İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident qızı haqda yeni sənədlər ortaya çıxdı

4475 23.05.2013 09:55 Gündəm A A

Sübutlar göstərir ki, prezidentin qızı şəxsən danışıqların şərtlərini diktə edirmiş. Sənədlərdə onun əli ilə yazılmış qeydlər, narazılıqlar, məsləhətlər var. Məsələn, bir yerdə məsləhət verilir ki, “hələ çox sıxmayın”.
Sənədləri SVT televiziyasının “Uppdrag Granskning” ( “Missiya: Araşdırma”) proqramı əldə edib və bunları AzadlıqRadiosu ilə bölüşüb.
“Missiya: Araşdırma” proqramı "TeliaSonera" haqda bir neçə verilişi artıq yayıb. "TeliaSonera"nın Özbəkistanın telekommunikasiya bazarına çıxmaq üçün Gülnara Kərimovanın köməkçilərinə, yaxınlarına 300 milyon dollar rüşvət verməsi iddiası ilə artıq istintaq gedir.
Gülnara Kərimovanın yaxınları, köməkçiləri olmaqda iddia olunan qrupun üzvləri hazırda həm İsveçrə, həm də İsveç müstəntiqlərinin hədəfindədirlər, onlara qarşı rüşvət və pul yuma ittihamları araşdırılır.
İsveş prokurorları "TeliaSonera"nın bir neçə əməkdaşına qarşı da rüşvət ittihamı ilə cinayət işi açıb.
"TeliaSonera"nın rəhbəri Lars Nyberg bütün bunlardan sonra fevralın 1-də istefa verdi.
Şirkətə təzyiqlər başa düşüləndir. Çünki şirkətin iki ən böyük səhmdarı İsveç və Finlandiya hökumətləridir.
Yeni sənədlərə görə, qalmaqala baxmayaraq "TeliaSonera" 2012-ci ilin yayına kimi Özbəkistanda rüşvət verməkdə davam edirdi.

Yeni sənədlər

Sənədlər rus dilindədir. Bunlar üzərində əllə yazılmış qeydlər var. Güman olunur ki, qeydlər "TeliaSonera"nın Özbəkistandakı işlərindən yaxşı xəbərdar olan Kərimovanın köməkçisinə məxsusdur, qələmlə düzəlişləri isə sonradan Gulnara Kərimovanın özü edib.
Bu orijinal sənədləri zərfin içində “Missiya: araşdırma ” proqramına adı çəkilməyən kuryer gətirib. Kuryer zərfi “Aleksandr” adlı mənbənin adından gətirib.
Aleksandr İsveç jurnalistləri ilə e-maillə kontaktda olub və belə görünür, "TeliaSonera"nın Özbəkistandakı işlərindən yaxşı xəbərdardır.
Sənədlərin həqiqliyini müstəqil araşdırma ilə təsdiqləmək mümkün olmayıb. Ancaq onların məzmununu, o cümlədən burda olan işçi siyahılarını, bank hesablarını araşdıran juranlistlər bunların digər məlumatlarla düz gəldiyini müəyyən ediblər.
AzadlıqRadiosunun Özbək Xidmətinin müraciət etdiyi qrafoloq Gulnara Kərimovanın əllə və rusca yazdığı mətnlər əsasında deyir ki, yeni sənədlərdə olan düzəlişlər 75 faiz ehtimalla prezidentin qızına məxsusdur.

2 milyon abunəçi  5 milyona

Sənədlərin birində qeyd olunur ki, "TeliaSonera" 2 milyon yeni telefon abunəçisi müqabilində 5 milyon dollar verəcəyini təsdiqləyir.
Maraqlıdır ki, az sonra 2012-ci il iyulun 31-də Özbəkistan hökuməti "TeliaSonera"nın rəqibi olan Rusiyanın MTS şirkətinin lisenziyasını ləğv etdi və bu şirkətin Özbəkistandakı 9 milyon abunəçisi telefon xidmətsiz qaldı. Bu hadisə adıçəkilən sənəddə yazılanın faktiki təsdiqidir.
"TeliaSonera" Kərimova ilə hər hansı əlaqəsinin olmasını inkar edir. Kərimovanın da Özbəkistanın telekom sənayesi ilə heç bir rəsmi əlaqəsi yoxdur. Ancaq prezident ailəsinin milyardlarla dollar qiymətləndirilən sərvəti Özbəkistan biznesindən qidalanır.
Bir ABŞ diplomatı Kərimovanı “quldurbaşçısı” kimi səciyyələndirir.
"TeliaSonera" axırıncı Eurovision mahnı müsabiəqsinin də sponsoru idi. Sənədlərə görə, Özbəkistandakı tərəfdaşları "TeliaSonera"dan xahiş edirmişlər ki, bəzi mədəniyyət və incəsənət tədbirlərinə "TeliaSonera" sponsorluq etsin. Şirkətin sponsorluğuna hər hansı bir ulduzun Özbəkistana səyahət və tamaşa xərclərini ödəmək də daxildir.
Sənədlərdə əllə yazılmış qeydlərdə deyilir ki, bu tədbirlərdə FF-in adı hər yerdə çəkilsin. FF - Gulnara Kərimovanın Fond Forumu adlı nəhəng xeyriyyə cəmiyyətidir. Bu xeyriyyə fondu Kərimovaya həm legitimlik verir, həm də gələcək prezidentliyə yol açır.

320 milyon dollar alıb, "TeliaSonera"nı kim gətirib?

Bir çox yeni sənədlər birbaşa Gulnara Kərimovanın köməkçisi Gayane Avakyana aparıb çıxarır. Yaşı 30-dan az olan bu qadın Cəbəllüttariqdə qeydiyatdan keçmiş Takilant şirkətinin başçısıdır və 320 milyon dollar müqabilində "TeliaSonera"nı Özbəkistan bazarına məhz o çıxarıb. Hazırda bu məsələ də istintaqdadır. Takilantın 100 milyonlarla dollarlıq pulları İsveşdə və İsveçrədə dondurulub.
Yeni sənədlərlə bağlı SVT televiziyası Gulnara Kərimovaya dəfələrlə müraciət etsə də cavab gəlməyib.
"TeliaSonera"nın rəhbəri vəzifəsini icra edən Per-Arne Blomquist isə deyir ki, "TeliaSonera" Fond Forumunun təşəbbüslərində iştirak edirdi, ancaq Kərimova ilə heç bir əlaqələri yoxdur. O həmçinin deyir ki, “"TeliaSonera" rüşvət mədəniyyəti ilə bağlı olmayan şirkətdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR