İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident şəhid ailələrin sevindirdi - 11 min manat ödəniləcək

2886 20.04.2018 10:40 Ölkə A A

Etimad Əsədov: “Bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri  sevinirlər ki, bu problem həll oldu”; Rey Kərimoğlu: “Uzun illərdir ki, qan pulunun verilməsini gözləyirdik”

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda bildirilir ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.

Fərmanda qeyd olunub ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir:

Hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.

Uzun müddət idi ki, şəhidlərin qan pulunun verilmədiyindən narazılığını bildirən qazilər, şəhid ailələri bu fərmanı gözləyirdilər. Nəhayət, prezident gözlənilən fərmanı imzaladı.

Etimad Əsədov ile ilgili görsel sonucu

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bildirib ki, xəbəri eşidib, çox seviniblər:

“Xüsusilə də xalq arasında qan pulu deyilən vəsaitin ödənilməsini çox istəyirdik. Bununla bağlı aidiyyəti qurumlarla görüşlər keçirib, məsələni tez-tez ictimailəşdirirdik. Bildirirdik ki, heç olmasa bizim şəhid ailələrinin qan pulu verilsin, müharibə əlillərinin pulunu sonra versələr də olar. Yaxud da təklif edirdik ki, heç olmasa bu vəsait hissələrə bölünsün, elə verilsin. Biz də bilək ki, proses başlayıb və şəhid ailələri həmin vəsaiti alırlar. Prezident tərəfindən fərmanın  imzalanmasını çox yüksək qiymətləndirirəm. Bu, mənim üçün xoş oldu. Çox sevindik ki, həqiqətən də şəhid ailələrinin qan pulu birdəfəlik olaraq 11 min manat olmaqla, hesablarına köçürüləcək. Düşünürəm ki, bunu bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları çox yüksək qiymətləndirir və sevinirlər ki, bu problem həll oldu. Onların da övladları böyüyüb, xeyir işləri var ki, bu vəsaiti belə işlər üçün sərf edəcəklər. Bu məsələni cənab prezidentə çatdıranlara da təşəkkür edirəm. Düşünürəm ki, bu günlərdə ağır durumda olan müharibə əlilləri ilə bağlı da fərman imzalanar, onların da qan pulu verilər. Fərmanda 1997-ci ilə qədər şəhid olanlar nəzərdə tutulub. Bu ildən sonra şəhid olanlara qan pulu verilib. İndi də verilməyənlərə ödəniləcək. Şəhid ailələri qan pulu ilə bağlı mütəmadi olaraq bizimlə əlaqə saxlayıb, vəsaitin nə zaman köçürüləcəyini soruşurdular. Biz də aidiyyəti qurumlarla, millət vəkilləri ilə görüşüb, məsələni onlara çatdırırdıq. Deyirdilər ki, məsələnin üzərində iş gedir və yaxın gələcəkdə pul köçürüləcək. Şəhid ailələri də sağ olsunlar ki, səbirlə gözlədilər və dövlətimiz də onlara çatacaq vəsaiti ödədi”.

Rey Kərimoğlu ile ilgili görsel sonucu

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a danışaraq fərmanı yüksək qiymətləndirdiyini bildirib:

“Uzun illərdir ki, qan pulunun verilməsini gözləyirdik. Nəhayət ki, prezident fərman imzaladı və bu vəsait köçürüləcək. Sevinirik ki, nəhayət, şəhid ailələrinin bizə ünvanladıqları sualın cavabı var. Şəhid olan döyüş dostlarımızın yaxınları hər zaman soruşurdular ki, bu vəsait nə üçün ödənilmir. Biz həmin sualların qarşısında aciz qalırdıq. Hərbi qulluqçuların şəxsi icbari sığortası ilə bağlı Azərbaycan Respublikasının qanunu var. Orada qeyd olunur ki, hərbi qulluqçu şəhid olarsa 11 min manat, 1-ci, 2-ci, 3-cü qrup əlil olarsa həmin vəsaitin 80, 60, 40 faizi verilməlidir. Yəni 8800, 6600, 4400 manat ödənilməlidir. Hələlik fərmanla şəhid ailələrinin problemləri həll edildi. Yaxın zamanlarda digər vəsaitlərin də ödənilməsi ilə bağlı ümid edirik ki, fərman olacaq. Əsas şəhidlər elə 1997-ci ilə qədər olmuşdu. Bu vaxta qədər təxminin 12-15 min arası şəhid vermişik. Bu da kifayət qədər böyük rəqəmdir ki, uzun illərdir vəsait ödənilmirdi. Deputatlar, media sağ olsun ki, bu işdə bizə kömək oldu. Xüsusilə də ”Yeni Müsavat" qəzeti daim bu problemləri qaldırıb. Bu işdə bizə dəstək olan, problemi prezidentə çatdıran hər kəsə təşəkkürümü bildirirəm".

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR