Prezidentin açılışını etdiyi “Dədə Qorqud” parkından reportaj
Dekabrın 13-də prezident İlham Əliyevin iştirakı ilə Bakının Nərimanov rayonu ərazisində “Kitabı Dədə Qorqud” parkının açılışı olub. Rəsmi məlumatda bildirilir ki, Park 6 hektar ərazidə salınıb. Parkda yaradılan gölün inşasında ən son yeniliklərdən istifadə olunub. Bu göl parkın yarısını əhatə edir. Parkın mərkəzində “Kitabı Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin müəllifi əməkdar rəssam, heykəltəraş Görüş Babayevdir. Xatırladaq ki, hələ 2000-ci ilin aprelində mərhum prezident Heydər Əliyev bu yerdə Dədə Qorqud abidəsi və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında fərman imzalamışdı. Prezident İlham Əliyevin 2007-ci il 2 aprel tarixli sərəncamı ilə Nazirlər Kabinetinə bu fərmanın icrası üçün müvafiq tədbirlər görmək tapşırılmışdı. Açılışdan 1 gün sonra parkla yaxından tanış olmaq üçün ora getdik.
Ora çatanda parkın hələ tam hazır olmadığını gördük. Ətrafda xeyli fəhlə gözə çarpırdı. Prezidentin açılışını etdiyi bu parkda belə halla üzləşməyimiz bizə təəccüblü göründü. Fəhlələr bildirdilər ki, açılışla bağlı bir müddət işlər dayanmışdı: “Bu gün işə çıxmışıq və bundan sonra hələ 1 ay işlərimiz davam edəcək”.
Havanın soyuq olmasına baxmayaraq parkda yetərincə insan vardı. Paytaxt sakinləri parkla tanış olmağa gəlmişdilər. Ərazidə çəkiliş aparan xeyli jurnalist də var idi. İnsanlarla söhbətimizdə onlar parkın salınmasından, gözəlliyindən razı qaldıqlarını bildirdilər.
Telman Məlikov ad-soyadlı Bakı sakini bizə bildirdi ki, insanların istirahəti üçün bu yeni salınan parkda hər cür şərait yaradılıb: “Müasirliyinə və mürəkkəbliyinə görə belə bir park ilk dəfə Azərbaycanda istifadəyə verilir”.
Bundan əlavə, parkın salınması üçün məhv edilən yaşıllıqlara görə parkın yaxınlığında yaşayan bəzi sakinlər öz narazılıqlarını ifadə etdilər. Onlar bu parkın salınmasına görə yaşadıqları binanın uçmaq təhlükəsi ilə üzləşdiyini söylədilər. Onlar bildirdilər ki, bu parkın salınması üçün onların yaşadığı binanın qarşısına qədər bütün ərazi qazılıb.
Vaxtilə 45 il jurnalist işləmiş, indi yazıçılıqla məşğul olan, AYB-nın üzvü Faiq Sultan Zəki ilə (Dadaşov) söhbətimiz daha maraqlı oldu. O, ətrafdakı alman üslubunda tikilmiş binaları göstərərək dedi: “Vaxtilə bu yerdə Böyük Vətən Müharibəsində əsir düşmüş almanlar yaşayırdılar. Onlar burada təbii gözəllik yaratmışdılar. Onların yaratdığı yaşıllıqları məhv edib, yerində yeni bir gözəllik yaratmaq mümkün deyil. Bu parkı salmaq üçün 1000-ə yaxın ağac məhv edilib. Təbii gözəllikləri məhv edib, yerində süni gözəllik yaratmaq insan qəlbində gözəllik kimi qəbul edilməz. Özüm yaxınlıqdakı binada yaşayıram. Parkın ərazisi o qədər böyükdür, binamızın qarşısına qədər qazıntı işləri aparılıb. 2-ci mərtəbədə yaşasam da artıq 3-cü mərtəbə sayılıram. Binanın qarşısı o dərəcədə qazılıb. Bakıda bulvar olduğu halda bu cür süni gölün yaradılması biz sakinlərə lazım deyil. Bütün bunlar kimlərində pul qazanması üçün bir vasitədir. Park tam hazır olduqdan sonra bu gölün ətrafını hasara alıb, bir yerdən girişi yalnız pullu edəcəklər”.
“Bəs park hələ tam hazır olmamış, açılışını tezləşdirməkdə səbəb nə ola bilər” sualımıza Faiq bəy belə cavab verdi: “Bütün bunların hamısı bir siyasətdir. Ukraynada baş verən inqilabın ölkəmizə təsir edə biləcəyini düşünən hakimiyyət, inqilabın yüksəldiyi bir zamanda, belə parklar açmaqla, açılışını tezləşdirməklə xalqın fikrini yayındırır. Özündə “ədalətli hakimiyyət obrazı” yaradır”.
Söhbət etdiyimiz digər paytaxt sakinləri isə yeni salınmış parkdan çox razı qaldıqlarını dedilər. Bu cür parka görə ölkə başçısına minnətdarlığını söyləyənlər də oldu.
Cavanşir ABBASLI






