Binəqədi-Novxanı-Corat avtomobil yolunda hazırda aparılan təmir işləri onu deməyə əsas verir ki, bu il çimərlik mövsümündə sözü gedən yolda ənənəvi tıxaclar olmayacaq.
Çünki, yol genişləndirilir və bundan sonra hər iki hərəkət istiqaməti qoşa zolaqlı olacaq.
Musavat.com-un müxbiri bu gün həmin ərazidə olub və aparılan təmir işlərini işıqlandırıb.
Qeyd edək ki, bu avtomobil yolunun hazırda istifadədə olan hissələri də normal vəziyyətdə deyil. Uzun müddət təmir olunmadığı üçün deformasiyaya məruz qalıb və yolda dağıntılar, çalalar yaranıb.
Hazırda yolda genişləndirmə işləri aparılır və bunun ardınca yolun digər hissələrinin də asfalt örtüyü yenilənəcək.
Bu durum ən çox sürücüləri və həmin ərazidə yaşayan sakinləri sevindirir.
Sürücü Qafar Cabbarov bizə Novxanı yolunun uzun illərdir bərbad vəziyyətdə olmasından danışdı: “Yay aylarında Novxanı yolunda saatlarla tıxac olurdu. Bakı sakinlərinin istirahəti bir yana, biz öz evimizə rahat-gedib gələ bilmirdik. Çox insan yolun çətinliklərini nəzərə alıb buraya gəlməkdən imtina edirdi.
İndi gözlənilir ki, təmirdən sonra hər iki tərəfdə qoşa zolaq olsun.Bu da tıxacın qarşısını alacaq.Səbirsizliklə yolun təmir olunmasını gözləyirik”.
Qeyd edək ki, yol boyunca kilometrlərlə uzanan ərazidə ağır texnikanın və fəhlələrin işlədiyinin şahidi olduq. Fəhlələr yolun yay aylarına kimi tam istifadəyə veriləcəyini bildirdilər.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də musavat.com-a açıqlamasında bildirdi ki, hazırda Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 kilometr, mövcud eni isə 7-9 metr arası dəyişir.
Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 kilometrlik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1,5metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.
Hazırda digər hissələrdə yol boyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, genişləndirilmiş ərazilər də daxil olmaqla karbonat material tökülərək yenidən kipləşdirilir və yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə, yolun 170 min kvadrat metr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək”.
Anar Nəcəfli onu da qeyd etdi ki, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı:
“Layihə çərçivəsində yolun 13-cü kilometrliyində, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunur, həmçinin Novxanı qəsəbəsində yerləşən dəmiryolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 metrdən 12,5 metrə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması nəzərdə tutulub”.
Anar Nəcəflinin sözlərinə görə, bu təmir işləri yekunlaşdıqdan sonra tam şəkildə olmasa da sıxlığın qarşısı müəyyən qədər alınacaq: “Çünki hərəkət istiqamətində 2 zolaq olacaq. Yolun təmir olunması isə hərəkətin intensivliyini artıracaq.Təxmini hesablamalara görə, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq.Təmir işləri yay aylarına qədər yekunlaşacaq”.
Xatırladaq ki, yol prezident İlhamƏliyevin ötən ilin iyul ayında imzaladığı Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamı əsasında təmir olunur.
Sərəncama görə, 72 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 5,9 milyon manat ayrılıb.
Məğrur Mərd
Fotolar müəllifindir






