisədə istilik sistemi yenidən qurulub: “120 yerlik bağçada 6 qrup var. Uşaqlar üçün hər cür şərait yaradılıb”.
Bu bağçada da yerlərin dolduğunu və uşaq qəbulunun dayandırıldığını söylədilər. Uşağının bu bağçada tərbiyə aldığını deyən valideyn hər şeydən razılıq etsə də buranın pullu olduğunu dedi: “6 ay əvvəl uşağım 251 saylı bağçada tərbiyə alırdı. İndi müdirə deyir ki, bağça təmirdən çıxdığı üçün yenidən pul yığılır. Aylıq pul ödəməsək, uşağa baxmırlar”.
Bağçanın 5 qrup otağında isə məcburi köçkünlər məskunlaşıb. Onların binasında kosmetik təmir işləri görülüb. İçəri keçdikdə acınacaqlı mənzərə ilə qarşılaşırsan. Burada məskunlaşan köçkünlər isə belə deyir: “Bağçanın bir hissəsində 6 qaçqın ailəsi məskunlaşıb. İndiyə kimi bizimlə heç kim maraqlanmayıb. Bağça təmir ediləndə isə biz yaşadığımız hissənin ancaq xarici görünüşünü təmir etdilər. Hətta prezident bura gəlməzdən bir neçə gün əvvəl demişdilər ki, çıxın kirayədə qalın, sonra gələrsiniz. Amma getmədik. Ona görə də prezident gələn günü polislər oturdu evimizdə, küçəyə çıxmağa imkan vermədi. Elə bilirdik prezident bizimlə də görüşüb problemlərimizlə maraqlanacaq. Heç pəncərədən baxmağa da qoymadılar”.
BŞİH-dən isə bu bağçalara ayrılan vəsaitlə bağlı mövqe ala bilmədik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR